SİQNAL VERİLDİ: Dərmanların qiyməti də “üzəcək”

 

Sərdar Cəlaloğlu: “Bazar monopolistlərin nəzarəti altındadır. Onlar istədikləri vaxt qiyməti artırırlar”

Dərmanların qiyməti məzənnəyə uyğun dəyişiləcək.“Dərman vasitələri üzrə son qiymət tənzimlənməsi 2016-cı il noyabrın 28-də həyata keçirilib və dərman vasitələrinin qiymətləri manatın o vaxtkı məzənnəsinə uyğunlaşdırılıb. O zaman manatın dollara nisbətdə məzənnəsi 1,7196 olub”. Bunu Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinə dair mətbuat konfransında deyib.

İlqar Məcidov qeyd edib ki, bugünkü məzənnə 1,7196-dan bir qədər yuxarıdır: “28 noyabrdan sonra məzənnənin bundan aşağı həddi görülməyib. Qanunvericiliyə görə, məzənnə bundan aşağı düşdüyü zaman dərmanların qiymətləri aşağı salınacaq, məzənnə yuxarı qalxdığı zamanı isə qiymətlər yuxarı qaldırılacaq”. Qeyd edək ki, Azərbaycan prezidenti 2015-ci il martın 18-də imzaladığı fərmanla Nazirlər Kabinetinə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydasının, Tarif (qiymət) Şurasına isə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsinin təmin edilməsini tapşırmışdı. Fərmanın icrasını təmin etmək məqsədilə Nazirlər Kabineti “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası” təsdiq etmişdi. Bu gün dərman bazarında olan durum, onların idxalı, qiymətlərinin tənzimlənməsi və keyfiyyəti əhali arasında çox aktualdır. Məlumdur ki, Azərbaycana dərman vasitələri xaricdən dollarla idxal olunur. Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əczaçılıq bazarında sui-istifadə hallarına yəni, süni qiymət artımından tutmuş süni qıtlığa qədər nəyə desək, yol verilir. Dolların məzənnəsi azalan kimi idxalçı şirkətlər dərman satışına qısqanclıqla yanaşır. Kimlərsə ölkədə süni şəkildə dərman qıtlığı yaradır, təəssüf ki, nə hüquq-mühafizə orqanları, nə də Səhiyyə Nazirliyi buna kəskin müdaxilə etmir. Danılmaz faktdır ki, əgər dərman problemi inhisarçılıqdan qurtarmasa, ölkə ciddi problemlə üz-üzə qalacaq. Dərmanların qiymətinin məzənnəyə uyğun dəyişidirilməsi məsələsi isə son günlər yaranmış dərman qıtlığının səbəbini məlum edir. Azərbaycanın dərman bazarında inhisarçı mövqeyə sahib olan firmalar dolların məzənnəsinin kəskin dəyişməsi ilə əlaqədar apteklərə dərman verilməsini dayandırır. Qeyd edək ki, 2015-ci ilin fevralında manatın birinci devavasiyasının ardınca da analoji vəziyyət yaranmışdı. Demək olar ki, apteklərdə dərman qıtlığı hökm sürürdü. Dəfələrlə ölkə başçısı çıxışlarında ölkənin dərman bazarında inhisarçılığa və soyğunçuluğa son qoymaq üçün qəti tədbirlərin görülməsini tapşırıb. Bundan sonra Tarif Şurası dərman preparatlarının ölkə üzrə vahid satış tariflərini müəyyən etdi. Nəticədə əksər dərman vasitələri nəzərəçarpacaq dərəcədə ucuzlaşmışdı. Amma təəssüf ki, bu da kağız üzərində qalan tövsiyələrdən biri oldu...

 

“Məzənnə aşağı düşəndə qiymətlər enmir”

Məsələnin aktuallığını nəzərə alaraq mövzunu Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu ilə davam etdirdik. O “Cümhuriyət” qəzetinə bildirdi ki, ölkə üzən məzənnə sisteminə keçibsə, qiymətlər də buna uyğun üzən olmalıdır: “Amma burda çox ciddi problem var. Bu da ondan ibarətdir ki, Azərbaycanda qiymətlər üzən məzənnəyə uyğun artanda artır, amma məzənnə aşağı düşəndə qiymətlər düşmür.

Əslinə baxanda isə üzən məzənnə Azərbaycanda qiymətlərin qalxması üçün bir bəhanə rolu oynayır və istifadə olunur. Çox güman ki, dərmanlarda da belə olacaq. Manatın kursu qalxsa da qiyməti aşağı salmayacaqlar. Bu günə qədər dəfələrlə manatın kursu dəyişilib, amma bazarda qiymətlər qalxmaqda davam edib. Bu onu göstərir ki, Azərbaycanda devalvasiya ilə monopoliya arasında əlaqə yoxdur. Bazar monopolistlərin nəzarəti altındadır. Onlar istədikləri vaxt öz maraqlarına uyğun bəhanə edib qiyməti artırırlar. Devalvasiya isə başqa bir müstəvidə inkişaf edir. Çox güman ki, dərman mafiyası da eynilə digər sahənin monopolistləri kimi bundan istifadə edib əhalinin cibinə girir.Azərbaycan əhalisinin imkanı yoxdur. Ona görə də dövlətin borcudur ki, dərman vasitələri ilə bağlı kompensasiya ödəsin. Lazım olsa, insan çox şeyləri etməyə bilər, amma dərman elə məsələdir ki, onu qəbul etməyə məhkumdur. Dərmanı elə qiymətə qaldıra bilərlər ki, xəstə onu almaqda çətinlik çəkər. Bu da Konstitusiyada vətəndaşların sağlamlıq hüququnun kobud şəkildə pozulmasına gətirib çıxara bilər”.

Bazar, yoxsa ”talan iqtisasdiyyatı”?

 

Sərdar Cəlaloğlunun qənaətincə, dərmanların dolların məzənnəsinə uyğun satılması dərman qıtlığını aradan qaldırmayacaq: “Ümumiyyətlə, Azərbaycanda bazar iqtisadiyyatı talan iqtisadiyyatı kimi həyata keçirilir. Bazar iqtisadiyyatı o demək deyil ki, bildiyini edib, əhalinin başına oyun açasan. Bu məsələlər dövlət tərəfindən tənzimlənməlidir. Çünki burda işbazlar, monopolistlər var. Əgər dövlət maliyyə, pul və kredit siyasətində ciddi dəyişiklik edirsə, ən azı bundan sui-istifadə edənlərə qarşı mübarizə aparmalıdır. Çox təəssüf ki, Azərbaycanda xalqın maraqlarının müdafiəsi yox, bir qayda olaraq, ancaq qazananların maraqları gözlənilir. Vətəndaşlar da bundan çox böyük ziyan çəkir. Hesab edirəm ki, atılan bu addımlar Azərbaycan vətəndaşına çox baha başa gələcək”.
 

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:28