Rusiyanın müdafiə naziri bu gün Bakıya gəlir - səbəb...

Sergey Şoyqunun Azərbaycana səfər ərəfəsində ermənistanlı həmkarı ilə bir araya gəlməsi, İrəvanla hərbi əməkdaşlığın anonsunu verməsi narahatlıqlara yol açıb; Ermənistana 400 tonluq yanacaq “pay”ı müzakirə mövzusu ola bilər

Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu avqustun 25-də Bakıya işgüzar səfərə gələcək. Müdafiə Nazirliyinin məlumatına görə, səfər Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə reallaşacaq.

Səfərin bir gün çəkəcəyi bildirilir. Rusiyadakı hərbi mənbələrdə APA-ya verilən məlumata görə, Rusiya Müdafiə naziri Azərbaycanda keçiriləcək Dəniz kuboku ordu oyunlarının açılış mərasimində iştirak edəcək. Ancaq bu ərəfədə Rusiyada, Azərbaycan tankçılarının da uğurla iştirak etdiyi"Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində “Tank biatlonu” müsabiqəsi keçirilir. Eyni zamanda Rusiya ordusu Şimali Qafqazda və Xəzər dənizində genişmiqyaslı hərbi təlimlər keçirməkdədir. Belə bir durumda Şoyqunun Bakını ziyarət etməsinin pərdəarxası hansısa məsələlərlə əlaqədar olduğu barədə iddialar var. Yeri gəlmişkən, Şoyqun Bakı səfərindən öncə Ermənistan müdafiə naziri David Tonoyanı qəbul etmiş və onunla sərhəddəki son gərginlikləri müzakirə eləmişdi.

Ortaya haqlı suallar çıxır, Rusiya Türkiyə ordusunun Azərbaycan ordusuyla birgə təlimlərindən, iki ölkə prezidentlərinin, nazirlərinin, ordu rəhbərlərinin açıq və birmənalı mövqeyindən, bəyanatlarından narahatdırmı? Səfərdə əsas məqsəd nədir? Silah satışı, ya başqa məram var? Onu da qeyd edək ki, Sergey Şoyqunun Bakı səfərindən bir gün qabaq Rusiya tərəfi maraqlı gediş edib. Moskva bəyan edib ki, Moskva Ermənistana müasir Su-30SM qırıcılarınının çatdırılmasını müzakirə etməyə hazırdır. Rəsmi İrəvan məsələni şərh etməyib. Aydın məsələdir ki, Rusiya bu yolla Bakını Türkiyədən deyil, Rusiyadan silahlar almağa həvəsləndirmək üçün şedişlər edir, Şoyqunun gəlişi ərəfəsində...

Sergey Şoyqu: "Silahlı Qüvvələrimizin döyüş hazırlığının qəfil ...

 

Üstəlik, Şoyqu Ermənistanla birgə təlimlərin anonsunu verib. Teleqraf.com xəbər verir ki, Şoyqu erməni həmkarı David Tonoyanla “Ordu-2020" Beynəlxalq Hərbi-Texniki Forumu çərçivəsində keçirdiyi görüşdə bu haqda deyib. Onun sözlərinə görə, iki ölkə arasında hərbi əməkdaşlıq həm ikitərəfli formatda, həm də beynəlxalq strukturlar, ilk növbədə KTMT çərçivəsində inkişaf edir. O, Tonoyanı sentyabrın əvvəlində Moskvada MDB üzvü olan dövlətlərin, ŞƏT və KTMT üzvü olan ölkələrin müdafiə qurumlarının rəhbərlərinin birgə iclasına dəvət edib. Şoyqu iyunun 24-də Qırmızı Meydanda Qələbə Paradında erməni hərbçilərinin iştirak etdiyinə görə həmkarına təşəkkür edib. Sergey Şoyqu görüşdə işğalçı ölkə ilə Rusiya arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək, erməni xalqına ”dostluq mesajı" göndərməyi də unutmayıb. Rusiya müdafiə nazirinin sözlərinə görə, dostluq, mehriban qonşuluq və əməkdaşlıq münasibətləri nəsillərdən-nəsillərə ulu babaların böyük işlərinin xatirəsi kimi ötürülməlidir və hər il möhkəmlənməlidir. Rusiya-Ermənistan hərbi əməkdaşlığının yeni çalarları ilə bağlı anonsun edilməsi fonunda gerçəkləşən Bakı səfəri təbii olaraq şübhələr doğurur.

“Nəzərə almalıyıq ki, bu gün Rusiyanın özünün kifayət qədər ciddi problemləri və qayğıları var. Belə olan halda müdafiə naziri Bakıya bir günlük səfərə gəlirsə, deməli, bu, sıradan adi məsələ deyil”.

Üzeyir Cəfərov: “Bu sənəd razılaşdırma mahiyyəti daşıyır”

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında söylədi. Bildirdi ki,  Rusiyadakı hərbi oyunların açılışı iddiası da sadəcə ruslar ucun bir bəhanədir: “Ötən il 5 ölkənin iştirakı ilə keçirilən tədbirin açılışına nazir təşrif buyurmamışdı. Ancaq bu dəfə Rusiya tamam başqa məqsədlə Azərbaycana minnətçi düşüb. Bu, ölkəmizin son vaxtlar Türkiyə ilə çox sıx hərbi-siyasi əlaqələrinin qurulması və ölkə başçısının yaxın perspektivdə Türkiyənin Azərbaycan üçün 1 nömrəli portnyoru olacağını bəyan etməsidir. İndi Şoyqu Bakıya ona görə gəlir ki, bəzi detalları birinci şəxslərdən öyrənsin, rəsmi Moskvanın xahiş və düşüncələrini dilə gətirsin. Biz də bu şansdan yararlana bilərik və yararlanmalıyıq. Xarici işlər nazirimizın avqustun 26-da Rusiya paytaxtına həm tanışlıq, həm də vacib səfəri baş tutmalıdır. Hesab edirəm ki, həm müdafiə nazirimiz, həm də xarici diplomatiya idarəmizin başçısı Rusiyaya Azərbaycanın tələblərini və prioritetlərini açıq şəkildə diqtə etməlidir. Əvvəlki illərdə biz bir qədər mülayim və sakit şəkildə bəzi həlli vacib məsələləri dilə gətirirdiksə, indi artıq o dövrlər arxada qalıb. Qarabağ məsələsində, digər iqtisadi, siyasi məqamlarla bağlı artıq Rusiyaya bəzi narazılığımızı və narahatçılığımızı nəhayət ki, daha ötkəm şəkildə səsləndirməli və tələb etməliyik. Vaxt gözləmir və sonra gecikə bilərik. Azərbaycanın qaldıracağı bəzi vacib məsələlərin öz həllini tapmaması, yaxud yubanması Rusiyanın regionda daha çətin vəziyyətlə üzləşə biləcəyini deməyə əsas verir”.

Elxan Şahinoğlu: "Rusiya rus kəşfiyyatçılarının qətli ilə bağlı ...

Politoloq Elxan Şahinoğlu da bu ərəfədə Rusiya müdafiə naziri Sergey Şoyqunun Bakı səfərinin də təsadüfi olmadığını vurğuladı: “Əslində Şoyqunun səfərinin məqsədi aydındır. Rusiya Azərbaycanın hərbi planlarından narahatdır. Moskva Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının genişlənməsindən, Azərbyacan cəmiyyətində Türkiyə hərbi bazalarının Azərbaycan ərazisində yerləşdirilməsi ilə bağlı müzakirələrin aparılmasında çox narahat olublar. Üstəgəl, dövlət başçısı İlham Əliyev Türkiyə müdafiə naziri Hulusi Akarla görüşdə açıq şəkildə dedi ki, biz bundan sonra daha çox Türkiyədən hərbi texnika alacağıq. Halbuki bu vaxta qədər Rusiyadan alırdıq. Artıq Türkiyə hərbi sənaye kompleksi o qədər inkişaf edib ki, biz hərbi sənaye kompleksi məsələlərində də qardaş Türkiyə ilə əməkdaşlığa önəm verəcəyik. Həmçinin İlham Əliyev Putinə açıq şəkildə dedi ki, sərhəddəki son təxribatdan sonra da Rusiya Ermənistana tonlarla yük daşıyıb. Belə bir vəziyyətdə əlbəttə ki, biz Rusiyadan hərbi texnika ala bilmərik. Deməli, bu durum Rusiyanı da narahat edir. Ona görə də Şoyqunun Bakı səfəri həm də nəbz yoxlaması məqsədi daşıyır. Rusiya müdafiə naziri Azərbaycanın planlarını öyrənmək istəyir”.

Sergey Şoyqu: "Silahlı Qüvvələrimizin döyüş hazırlığının qəfil ...

 

Politoloq hesab edir ki, Şoyquya konkret cavab verilməlidir: “Ona da birmənalı şəkildə deyilməlidir ki, işğalçıya hərbi texnika daşıyan ölkədən nə hərbi texnika ala bilmərik, nə də hərbi əməkdaşlığı inkişaf etdirə bilmərik. Üstəgəl, bu səfər ərəfəsində erməni diversiya qrupunun Azərbaycana qarşı təxribatı da Şoyqurunun diqqətinə çatdırılmalıdır”.

Şübhə yox ki, Azərbaycanın müdafiə naziri cəmiyyəti narahat edən məsələlərlə bağlı rusiyalı həmkarına suallar ünvanlayacaq. Çünki Rusiyanın işğalçıya yardım yolladığı günlərdə Azərbaycan ordusu döyüşlərdə bir neçə qiymətli əsgər, zabit və gizirini, o cümlədən generalını itirdi. Odur ki, heç şübhəsiz Ermənistana göndərilən 400 tonluq yanacaq yardımı müzakirədən kənarda qala bilməz. Çünki bu məsələnin araşdırılması məsələsi həm də dövlət başçısının nəzarətindədir...

xudaferin.eu

 

 

10:49