Şimali Kipr Prezidenti TÜRKPA-nın Baş katibini qəbul edib

Şimali Kipr Türk Respublikasının (ŞKTR) Prezidenti Tufan Erhürman Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, Baş katib Ramil Həsən səfərləri çərçivəsində TÜRKPA-ya üzv dövlətlərin xarici işlər nazirləri və parlament sədrləri ilə səmərəli görüşlər keçirdiyini, həmin görüşlərdə gələcəkdə ŞKTR-yə müvafiq dəstəyin göstərilməsi barədə fikir mübadiləsinin aparıldığını vurğulayıb, eyni zamanda, Şimali Kiprin Assambleyanın mühüm tədbirlərində fəal iştirakının dəstəklənəcəyini diqqətə çatdırıb.

R.Həsən TÜRKPA-nın son dövrdə həyata keçirdiyi əsas təşəbbüsləri Prezidentin diqqətinə çatdırıb, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının rəhbərliyi ilə Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə ŞKTR-yə göstərilən yüksəksəviyyəli dəstəyi xüsusi olaraq qeyd edib və Assambleyanın səlahiyyətləri çərçivəsində Şimali Kiprin gələcək fəaliyyətlərinə hərtərəfli dəstək göstərməyə hazır olduğunu vurğulayıb.

Baş katib TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri Yerlan Koşanovun rəhbərliyi ilə Assambleyanın 2026-cı il üçün mühüm və strateji əhəmiyyətli təşəbbüslər hazırladığını və bu təşəbbüslərdə ŞKTR nümayəndələrinin fəal iştirakının önəmli rol oynadığını xüsusi olaraq qeyd edib.

Prezident Tufan Erhürman Türk dövlətlərinin ŞKTR-nin haqlı fəaliyyətinə beynəlxalq hüquq normaları çərçivəsində bundan sonra da dəstək göstərəcəyinə, TDT çərçivəsində həyata keçirilən layihələrdə Şimali Kiprin aktiv iştirakının davam edəcəyini və ŞKTR Məclisinin TÜRKPA-nın 2026-cı il üçün nəzərdə tutulmuş fəaliyyətlərində özünəməxsus rol oynayacağına inamını xüsusi olaraq vurğulayıb.

Xudaferin.eu

15:23