“Şəhid şəhər” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb

 

Xətai Sənət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı rəsm sərgisi açılıb. Məktəblilərin əl işlərindən ibarət eyniadlı rəsm müsabiqəsinin yekun sərgisi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə gerçəkləşib.
 

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri Qalib Qasımov sərginin mövzusundan danışıb. Bildirib ki, Azərbaycan xalqının qan yaddaşında silinməz izlər buraxan Xocalı soyqırımı XX əsrdə insanlığa qarşı törədilmiş ən qəddar cinayətdir. Bu kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, 487 nəfər şikəst olub, 1275 dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi isə indiyədək məlum deyil. Diqqətə çatdırılıb ki, XX yüzillik xalqımızın taleyinə, tarixinə ən qanlı hadisələrlə, faciələrlə, soyqırımlarla yanaşı, müstəqillik və azadlıq uğrunda mübarizə, hünər və qəhrəmanlıq, milli oyanış və özünüdərk əsri kimi də daxil olub. Q.Qasımov vurğulayıb ki, rəsmləri çəkən uşaqlar Xocalı faciəsini görməsələr də, müəllimlərindən, dərnək rəhbərlərindən bu qətliam barədə aldıqları məlumatları, təəssüratı uşaq təxəyyülü ilə düşünərək məzmunlu rəsmlər yaradıblar. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın qətlə yetirilməsi öz əksini tapıb.

Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov qeyd edib ki, sərginin əsas məqsədi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, istedadlı uşaqların faciənin mahiyyətini necə təsəvvür etdiklərini rəsm əsərləri vasitəsi ilə nümayiş etdirməkdir. Sərgidə Tofiq İsmayılov adına məktəb, Lənkəran şəhəri Əsəd Əsədli adına Rəssamlıq Məktəbi, Günəşli qəsəbəsi Əlifba Tədris Mərkəzi və Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası xüsusi fəallıq göstərib. Sərgidə paytaxtımız və bölgələrimizdən 110 məktəblinin 118 rəsm əsəri nümayiş olunur.

Xudaferin.eu

 

09:54