Sahibə Qafarova: Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil siyasət aparır

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığına səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyasının (APA) 43-cü Baş Assambleyasının birinci plenar iclasında çıxış edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Azərbaycan Respublikasının Parlamenti adından Baş Assambleyada iştirak edən bütün parlament nümayəndə heyətlərini salamlayaraq, Kamboca Krallığının Milli Assambleyasının sədri, ASEAN Parlamentlərarası Assambleyasının Prezidenti Henq Samrinə tədbirə dəvətinə və qonaqpərvərliyinə görə təşəkkür edib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərinə böyük əhəmiyyət verir və onlarla ikitərəfli və çoxtərəfli əməkdaşlığın daha da dərinləşməsinə çalışır. O, ASEAN-a üzv dövlətlərin parlamentariləri ilə əlaqələrin möhkəmləndirilməsinin mövcud münasibətlərə mühüm töhfə verəcəyinə, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyinə, sülh, həmrəylik və davamlı inkişafa kömək edəcəyinə əminliyini ifadə edib.

Sahibə Qafarova bildirib ki, Cənubi Qafqaz regionunda Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan qədim dövlətçilik ənənələrinə malikdir. Bu ənənələrə əsaslanaraq, Azərbaycan xalqı 1918-ci ildə müsəlman Şərqində ilk demokratik parlament Respublikasını yaratdı. Elə həmin il Qərb ölkələrinin əksəriyyətini qabaqlayan Azərbaycan qadınlara səsvermə hüququ verdi. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay davam etdi. Nəhayət 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bərpa edə bildi və bu, ölkəmizin tarixində yeni dövrün başlanğıcı oldu.

“Bu gün Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan müstəqil siyasət aparır. Bərabərlik, qarşılıqlı etimad və qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafının ən vacib elementləridir. Azərbaycan enerji təhlükəsizliyinə töhfə verən və Şərqlə Qərbi birləşdirən nəqliyyat layihələrini həyata keçirən etibarlı tərəfdaşdır. Azərbaycan müxtəlif dini və etnik qrupların əsrlər boyu sülh və dostluq şəraitində birlikdə yaşadığı ölkədir. Multikulturalizm bizim xalqımız üçün həyat tərzidir. Müxtəlif mədəniyyətlərə, dinlərə və irqlərə hörmət Azərbaycan xalqının mənəvi dəyərlərinin ayrılmaz hissəsidir”, -deyə Milli Məclisin sədri qeyd edib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, beynəlxalq birliyin məsuliyyətli üzvü olan Azərbaycan qlobal sülhə, əməkdaşlığa və inkişafa töhfə vermək üçün əlindən gələni edir. Bu gün Azərbaycan COVID-19 kimi ümumi problemlərin həllində qlobal həmrəyliyin gücləndirilməsi üçün irəli sürdüyü təşəbbüslərlə BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına uğurla sədrlik edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi hərəkatın parlament ölçüsünün inkişaf etdirilməsi təşəbbüsünü irəli sürdüyünü qeyd edən Milli Məclisin sədri bunu ölkəmizin parlamentlərarası əməkdaşlığın qlobal miqyasda əhəmiyyətinə verdiyi önəmin sübutu kimi dəyərləndirib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi 2021-ci ilin noyabrında Madriddə təsis olunub və ilk Bakı konfransını bu ilin iyun ayında Azərbaycanda keçirib.

Sahibə Qafarova Parlament Şəbəkəsinin sədri kimi bildirib ki, Parlament Şəbəkəsi AİPA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə quraraq ümumi hədəflərə töhfə verməyə hazırdır. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın qonşu Ermənistanın işğalı altında olduğunu deyən Milli Məclisin sədri deyib: “Təəssüf ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən çoxsaylı qətnamə və qərarları yerinə yetirilmədi. Ermənistan bu ərazilərdə etnik təmizləmə aparıb, nəticədə bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Birinci Qarabağ müharibəsindən sonra təxminən 4 min Azərbaycan vətəndaşı hələ də itkin düşüb. İşğal illərində Ermənistan bütün şəhər və kəndlərimizi qəsdən dağıdıb, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrimizə qarşı vandalizm aktı törədib. Vaxtilə Qarabağın ən böyük şəhəri olan Ağdam o dərəcədə dağıdılıb ki, beynəlxalq ekspertlər onu “Qafqazın Xirosiması” adlandırırlar.

2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü, beynəlxalq hüquq normalarını və tarixi ədaləti bərpa etdi, BMT TŞ-nin qətnamələrini özü icra etdi. İndi biz bu ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlamışıq. Azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. “Ağıllı şəhər”lər və “ağıllı kənd”lər tikilir. İnfrastruktur və nəqliyyat layihələri icra edilir. Zəngəzur dəhlizinin açılması isə regionun nəqliyyat potensialını əhəmiyyətli dərəcədə artıracaq. Hazırda keçmiş məcburi köçkün ailələri artıq evlərinə qayıtmağa başlayıblar”.

Sahibə Qafarova ancaq bu prosesin həyata keçirilməsinə ciddi maneələr olduğunu, həmin maneələrdən birinin də Ermənistanın bu ərazilərdə 1 milyondan çox mina basdırmasıdır. İki il bundan əvvəl İkinci Qarabağ müharibəsi başa çatandan bəri minaların partlaması nəticəsində 270-ə yaxın azərbaycanlı həlak olmuş və ya ağır yaralanıb.

Milli Məclisin sədri çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan işğalın qurbanı olsa da, regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün səylər göstərən və Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında münasibətlərin normallaşdırılmasını və sülh sazişinin imzalanmasını təklif edən ölkədir. Lakin Ermənistan destruktiv mövqe nümayiş etdirərək bu prosesə mənfi təsir göstərən ziddiyyətli bəyanatlar verir. Ermənistan bu cür hərəkətlərdən çəkinməli və sülh sazişinin imzalanması üçün real addımlar atmalıdır. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyi təmin etməyin yeganə yoludur.

Xudaferin.eu


 

15:13