Sadə həqiqətlər. . .

1. 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycandakı vəziyyət:
⁃ Şanlı Ordumuz 30 il ərzində Rusiyanın, Fransanın, İranın və digər antitürk dövlətlərin təpədən dırnağa qədər silahlandırdığı Ermənistanı ay yarım müddətində məğlub etdi. Düşmənin özgüvəninə sarsıdıcı zərbə vurdu. Nəticədə : işğal altında olan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları, Hadrut (Ağyurd), Suqovuşan və bir çox digər kəndlər və ən əsası Şuşa azad olundu.
Damarında Xətai, Qacar, Nadir kimi cəsur şahlarımızın qanını daşıyan Azərbaycan əsgəri bu mərhələdə qalib oldu.
Lakin. . . 2020-ci ilin 9 noyabr tarixindən 10 noyabra keçən gecə qəflətən müharibə dayandırıldı. Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin imzaladığı bəyanatla Qarabağ müharibəsinin sona yetdiyi bütün dünyaya elan edildi.
⁃ Əslində isə münaqişə davan edir. . . 9 noyabr gecə imzalanan bəyanatdan faydalanan Rusiya elə həmin an dərhal öz hərbiçilərini Dağlıq Qarabağın mərkəzinə - Xankəndinə yerləşdirdi. Artıq 10 noyabrda rus qoşunları "sülhməramlı" adl ilə Ermənistandan Xankəndinə qədər olan 60-70 km uzunluğunda və 5 km enində olan Laçın dəhlizini zəbt etdi. Bəli : zəbt etdi. Çünki onlar sülhməramlı yox, işğalçı qoşunlardır.
⁃ Sülhməramlı qoşunlar (BMT) Birləşmiş Millətlər Təşkilatının qərarı, rəsmi icazəsi ilə zəruriyyət yaranarsa hər hansı bir münaqişə bölgəsinə göndərilə bilər. Bütün dünya bildi ki, BMT ruslara belə bir icazə-səlahiyyət verməyib. .
Nəticə göz qabağındadır : noyabrın 10-da Dağlıq Qarabağda yerləşən bu "sülhməramlılar" qısa müddət ərzində cəmi bir aya 30 mindən çox ermənini qaçqın adı altında Ermənistandan daşıyıb Xankəndinə yerləşdirib. Daşınma prosesi davam edir. Rusiya və Ermənistanın niyyəti Qarabağa ən azı 150 min erməninin gətirilməsidir.
Fikrimcə : Rusiya "sülhməramlıları" həmin ermənilərin əksəriyyətini silahlandırıb azərbaycanlıların üzərinə salmaq istəyirlər. Artıq onlar bu prosesə start veriblər. Belə ki ; ermənilər qrup-qrup, kiçik dəstələrlə hərbiçilərimizə, hətta öz vəzifələrini yerinə yetirmək üçün Qarabağa göndərilən mülki şəxslərimizə hücum edib, onları qətl edirlər. Məqsədləri doğma yurdlarına qayıtmağa tələsən millətimizi qorxutmaqdır.

2. Rusiyanın siyasi məqsədi : təcavüzkar, imperialist niyyətlərini həyata keçirmək, Moldova, Gürcüstan, Ukraynada olduğu kimi Azərbaycanda və Ermənistanda da nəzarət mexanizmini qurmaqdır. Çünki ənənəvi olaraq "saqqalı" rus generalları başqa ölkələrdə münaqişə törədib, xalqları bir-biri ilə vuruşdurur, hər iki tərəfə silah satıb varlanırlar. Qudurğan - meşşan həyatı sürərək, keyf-damaq içində yaşamağa davam etmək onların şovinist xəstəliyidir. Təsadüfi deyil ki, Rusiyanın gəliri, qazancı ağıllı iqtisadiyyatın inkişaf etdirilməsindən yox, neft-qaz və əsasən də silah ixracatından əldə edilir. Nəticədə milyonlarla həm rus xalqı, həm də bir-biri ilə vuruşan ölkələrin vətəndaşları əziyyət çəkir.
3. Müharibə niyə qəflətən dayandırıldı. . . ?
⁃ Bütün dünyanın gözü qarşısında qəhrəman Azərbaycan ordusu (azəritürkü, talış, ləzgi, yəhudi və digər millətlərin nümayəndələri) erməni faşistlərinin belini qırdı.
⁃ 44 gün ərzində ermənilərə Rusiya, Fransa, İran və digər antitürk dövlətlər tərəfindən demək olar ki, havayı verilmiş dəyəri 4 milyard dollara yaxın olan hərbi silah və texnika məhv edildi.
⁃ Müharibə davam etsəydi Xankəndi başda olmaqla Xocavənd, Xocalı, Əsgəran və digər "Dağlıq Qarabağ" adlanan ərazidə yerləşən yaşayış məntəqələri də işğaldan azad ediləcəkdi.
⁃ Bir neçə günə Azərbaycan Ordusu düşməni 1991-ci ildə mövcud olan və BMT tərəfindən qəbul olunan sərhədlərdən o tərəfə - yəni Ermənistanın içinə qədər qovacaqdı.
Suriyada, Livanda, Türk hərb maşınına uduzan Rusiya- Qarabağda da erməni cildində Azərbaycan Ordusuna məğlub oldu. Bu Rusiyanın faciəsi idi. . .
⁃ Özünün dünyanı sarsıdan qorxunc, nəhəng gücünün tükənmədiyini dünyaya göstərmək üçün Azərbaycanın Ermənistanın üzərində tam qələbə çalmasına mane olmaq Rusiya dövlətini idarə edənlərin çarəsiz addımı idi.
4. - Azərbaycan prezidenti bu bəyanata hansı səbəbdən imza atdı. . . ?
⁃ 2020-ci ilin iyul ayında Erməni hərbiçiləri Tovuz rayonu istiqamətində hücuma keçdi. Nəticədə 5 əsgərimiz həlak oldu. Lakin, elə ertəsi gün mərdliyi, igidliyi ilə qəlbləri fəth edən General-mayor Polad Həşimovun təşkilatçılığı ilə düşmənin yüzə qədər hərbi qulluqçusu məhv edildi. Bu qəhrəmanlığı onu rus agentlərinin hədəfinə gətirdi və cavan həyatının itirilməsinə səbəb oldu. Yəni daxilimizdə casuslar var. . .
⁃ Rus generallarının razılığı ilə ermənilər Gəncəyə, Bərdəyə raketlər atdı. Tərtər, Ağcabədi, Goranboy, Tovuz, Daşkəsən bombalandı. Onlarla dinc sakin həlak oldu, yüzlərlə vətəndaşımız yaralandı, minlərlə ev dağıdıldı. Ordumuz irəlilədikcə rus generallarının səbri tükəndi. . . Onların icazəsiylə azğın və müharibədə məğlub olan ermənilər Mingəçevirə, Xızıya hətta Xırdalan şəhərinə raketlər atmağa başladı. Dinc əhali arasında gərginlik günbəgün artırdı. . .
⁃ Ölkəmizin ərazisində yaşayan müxtəlif şəhərlərdə, xüsusilə paytaxt Bakıda məskunlaşan agentura şəbəkəsi fəallaşmağa can atdı.
Şərti olaraq 5-ci kalon adlanan bu qüvvələr sosial şəbəkələrdə, Milli Məclisdə, ayrı-ayrı nazirliklərdə, diplomatik korpuslarda boy qaldırdı.
⁃ Azərbaycan prezidenti İlham Əliyev bu canlanmanı müşahidə edir, gərginliyin artmasını səbirlə izləyirdi. Eyni zamanda unutmaq olmaz ki O, qardaş Türkiyə dövlətinin öz nüfuzu - hörmətiylə dünya mastşabında xüsusi yeri olan Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan; qabiliyyəti və savadı ilə on Lavrov kimisini cibində gəzdirməyə imkanı olan Xarici İşlər Naziri Mövlud Çavuşoğlu; təmkini, cəsarəti və qətiyyəti ilə çox dövlətin qibtə etdiyi Müdafiə Naziri Hulusi Akar və geniş ürəkli Türkiyə Böyük Millət Məclisinin başqanı Mustafa Şəntop kimi görkəmli dövlət xadimləri ilə məsləhətləşmələr aparırdı.
⁃ Fikrimcə : dinc əhali arasında çoxsaylı ölüm və tələfat hallarının qarşısını almaq və bilmədiyimiz dövlət sirri səviyyəsində ola bilən (məsələn; nəqliyyatda terror, dövlət əhəmiyyətli obyektlərin bombalanması və s) prezident Əliyevin atəşkəs bəyannaməsini imzalamağa vadar etdi.
5. Müharibənin gedişi bizə nələri məlum etdi. . .
⁃ İlk növbədə 1993-cü ildən fərqli olaraq iqtidar-müxalifət qüvvələri bir araya gəldi. Bir-ikisini çıxmaq şərti ilə ölkə daxilində fəaliyyət göstərən 50 siyasi partiya rəhbəri müharibə dövründə düşmənə qarşı mübarizədə iqtidarın yanında durduğunu, hətta lazım olsa dövlətin fərdi əsgəri olmağa razı olduqlarını rəsmi sənədə imza atmaqla bildirdi.
⁃ Ölkə daxilində fəaliyyət göstərən jurnalistlərin, sosial şəbəkərlərdə fikir bildirən blogerlərin əksəriyyəti dövlətimizlə, ordumuzla nəfəs aldıqlarını sübut etdilər.
⁃ Cəmiyyətimiz (5-ci kolon nümayəndələrini çıxmaq şərti ilə) yumruq kimi bir olub, daima ordumuzu dəstəklədi. Hərbiçilərimizə şəxsi hesablarından yardımlar göstərdi. Öz övladlarını könüllü olaraq birbaşa öncəbhəyə göndərdi, əsgərlərimizə dayaq oldu.
⁃ Dünyanın müxtəlif ölkələrində yaşayan və uzun müddət milli birlik həsrəti ilə yaşayan soydaşlarımız böyük qürur hissi ilə dövlətimizi, ordumuzu mənəvi cəhətdən dəstəklədi.
⁃ Cənubi Azərbaycandakı qardaşlarımız iran-fars rejiminə ciddi müqavimət göstərdi. Erməni ordusuna göndərilən hərbi-maddi-texniki yardımlarla dolu maşın karvanının qarşısını kəsdi. Nəticədə yüzlərlə soydaşımız döyüldü, təhqir olundu, zindanlara salındı.
⁃ Məlum oldu ki, Azərbaycanda başqa ölkələrin maraqlarına xüsusu ilə İran, Rusiya, Ermənistan və digər antitürk siyasəti yeridən dövlətlərin xeyrinə çalışan qüvvələr mövcuddur.
Bu insanlar dövlət strukturlarının müxtəlif sahələrində bu gün də fəaliyyət göstərir.
⁃ Xarici ölkələrdə fəaliyyət göstərən diplomatik korpusların əksəriyyətinin işçiləri yararsız vəziyyətdədirlər.
Onların əksər çoxluğu şəxsi maraqlarına xidmət edir.
⁃ Avropada, Amerikada, Rusiyada fəaliyyət göstərən sosial şəbəkə istifadəçilərinin internet televiziyalarının bir çoxunda ölkəmizin uğuruna kölgə salan çıxışları məlum oldu.
⁃ Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların diaspora fəaliyyəti çox zəifdir. Bu da o deməkdir ki, Bakıda yerləşən və xaricdə yaşayan soydaşlarımızla əlaqə komitəsinin işi aşağı səviyyədədir.
⁃ Milli Məclisimiz bərbad vəziyyətdədir. Həmişəki kimi prezidentin ağzını güdür. Bir neçə millət vəkili istisna olmaqla əksəriyyəti prezidenti tərifləməkdə yarışa giriblər. Onlara elə gəlir ki; kim dövlət başçısı haqqında çox, yaxud daha yaxşı fikirlər söyləsə vətənə sədaqətlə xidmət edir.
⁃ Müharibə dövrü pandemiya ilə eyni vaxta düşdüyü üçün əhalimiz ikiqat əziyyət çəkdi.
Bu çətin dövrdə ayrı-ayrı rayonların icra hakimiyyəti orqanları rəhbərlərinin əksəriyyətinin xalqın xeyrinə fəaliyyəti hiss olunmadı.
⁃ Səhiyyə Nazirliyi yox, ayrı-ayrı xəstəxanaların həkimləri və tibb heyəti öz vəzifələrini şərəflə-vicdanla yerinə yetirdilər və bu gün də yetirirlər.
6. Qələbəmizi tamlaşdırmaq və ölkəmizin inkişafını sürətləndirmək üçün daha nələri etmək olar. . . ? Fikrimcə:
⁃ İlk növbədə Rusiya "sülhməramlıları"nın işğalçı hərbiçilər olduğunu bir an da unutmaq olmaz. Onların üzərində həm dövlət, həm də silahlı ordumuz nəzarətini gücləndirməlidir.
⁃ 10 noyabr bəyanatında müvafiq olaraq orada qeyd olunmuş müddəaları dayanmadan, fasilə vermədən icra etmək lazımdır.
Yəni: ərazilərin minalardan təmizlənməsi, yolların çəkilməsi, tələb olunan kommunikasiya xidmətlərinin qurulması, kəndlərin, qəsəbələrin, yaşayış məntəqələrinin yenidən salınması və işğaldan azad olunmuş rayonlara ümumilikdə ən azı bir milyon əhali yerləşdirilməlidir.
⁃ Yaxın gələcəkdə : çox güman gələn ildən gec olmayaraq Milli Məclis buraxılmalı, parlamentə yeni seçkilər keçirilməlidir.
⁃ Prezident aparatından başlamış bütün icra strukturlarında, həqiqi milli-vətənpərvər və savadlı insanların yerləşdirilməsi təmin olunmalıdır.

Müəllif: Qəvami Sadıqbəyli (jurnalist politoloq)
Xudaferin.eu

14:49