Şeyx Dursun türbəsi italiyalı mütəxəssislər tərəfindən bərpa olunur

Müasir Ağsu şəhər qəbiristanlığında XIV əsr xəlvətilik sufi məktəbinin simvolu olan Şeyx Dursun türbəsində bərpa və konservasiya işləri aparılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bərpa və konservasiya işləri MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin razılığı və təşkilati dəstəyi ilə YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının “Şeyx Dursun türbəsi: konservasiya, mədəniyyət və cəmiyyət” layihəsi çərçivəsində aparılır. Avqust ayında da davam etdiriləcək bərpa və konservasiya işlərində Romana Albinin rəhbərliyi ilə mədəni irsin bərpası üzrə İtaliyadan olan mütəxəssislər qrupu çalışır.

Türbə səkkizguşəli olub, xəlvətilik sufi məktəbinə məxsus digər şeyxlərin qəbirləri üzərindəki türbələrlə oxşarlıq təşkil edir. Qazıntı işləri zamanı üzə çıxan qalıqlardan Şeyx Dursunun sufi xanəgahının da həmin məkanda yerləşdiyi anlaşılır.

Qeyd edək ki, türbənin bərpası və konservasiyası işləri çərçivəsində 15 nəfər peşəkar və həvəskar gənc bərpaçılar üçün “Mədəni irs konservasiya materialları və metodlarının qurulması” mövzusunda kurs keçirilir. Kursun məqsədi kimya da daxil olmaqla, nəzəri əsaslarla praktiki bacarıqlara sahib olmaq, iştirakçının daş materiallar və əsərlərin bərpasına əhəmiyyətli dərəcədə töhfə vermək, çoxtərəfli yanaşma əsasında müvafiq konservasiya işləri aparmaqdır. Praktik təcrübəyə əsaslanan məruzələr YOKOKU Mədəni İrsin Konservasiyasında Gənclər Beynəlxalq Assosiasiyasının mədəni irsin bərpası üzrə mütəxəssisləri Romana Albini və Laura Rivaroli, eləcə də mədən irsin analitik tədqiqi üzrə mütəxəssis Andrea Makkia, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Həbibə Əliyeva, mədəni irsin bərpası üzrə maşınlar istehsal edən İBİKS şirkətinin nümayəndələri Alfonso Bazile və Marko İlari, Rusiyadan olan mütəxəssis Anna Mordanova tərəfindən aparılır.

AZƏRTAC

13:38