“Səhra olduğu kimi”

 

Dubayda Aida Mahmudovanın fərdi sərgisi

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “YARAT” Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəri, rəssam Aida Mahmudovanın əl işlərindən ibarət ilk fərdi sərgisi açılıb. “Səhra olduğu kimi” (“Desert as it is”) adlı sərgi böyük maraqla qarşılanıb.

Dubaydakı “Quadro” qalereyasında açılan sərgidə ziyarətçilərə maraqlı və orijinal üslubda yaradılmış 17 yeni əsər təqdim olunub. Müəllif əsərlərində səhra qumunun zəngin teksturasını özəl rəngkarlıq texnikası sayəsində yaradır və rəngin incə dəyişikliklərini ustalıqla əks etdirir. Rəssamın səhra landşaftı üslubunda çəkilmiş əsərləri xüsusi zaman və məkan təəssüratı yaradır.

Aida Mahmudova sərgi iştirakçıları ilə söhbətində “YARAT” Müasir İncəsənət Məkanının fəaliyyəti barədə məlumat verib və birliyin müasir incəsənətin öyrənilməsi və milli mədəniyyətin ictimai təbliği ilə məşğul olduğunu diqqətə çatdırıb.
“Quadro” qalereyasının direktoru Roberto Lobardo sərgidə nümayiş olunan əsərlərdən zövq aldığını bildirib. O deyib ki, Aida Mahmudovanın əl işləri ərəb sənətsevərlərinə ilk dəfə təqdim olunur. Bu işlər rəssamın yaradıcılığının yeni nümunələridir. Seçilmiş mövzu regionun sənət dünyası üçün çox aktualdır və rəsmlər olduqca pozitiv və uğurlu alınıb. Sərginin açılışında sənətsevərlərlə yanaşı, Azərbaycanın BƏƏ-dəki səfiri Daşqın Şikarov, ölkəmizin Dubaydakı baş konsulu Pərviz İsmayılzadə və diplomatik nümayəndəliklərimizin əməkdaşları da iştirak ediblər. “Səhra olduğu kimi” sərgisi dekabrın 5-dək davam edəcək.

Xudaferin.eu

"Orta Doğu Bürosu"

 

10:32