Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı keçiriləcək

Dekabrın 1-də Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016”nın bağlanış mərasimi təşkil olunacaq. İclasın gündəliyinə qurumun ötən il ərzində fəaliyyətinin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər daxil edilib. Bununla yanaşı, türk dünyasının 2017-ci il üçün mədəniyyət paytaxtı olacaq şəhərin seçilməsi də nəzərdə tutulub. Toplantıda yekun bəyannamə imzalanacaq və mətbuat konfransı keçiriləcək.

Həmin gün Şəki Dövlət Dram Teatrında TÜRKSOY rəsm sərgisinin açılışı və “Şəki – Türk Dünyasının mədəniyyət paytaxtı 2016”nın bağlanış mərasimi təşkil ediləcək. Dekabrın 2-də qonaqlar üçün Şəki xanlarının sarayı, Karvansaray və digər görməli yerlər də daxil olmaqla Şəki gəzintisi olacaq. Xatırladaq ki, ötən il Türkmənistanın Mərv şəhərində keçirilmiş TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının 33-cü iclasında Azərbaycanın tarixi və mədəni şəhəri kimi Şəki təşkilatın 2016-cı il üçün mədəniyyət paytaxtı seçilib.

Xudaferin.eu

14:08