Siyamək Mirzayinin əsərləri toplusu “Suçlanmış suçsuz” adlı kitabda nəşr olunub

 

İran Mollakratiya rejiminin Tehrandakı Evin zindanının 8-ci korpusunda məhbus həyatı yaşayan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan mühəndis Siyamək Mirzayinin əsərləri toplusu internetdə PDF şəklində nəşr olunub.

“Suçlanmış suçsuz” kitabında mühəndis Siyamək Mirzayiyə aid məqalə, şeir, müsahibə, çıxış, həbsxanadan yazılan məktublar, məhkəmələrdə özünümüdafiə mətnləri və s. kimi əsərlər öz əksini tapıb. Kitab siyasi məhbusun yaxınları və azərbaycanlı fəallar tərəfindən hazırlanıb.

Siyamək Mirzayi öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonradan apellyasiya məhkəməsi milli fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.
36 yaşlı Siyamək Mirzayi 2016-cı il, iyulun 14-ü axşam saatlarında Güney Azərbaycanın Ərdəbil şəhərinin yaxınlığında yerləşən Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə, sonradan isə Tehranın Evin zindanına intiqal edilib.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

10:33