Səfirin öldürülməsində İran və “Əl-Qaidə” izi

Ötən gün axşam saatlarında Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov sui-qəsd nəticəsində dünyasını dəyişib. Müasir İncəsənət sərgisində türkiyəli polis Mevlud Mert Altıntaş qəfil xidməti geyimdə salona daxil olaraq, “Hələbi unutmayın, Suriyanı unutmayın” deyərək, rusiyalı səfirə atəş açıb. Artıq 6 ildir ki, Suriya məsələsi ilə bağlı Türkiyə və Rusiya arasında yaranan konfliktin bu hadisədən sonra daha da gərginləşə biləcəyi müzakirə predmeti deyil. Siyasi analitiklər hesab edib ki, baş verən bu terror aktı iki ölkəni daha da yaxınlaşdıra bilər. Rəsmi Ankaranın mühafizə sisteminin zəif olması Türkiyəni Rusiya qarşısında başını aşağı edib. Rusiya və Türkiyə rəsmiləri isə öz növbələrində hadisənin terror aktı olduğunu iddia edir.  22 yaşlı polisini bandit adlandıran Türkiyə hökuməti hadisənin baş verməsindən bir neçə dəqiqə sonra onun həmkarları tərəfindən öldürüldüyünü bəyan edib. Sərgidə çıxışı zamanı arxadan güllələnən səfir dərhal xəstəxanaya çatdırılıb. Ankaranın Çankaya ərazisində Müasir İncəsənət Muzeyində törədilən hadisədə polis zabiti “Allah böyükdür, Məhəmməd üçün cihad, Hələbi, Suriyanı unutmayın” deyərək atəş açıb. Daha sonra o, türklərə tərəf dönərək  “Geri addımlayın, geri addımlayın, Suriya və Hələbi heç zaman unutmayın. Yalnız ölüm məni burdan ayıra bilər” deyə səslənib. Onun hadisəni törədərkən səsləndirdiyi şüarlarla radikal qruplaşmalardan birinə üzv olduğu şübhəsi yaranır. Radikal islamçılar tərəfindən xüsusi tapşırıqla qətlə yetirildiyi iddia edilən səfirin ölümü iki ölkə arasında münasibətləri gərginləşdirməyəcək. Siyasilər ehtimal edir ki, bu sui-qəsd iki ölkəni terrora qarşı birgə mübarizəyə cəlb edə bilər. Hurriyet.com.tr-in fotoqrafı Hasim Kılınç tərəfindən çəkilən şəkillər “Reuters” xəbər agentliyinə ötürülüb. Hadisəyə şahidlik edən fotojurnalist “Reuters”ə açıqlamasında səfirə 7 güllə vurulduğunu qeyd edib: “Arxadan vurulan 4 güllə ilə səfir yerə yıxıldı. 4 güllə də polisin hirsini soyuda bilmədi. Yerə yıxıldıqdan sonra səfirə daha 3 dəfə atəş açıb. Qonaqlar isə gördükləri mənzərədən dəhşətə gəlmişdir, hamı qışqırırdı”.

12 addım qatildən uzaqda dayanan Kılınç deyib ki, polis salona daxil olarkən qatıl hər kəsə “Məkanı tərk edin, bura polis çağırın, mən buradaca öləcəyəm” deyə səslənib.   Hadisənin baş verməsindən dərhal sonra polis zabiti Mevlut Mert Altintaşın anası və bacısı evlərində ikən həbs edilib, evdəki kompüter müsadirə olunub. Cihadçı şüarlar səsləndirən Mevlut Altintaşın hansısa islami qruplaşmanın, “Əl-Qaidə”nin üzvi olması ehtimalı ortaya atılıb. Baş verən olayda İranın əlinin olması da ehtimal edilir. Ötən gün Cebhe.info-ya açıqlama verən siyasi ekspert Vüqar Zifəroğlu Rusiya-Türkiyənin yaxınlaşması ilə əlaqədar keçirilən konfransda İran tərəfindən təxribat hazırlanacağını proqnozlaşdırmışdı. Hadisənin baş verməsindən dərhal sonra xarici işlər naziri Sergey Lavrovla birgə konfrans təşkil edən Vladimir Putin “Bu terrordur, Rusiyaya qarşı törədilmiş bir təxribata qarşı birgə mübarizə aparmaq üçün bütün güclərimizi sərgiləyəcəyik” deyə bəyan edib.
Türkiyə rəhbəri Tayyib Ərdoğan da öz açıqlamasında qeyd edib ki, bu terror hadisəsi Türkiyə və Rusiyaya qarşı təxribatdır, baş verən olay regional və iqtisadi əlaqələrin pozulmasına hesablanıb: “Biz bilirik ki, buŞ sadəcə olaraq Rusiya-Türkiyə əlaqələrinin pozulmasına hesablanan provakasiyadır. Lakin Türkiyə və Rusiya hökuməti bu provakasiya ilə münasibətlərini gərginləşdirməyəcək”.
Baş verən hadisələrdə ABŞ-da daxil olmalqa Türkiyənin keçmiş müttəfiqləri ittiham olunub. Türkiyənin xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Karlovun güclü qanaxmadan dünyasını dəyişdiyini deyib. Türkiyənin daxili işlər naziri isə səfirin dərhal Güvən Hospitalına aparıldığını, lakin həyatını xilas etməyin mümkün olmadığını bildirib. Rusiya xəbər agentlikləri isə Türkiyədə qətlə yetirilən səfirin həyat yoldaşının ölüm xəbərini eşidərək huşunu itirməsi, dərhal xəstəxanaya çatdırılması haqda yazıb. Xəbər agentliklərinin yaydığı məlumata görə, səfirin həyat yoldaşı Türkiyədə olan rus turistlərə otelləri dərhal tərk etməyi, ictimai yerlərə ayaq basmamağı tövsiyə edib. ABŞ-ın dövlət katibi Con Kerri bu sui-qəsdi “mənfur hücum” adlandıraraq hazırda Türkiyədə rusiyalı diplomatın simasında digər səfirlərin də həyatlarının təhlükədə oluğunu dilə gətirib. NATO-nun baş katibi Cons Stoltenberq Tvitter hesabından belə bir status paylaşıb: “Bu cür hadisələrdə ədalət yoxdur”. BMT-nin baş katibi Pan Gi  Mun da öz növbəsində susqunluq nümayiş etdirməyib. O qeyd edib ki, terror  öz əhəmiyyətsizliyi ilə bir daha dəhşət doğurub. Rusiya ilə münasibətlərində tənqid olunan ABŞ-ın yeni prezidenti Donald Tramp qeyd edib ki, Karlov radikal islamçı qruplaşmaların qurbanı olub. Rusiyanın TASS xəbər agentliyi isə yayılan bu xəbərə belə başlıq verib: “Rusiya Türkiyənin gözü ilə”.
Qeyd edək ki, 1976-cı ildə diplomat kimi fəaliyyətinə başlayan Karlov 2007-ci ildə Şimali Koreyaya səfir təyin olunub. Şimali Koreyaya iki dəfə səfir təyin olunan Karlov 2013-cü ildə Türkiyədə karyerasını davam etdirib. Tarixçilər hesab edir ki, bu hadisə Polşadakı səfir, Varaşavada öldürülən Pyotr Vorkovun ölümündən sonra ilk belə hadisədir. Baş verən olay 19-cu əsrdə Tehranda qətlə yetirilən rusiyalı səfir Qriboyedovun ölümünü bir daha gündəmə gətirib. Son olay bir daha müxtəlif ölkələrdə Rusiya səfirliyinə qarşı təhqiramiz münasibətlərin olduğunu sərgiləyib. Hazırda Rusiya və Suriya ilə müttəfiq olan “Hizbullah” rejimi 1985-ci ildə 4 rus diplomatını qaçıraraq onlardan birini qətlə yetirib, 3-ünü isə sonradan yenidən azadlığa buraxıb. Baş verən sui-qəsd hadisəsi Suriya müharibəsini bir daha müzakirə predmetinə çevirib. Müharibə nəticəsində minlərlə qaçqın avropaya köç edib. Həmçinin avropada sabitliyin pozulmasında, terror hadisələrinin baş verməsində suriyalı qaçqınların rolu müzakirə predmeti olub. 2015-i ilin payızında Suriya mövzusunda Rusiya- Türkiyə münasibətləri gərginləşdi. Ötən ilin noyabrında Rusiyaya məxsus təyyarələrin Suriya hava məkanında ikən bombardman edilməsi iki ölkə arasında münasibətləri daha da çətinləşdirdi. Məlum hadisədən sonra rusiyalı turistlər Türkiyəyə gəlməkdən imtina etdi. 
Hadisələrin xronikasına nəzər yetirərək deyə bilərik ki, bu il iki ölkə başçısı münasibətləri nizama salmaq üçün Peterburqda görüşərək iqtisadi əlaqələrin bərpası istiqamətində müxtəlif sazişlərə imza atdı. Bu ilin avqustunda türkiyəli hərbçilərin Suriya ilə sərhəd apardıqları əməliyyatın da Rusiya ilə razılaşdırılmış addım olduğu bildirilir. Nytimes.com-da dərc olunan məqalədə bununla yanşı qeyd  olunub ki, 20-ci əsr Türkiyə üçün diplomatik baxımdan düşərsiz olub. Ötən gün öz ərazisində diplomat öldürülsə də, Türkiyənin itirdiyi diplomatların sayı da az olmayıb. Qondarma erməni soyqırımı və dünya müharibəsi ərəfəsində Türkiyə xeyli sayda səfirini itirib. Türkiyəli diplomat Sinan Urgen baş verən hadisəni şərk edərkənm bildirib ki, bu olay iki ölkə arasındakı münasibətə təsir etməyəcək, olay lazımınca araşdırılacaq.
Qeyd edək ki, baş verən hadisədən dərhal sonra bir qrup şəxs Suriya, Hələblə bağlı şüarlar səsləndirərək Rusiyanın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Nigar Məhərrəm

11:41