Rusiyanın Mərkəzi Asiyada demarşı

 

Kreml bu regionda hərbi bazalarının sayını artırmağa çalışır

Rusiya prezidenti Vladimir Putinin Mərkəzi Asiya ölkələrinə davam edən səfəri siyasi müşahidəçilərin diqqət mərkəzindədir.Vladimir Putin Qırğızıstan və Tacikistana səfərini başa vurub.Kreml rəhbəri bundan sonra Özbəkistana, sonra isə Qazaxıstana yola düşəcək.Bu, Vladimir Putinin indiyə qədər ən genişmiqyaslı xarici səfər proqramı hesab olunur.SSRİ-nin süqutundan sonra Mərkəzi Asiya bölgəsi bir qayda olaraq, Rusiyanın geosiyasi nüfuz dairəsinə daxil olub. Bu səbəbdən də 1990-cı illərdə həmin Mərkəzi Asiyada başqa dövlətlərin Rusiya ilə geosiyasi rəqabət imkanları az olub. Lakin 2001-ci ilin 11 sentyabr faciəsindən sonra ABŞ-ın Əfqanıstanda antiterror əməliyyatlarına başlaması Mərkəzi Asiya dövlətlərinin də siyasi həyatına təsir göstərməyə başladı. Nəticədə Özbəkistanda və Qırğızıstanda ABŞ-ın hərbi bazaları yerləşdirildi, ardınca isə Qırğızıstanda rəngli inqilablar baş verdi. Son illər Mərkəzi Asiya uğrunda dərinləşən geosiyasi və geoiqtisadi rəqabətin mərkəzində Rusiya, Çin və ABŞ-ı öndə görmək mümkündür.Yəni 1990-cı illərdən fərqli olaraq, bu gün Mərkəzi Asiyada Rusiya yeni reallıqlarla üzləşib.Bu da öz növbəsində, adıçəkilən bölgədə geosiyasi situasiyanın dəyişməsi müşahidə olunur.Mərkəzi Asiya bazarında hazırda Rusiya ilə yanaşı ABŞ, Çin, Hindistan, Türkiyə, İran, Pakistan kimi böyük dövlətlər təsir imkanlarını artırmağa başlayıb.Bu isə regionda geosiyasi və geoiqtisadi qarşıdurmanın böyüməsinə səbəb olur.Siyasi ekspertlərin fikrincə, Rusiyanın Mərkəzi Asiya bazarından çıxarılmasına çalışan ABŞ indi həmin bölgədə Çin kimi daha güclü rəqiblə qarşılaşıb.Bu məqsədlə Birləşmiş Ştatlar 2013-cü ildə Mərkəzi Asiya dövlətlərinin daxil olduğu “S-5” formatında əməkdaşlıq təşkilatı yaradıb.Rusiyadan fərqli olaraq, Çinin Mərkəzi Asiyada siyasi və hərbi deyil, iqtisadi maraqları üstünlük təşkil edir.Hazırda, Mərkəzi Asiyanın istehlak bazarında və yatırılan sərmayələrin həcminə görə, Çin həm Rusiyanı, həm də ABŞ-ı və digər ölkələri üstələyir.Eyni zamanda, Çin Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının əsas alıcısına çevrilməkdədir.Paralel olaraq, Hindistan da Türkmənistan qazının əsas idxalçılarından biri sayılır.Təbii ki, prosesin belə inkişafı Rusiya üçün arzuolunmaz vəziyyət yaradır.Bununla yanaşı, Rusiyanın Mərkəzi Asiyada hərbi və siyasi təsirini genişləndirmək imkanları daha böyük görünür.Belə ki, ABŞ-ın 2012-ci ildə silahlı qüvvələrini Əfqanıstandan çıxartmasından sonra Vaşinqtonun Mərkəzi Asiya üzərində təsir imkanları azalmağa başladı. Eyni zamanda, Qazaxıstanın və Qırğızıstanın Avrasiya İqtisadi Birliyinə üzv olması, Mərkəzi Asiyada yerləşən beş dövlətdən üçünün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvü olması Rusiyanın bölgədə geosiyasi fəallığının artması üçün əlverişli şərait yaradır.

Xüsusilə də 2016-cı ilin sentyabr ayında Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra Putin iqtidarına yaxınlığı ilə seçilən Şövkət Mirziyoyevin hakimiyyət başına gəlməsi Rusiyanın Mərkəzi Asiyaya fəal müdaxiləsi üçün yeni mərhələnin başlanğıcı hesab edilir.Rusiyanın Mərkəzi Asiyada fəallaşması üçün növbəti amil Mərkəzi Asiyada radikal islamçılığın və terrorizm təhlükəsinin artmasıdır.Bu isə Rusiyaya Mərkəzi Asiyada yeni hərbi bazalar yerləşdirmək və Özbəkistanı KTMT-yə üzv etməklə bağlı planlarını həyata keçirmək üçün siyasi zəmin formalaşdırır.

Prezident Vladimir Putinin Bişkekə səfəri zamanı Rusiya hərbi bazasını Qırğızıstandan çıxartmağa hazır olduğu barədə açıqlaması analitiklərin diqqətini cəlb edib.Rusiyanın dövlət başçısı Tacikistan prezidenti ilə görüşündə də hərbi bazalar məsləsini gündəmə gətirib.Kreml Kantdakı hərbi bazanı Mərkəzi Asiya regionunu terrorizmdən, xüsusilə də Əfqanıstandakı Taliban hərəkatından qoruya bilən əsas qüvvə hesab edir.Ona görə də Putinin Bişkekdə söylədiyi fikirlər əslində, Qırğızıstana ünvanlanmış təhdid kimi şərh olunur.Eyni zamanda, “Taliban” faktoru Rusiyaya Tacikistanda yerləşən hərbi bazalar orada sülhün təminatçısı adı ilə saxlamaq üçün ciddi arqument verir. MDB Mərkəzi Asiya və Qazaxıstan İnstitutunun şöbə müdiri Andrey Qrozinin fikrincə, Qırğızıstanın və Tacikistanın həm KTMT, həm Şanxay Əməkdaşlıq Təştilatının üzvü olduğu nəzərə alınarsa, Putinin səfərinin təhlükəsizlik məqsədilə həyata keçirildiyi şübhə doğurmur. Ekspertin fikrincə, Putinin Qırğızıstanda və Tacikistandakı hərbi bazalarla bağlı verdiyi bəyanat Moskvanın Mərkəzi Asiya ilə bağlı təhlükəsizlik sahəsində seçdiyi ümumi gedişidir.Tacikistan Əfqanıstandan Suriyaya və İraqa döyüşməyə gedən terrorçular üçün tranzit qapı sayılır.

Bu baxımdan, Tacikistanın Əfqanıstanla sərhəddində, Kurqan-Tubedeki 201-ci Rusiya hərbi bazası təhlükəsizliyin təminatında mühüm rol oynayır.Özbəkistan isə Rusiya və ABŞ-la paralel əməkdaşlıq siyasəti yürütdüyünü nümayiş etdirsə də prezident Şövkət Mirziyoyev Kremlə daha yaxın şəxs sayılır.Mart ayının sonlarında Ş.Mirziyoyev ilk xarici səfərini Rusiyaya edəcək.ABŞ prezident Donald Tramp isə Mərkəzi Asiya siyasəti və bu bölgədə Rusiya, Çin ilə münasibətlər barədə hələ heç nə deməyib.Siyasi müşahidəçilərin fikrincə, çox keçmədən bir qrup ABŞ diplomatının Daşkəndə səfəri baş tuta bilər.Ancaq Ş.Mirziyoyevin Rusiya prezidenti ilə yaxın münasibətləri Özbəkistanın qapılarını KTMT-yə və Avrasiya İqtisadi Birliyinə aça bilər.Bu isə Rusiya hərbi bazalarının Özbəkistana gətirilməsi ilə bağlı Kremlin planlarını reallaşdırmağa əlverişli şərait yaratmış olar.

Müşfiq Abdulla

18:07