Seçki Qarabağa sülh gətirəcəkmi?

 

Natiq Miri: “Müdafiə naziri əgər seçki qrupuna rəhbərlik edirsə…”

 

Aprelin 2-də Ermənistanda parlament seçkiləri keçiriləcək.2015-ci ilin dekabrındakı Konstitusiya dəyişikliklərindən sonra Ermənistan yarımprezident üsul-idarəsindən parlamentli siyasi sistemə keçib.Dəyişikliklərə əsasən prezidentin səlahiyyətləri azaldılıb, baş nazir və parlamentin səlahiyyətləri isə əksinə, artırılıb.Ermənistan seçiciləri ilk dəfə olaraq deputatları yeni siyasi sistemlə seçəcək. Parlament seçkisi Ermənistan prezidenti Serj Sarkisyanın ikinci səlahiyyət müddətinin bitiməsinə 1 il qalmış baş tutacaq.

Bununla da Ermənistanda yeni siyasi sistemə keçid başa çatacaq.Bundan başqa, ölkənin yeni prezidentini də apreldə seçiləcək yeni parlament müəyyənləşdirəcək. Bundan sonra Ermənistan prezidenti sadəcə formal səlahiyyətlərə malik olacaq.

Hazırda düşmən ölkə seçki öncəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesini dondurmağa çalışır. Amma parlament seçkilərindən sonra bu münaqişənin həlli ilə bağlı fərqli mövqelər ortaya çıxacaq.Bəzi ekspertlər hesab edir ki, yalnız Ter-Petrosyanın münaqişənin həllinə yanaşması digərlərindən bir qədər fərqlidir. Maraqlıdır, Ermənistanda keçiriləcək parlament seçkilərində seçiləcək namizədlərdən kim daha loyaldır? Yəni Ermənistanda kimin hakimiyyətə gəlməsi Azərbaycana sərfəlidir?

Politoloq Natiq Miri açıqlamasında deyib ki, Ermənistandakı siyasi qüvvələrin böyük əksəriyyəti Rusiyaya bağlıdır: “Bilavasitə bu siyasi liderlər də əsasən Rusiyaya bağlı siyasətçilərdir. O ki, qaldı Qərbyönümlü siyasətçilərə, bu siyasi mərkəzlərin erməni siyasi rəyində imici o qədər də yüksək deyil. İndiki şəraitdə Ermənistandakı Qərbyönümlü siyasətçilər seçkini birmənalı olaraq qalib gəlmək imkanında deyillər.Rusiyayönümlü siyasi mərkəzlər içərisində müstəqil olan siyasətçilər yoxdur.Xatırlayırsızsa, 1997-ci ildə Ter-Petrosyan prezidentliyi dönəmində müəyyən mənada Dağlıq Qarabağla bağlı bir sülh sazişini imzalamasına daha yaxın idi. Ancaq müəyyən güzəştlərə getmə xatirinə mərhələli həll variantını qəbul etdiyinə görə məhz Rusiya tərəfindən Ter-Petrosyan hakimiyyəti Sarkisyan hakimiyyəti ilə, yəni hərbi xunta ilə dəyişdirildi. O gündən bu günə əslində erməni siyasi dairələrində ciddi mənada dəyişən bir şey yoxdur. Ermənistan Ümumilli Konqresi və ona dəstək verən Dəmirçiyanın siyasi mərkəzi bu gün sülhdən yana bəyanatlar vermiş olsalar da, əgər hakimiyyətə gəlsələr, yenə də bilavasitə Moskvanın maraqları çərçivəsindən kənarda hər hansı siyasi təşəbbüslə çıxış etməyəcəklər. Çünki həm Ter-Petrosyan, həm də onun müttəfiqləri “gözü çıxmış” qardaşlarından çox ciddi surətdə ibrət alıblar.Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda bu gün müstəqil iradəyə malik olacaq güc mərkəzləri mövcud deyil. Bu güc mərkəzləri əgər Kremldən idarə olunurlarsa, bu müstəqil qaydada siyasi iradəyə malik olmayan güc mərkəzləri hakimiyyətə gəlsələr belə, hakimiyyətdə və yaxud da onların Dağlıq Qarabağla bağlı qərarlarında ciddi dəyişikliklər olmayacaq”.

Politoloqun sözlərinə görə, hələlik Rusiya çox asanlıqla idarə olunan Qarabağ hərbi xuntasını dəyişmək fikrində deyil: “Biz bunu bu günki Ermənistandakı hərbi xuntanın başında duran Sarkisyanın son Moskva səfərində də gördük. Rusiya prezidenti Putinin açıqlamasından bəlli oldu ki, növbəti dönəmdə də Sarkisyan və onun müəyyən mənada komandası Rusiya tərəfindən dəstəklənəcək. O da həqiqətdir ki, bu gün Rusiyanın adamı Ermənistanın baş naziri olaraq hakimiyyətdə təmsil olunur. Hakim Respublika Partiyasının parlamentdəki qrupuna başçılıq edə biləcək Müdafiə naziri Vigen Sarkisyandır.Bu analoqu olmayan bir davranışdır.Heç bir sivil, demokratik dünyada bir müdafiə naziri parlament seçki qrupuna başçılıq etməyib və belə bir davranışı biz heç zaman müşahidə etməmişik.Müdafiə naziri əgər seçki qrupuna rəhbərlik edirsə, demək ki, gələcəkdə nə Ermənistan hakimiyyətindən, nə də ki, Dağlıq Qarabağ yönündə onların qərarlarından müsbət nəsə gözləmək əbəsdir. Ona görə də biz ictimaiyyəti aldatmayaq və hamı bilsin ki, Ermənistanda toplananların yeri dəyişmiş olsa da, cəm dəyişməyəcək. Çünki siyasi qüvvələrin hamısı Kremlə yönəlik istiqamətdədir. Ermənistanda bu günə qədər heç bir demokratik seçki keçirilməyib ki, hakimiyyəti də xalq formalaşdırsın.Hesab edirəm ki, Sarkisyan hakimiyyətindən heç nə gözləmək olmaz”.

Alçina Amilqızı

Cebhe.info

 

06:31