Şimali Kiprin televiziyalarında Xocalı soyqırımının dəhşətlərindən bəhs olunub

Şimali Kiprdə fəaliyyət göstərən nüfuzlu “BRT TV” televiziyası və “Hakikat TV” internet kanalı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı xüsusi proqramlar yayımlayıb.

Xudaferin.eu xəbər verir ki, hər iki kanalın qonağı olan Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu 27 il əvvəl Xocalı şəhərində Azərbaycan xalqına qarşı törədilən soyqırımı aktının təfərrüatlarını bölüşüb. Erməni millətçi dairələrinin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddialarının səbəb və nəticələrinə aydınlıq gətirən cəmiyyətin sədri diqqətə çatdırıb ki, Xocalı soyqırımının mahiyyətinin dünya birliyinə çatdırılması təkcə ermənilərin əsl xislət və niyyətlərini ifşa etmir, həm də Dağlıq Qarabağla bağlı həqiqətlərin nədən ibarət olduğunu ortaya qoyur. Ermənilərin zaman-zaman xalqlarımıza qarşı ağır cinayətlər törətdiklərini vurğulayan O.Həsənoğlu tarixi faktlarla əsaslandırıb ki, Xocalı soyqırımını unutmaq gələcəkdə özümüzü yeni təhlükələrə doğru atmaq deməkdir. Qeyd edilib ki, Xocalı soyqırımına dair acı həqiqətlər illərdən bəri yaradılan “məzlum erməni” obrazını darmadağın edib.

Xudaferin.eu

16:59