Sahil Kərimli: Ermənistan rəhbərliyi və ordusu törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər

Ermənistanın Azərbaycan ərazilərində mina terroru davam edir və son günlər qeydə alınan növbəti bu kimi faciəvi faktlar düşmənin cinayətkar mahiyyətini bir daha ortaya qoyur.

Bu fikri AZƏRTAC-a açıqlamasında Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) baş direktor müavini, siyasi şərhçi Sahil Kərimli söyləyib.

O bildirib ki, işğalçı Ermənistan 30 ilə yaxın Azərbaycan ərazilərini kütləvi şəkildə minalayıb.

“Son iki ərzində xeyli sayda ərazilər minalardan təmizlənib. Acı reallıqdır ki, minatəmizləmə prosesi hələ uzun illər davam edəcək. Sirr deyil ki, düşmənin ərazilərimizi minalama prosesi bu gün də davam edir. Bu, əsl terror, hərbi cinayətdir. Bu gün Azərbaycanın daha iki vətəndaşının minaya düşərək ağır yaralanması dünya ictimaiyyəti tərəfindən sərt şəkildə pislənməli, Ermənistan hərbi siyasi rəhbərliyinə ciddi təzyiqlər edilməlidir”, -deyə siyasi şərhçi qeyd edib.

Onun sözlərinə görə, Ermənistan 44 günlük Vətən müharibəsi zamanı cəbhədən kilometrlərlə uzaqda yerləşən dinc şəhər və kəndlərimizi ağır raket zərbələri ilə atəşə tutarkən öz vəhşi simasını nümayiş etdirmişdi. Bu gün davam edən mina cinayətləri də bu siyasətin davamıdır. Bu cinayətkar hərəkətlər daha çox mülki dinc insanların qətlə yetirilməsi, ömürlük şikəst qalmasına yönəlib. Ermənistan rəhbərliyi və ordusu bilməlidir ki, törətdikləri bütün cinayətlərə görə cavab verəcəklər.

Siyasi şərhçi bildirib ki, bu gün Azərbaycan dövləti bütün səylərini cəmləyərək var gücü ilə bölgədə sülhə, təhlükəsizliyə nail olmağa, qan tökülməsinin qarşısını almağa çalışır.

“Azərbaycan Ermənistana sülh əlini uzadır. Amma görünən odur ki, düşmən məkrli niyyətindən hələ də əl çəkmək istəmir. Mina terroru ilə mülki və dinc azərbaycanlılara qarşı yönəlmiş bu vəhşiliklər deyilənlərə ən dəqiq sübutdur”, - deyə Sahil Kərimli fikrini tamamlayıb.

Xudaferin.eu

23:04