Səfir: Niderlandlılar Azərbaycanın ermənilər tərəfindən dağıdılmış şəhər və kəndləri barədə ətraflı məlumat aldılar

“Səfirliklər festivalı” çərçivəsində Azərbaycanın tarixi, mədəniyyəti haqqında məlumat verdik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı göstərdiyi rəşadət nəticəsində torpaqlarımızı azad etdik. Ölkəmizin Niderlanddakı səfirliyini ziyarət edən yerli ictimaiyyətin nümayəndələrinə Qarabağ reallıqları ilə bağlı məlumatları, işğal illərində şəhər və kəndlərin dağıdılmasını işğaldan əvvəlki və sonrakı mənzərələri əks etdirən videoçarx vasitəsilə çatdırdıq. İşğaldan azad olan ərazilərimizdə quruculuq işləri ilə bağlı məlumat verildi.

Bu fikirləri Haaqada təşkil olunmuş “Səfirliklər festivalı” çərçivəsində AZƏRTAC-a müsahibəsində Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov ifadə edib.

Diplomat bildirib ki, “Səfirliklər festivalı” çərçivəsində Azərbaycan səfirliyinin qapıları niderlandlılara açıq olub. COVID-19 pandemiyası ilə bağlı qaydalara uyğun olaraq yerli ictimaiyyətin nümayəndələri 4 qrup şəklində səfirliklə tanış olublar.

“Festivalın ikinci günü fərqli formatda təşkil olundu. Haaqada fəaliyyət göstərən 20-dək səfirliyin iştirakı ilə mərkəzi meydanda müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın stendləri quruldu, milli mətbəx nümunələri və rəqsləri nümayiş olundu. Azərbaycanın stendini 1000-dək niderlandlı ziyarət etdi. Onlar milli mətbəximizin təamlarını və şərablarımızı daddılar. Avropada yaşayan azərbaycanlılardan ibarət “Nart Danse Kolh” qrupu isə milli rəqslərimizi nümayiş etdirdi”, - deyə F.Axundov əlavə edib.

O, həmçinin bildirib ki, Niderlandın yerli mətbu orqanlarında tədbirlə bağlı məlumatlar yayımlanıb. “The Telegraph”, “Niderland Times”, “Diplomat magazine” kimi nüfuzlu mətbu orqanlarında Azərbaycanın mədəniyyəti, turizm imkanları haqqında geniş məlumat verilib.

Səfir deyib ki, Azərbaycanla bağlı ətraflı məlumat alan ziyarətçilər buna görə minnətdarlıqlarını ifadə ediblər.

Şəhla Ağalarova

Xudaferin.eu

13:33