Serbiyada İmadəddin Nəsiminin adına yubiley medalının təsis edilməsi barədə qərar qəbul olunub

Serbiyanın nüfuzlu və qədim tarixə malik “Serbiya Kral Akademiyası”nın rəyasət heyəti Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin adına yubiley medalının təsis olunması barədə qərar qəbul edib.

Azərbaycanın bu ölkədəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, 2019-cu ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Nəsimi ili” elan edilməsi münasibətilə ölkəmizin Serbiyadakı səfirliyi tərəfindən “Serbiya Kral Akademiyası”na müraciət edilib və Azərbaycanın dahi şairinin adını daşıyan medalın təsis edilməsinin nəzərdən keçirilməsi xahiş edilib.

Müraciət əsasında “Serbiya Kral Akademiyası”nda rəyasət heyətinin müşavirəsi keçirilib və Azərbaycanın dahi şairi İmadəddin Nəsimi adına yubiley medalının təsis edilməsi barədə müvafiq qərar qəbul edilib. Qərarda, həmçinin Serbiyanın dahi yazıçısı, şair, Nobel mükafatçısı İvo Andriçin adına xatirə medalının təsis edilməsi qeyd edilib.

Nəsiminin 650 illiyinə həsr ediləcək yubiley medalı ilə Azərbaycan və Serbiyada öz fəaliyyəti ilə xüsusi fərqlənən yazıçı və şairlərin təltif edilməsi nəzərdə tutulur.

Müşavirədə, həmçinin Azərbaycanın Serbiyadakı səfirliyi və “Serbiya Kral Akademiyası”nın dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzində Nəsiminin 650 illik yubileyinə həsr edilmiş simpoziumun keçirilməsinə dair təklif müzakirə edilib və təklif yekdilliklə qəbul olunub.

AZƏRTAC

23:11