Siyavuş Novruzov: İrəvanın siyasi sabotaj cəhdi fiaskoya məhkumdur

Azərbaycan postmüharibə mərhələsində strateji fəaliyyətini uğurla davam etdirir. Yeni reallıqlar fonunda sülh gündəliyi qalib və haqlı Azərbaycanın prinsipial mövqeyinə uyğun müəyyənləşdirilib, regionun siyasi gündəliyi rəsmi Bakının geostrateji iradəsi əsasında tənzimlənir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Komitə sədrinin sözlərinə görə, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası kimi məsələlərdə bölgə dövlətləri və aparıcı güc mərkəzləri Azərbaycanın konkret yanaşmasını, faydalı təklif və təşəbbüslərini yüksək dəyərləndirirlər. Lakin regional təcrid vəziyyətində, iqtisadi tənəzzül və siyasi xaos şəraitində olan Ermənistan prosesləri sabotaj etməyə çalışır.
“İrəvan konkret olaraq 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırmaq üçün vaxtaşırı təxribatlar törədir. Martın 26-da qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərməsi də bunun bariz nümunəsidir. Azərbaycan həm təxribatların qarşısını almaqla, həm də qətiyyətli mövqe sərgiləməklə bildirir ki, üçtərəfli Bəyanatın bütün tələbləri zamanında, tam və qeyd-şərtsiz yerinə yetirilməlidir” , - deyə S.Novruzov vurğulayıb.
Komitə sədri qeyd edib ki, Vətən müharibəsində şanlı Qələbə qazanmış Azərbaycanın yeni reallıqlar yaratdığı bir daha sübuta yetirilir. İstər məğlub Ermənistan, istərsə də onun havadarları bu reallıqları dəyişmək iqtidarında deyil. “Dəmir yumruq” öz yerindədir və istənilən təxribat cəhdinin qarşısı alınacaq.
“İstər Ermənistan, istərsə də təxribat cəhdlərinə rəvac və dəstək verən geosiyasi dairələr bilməlidirlər ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək. Ermənistanın isə iki yolu var: ya konstruktiv mövqe tutaraq - təxribatlardan əl çəkərək yeni imkanlardan yararlanacaq, ya da sabotajlarına davam edərək bumeranq effekti ilə üzləşəcək. Seçim İrəvanındır”, - deyə Siyavuş Novruzov bildirib.

Xudaferin.eu

15:47