Əski Türk tarixinin gil maskalarda əksi

 

TÜRKSOY-un qərargahında “Yenisey qam-şaman maskaları” fotosərgisi
 

Türkiyənin başkəndi Ankarada Uluslararası Türk Kültür Təşkilatı - TÜRKSOY-un baş qərargahında “Yenisey qam-şaman maskaları” fotosərgisinin açılış törəni keçirildi. Törəndə çıxış edən TÜRKSOY baş katibinin müavini Fırat Purtaş sərginin məqsədindən və əhəmiyyətindən danışdı. Layihə koordinatoru Nüket Okutan isə öz düşüncələrini belə izah etdi: “Sərgimizin ev sahibi TÜRKSOY təşkilatına və əməyi keçənlərə təşəkkür edirəm. Sibirin arxeoloji Məkkəsi kimi qəbul edilən Xakasiya torpaqlarına aid olan bu əsərlər bizim eradan əvvəl II əsrdən bizim eranın IV əsrinə qədər dövrü əhatə edir”.

Bildirildi ki, nümayiş etdirilən fotolar bölgədəki Taştık çayı yaxınlığındakı kurqan qazıntılarının aid olduğu Taştık arxeoloji mədəniyyətinin nümunələridir.

Törəndə Sibir üzrə mütəxəssis Timur Devlatov da sərgidə nümayiş etdirilən fotoşəkillər haqqında məlumat verdi. Açılış nitqlərindən sonra sərgi sənətsevərlərin ixtiyarına verildi. Burada fotoqraf Hakan Kılıcın obyektivindən 30-a yaxın əsər yer alır. Gil maskaların üzərindəki motivləri Güney Azərbaycan kökənli sənətçilər Aydın Yusif Nəjmi və Durna Pirşahvirdi çəkiblər. Layihənin gerçəkləşdirilməsi, fotoşəkil çəkilişinin yönləndirilməsi, kostyum və saç dizaynı kimi detallar isə layihə koordinatoru Nükhet Okutan tərəfindən həyata keçirilib.

Arxeoloq və tarixçi Sergey Kiselyovun ifadəsi ilə deyilsə, bu maskalar Minusinsk vadisini bütün keçmişiylə müasir xakas xalqının formalaşması arasında əlaqəni göstərməsi baxımından olduqca güclü bir tarixi əhəmiyyətə malikdir. Yenisey qam-şaman maskaları, günümüzdəki xakas türklərinin və bütün türk dünyasının 2 min öncə ilə birbaşa bağını təmsil etməkdədir. Yenisey sahilindəki məzarlardan çıxarılan maskalarla bağlı daha əvvəl belə bir layihə həyata keçirilməyib. Sərgi həmçinin fotoqrafiya, rəsm və keramika kimi sənət qollarını bir araya gətirməklə yanaşı, əsasən elmi çevrələrə xitab edən bir araşdırma mövzusunun daha geniş tanıdılmasının mümkün olduğunu göstərməkdədir. Bu səbəbdən “Yenisey qam-şaman maskaları” fotosərgisi ziyarətçilər tərəfindən maraqla qarşılandı.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu”

09:19