Rusiya Qarabağ savaşına qarışacaqmı - kritik sual haqda bir daha

“Rus NATO”su Sergey Lavrova qarşı - KTMT komandanı XİN başçısını təkzib edir; politoloq: “Rusiya müharibəyə müdaxilə edərsə, bu, artıq başqa dövlətə hərbi müdaxilə sayılacaq və məsələ BMT-yə çıxarılacaq”; Qərb nəşri: “Özünün böhranlı iqtisadiyyatı ilə Ermənistan yeni daxili siyasi qarşıdurmalar ərəfəsindədir...”

Qəzetimizin ötən sayında işğalçı Ermənistanın “iki stul”da oturmaq siyasəti aparan hakim rejiminin son vaxtlar Rusiyanın iradəsi ziddinə Qərbə artan reveransları haqda yazmışıq. Parlamentdə seçilmiş 4-cü prezident, Böyük Britaniyadakı sabiq səfir Armen Sərkisyanın Qərbə bağlı şəxs olması da o sırada yer alır. Bundan öncə isə Ermənistan Avropa Birliyi (AB) ilə tərəfdaşlıq sazişi imzalamış, İrəvanın mərkəzində faşist əlaltısı Qaregin Njdeyə abidə ucaldılmışdı.

Forpost və Kremlin müttəfiqi sayılan Ermənistandan bu kimi qəfil reveranslar artıq Rusiyanın ən azından ekspert ictimaiyyətində ciddi etirazlar doğurmağa başlayıb. Məsələn, rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov İngiltərədəki səfirin Ermənistan prezidenti seçilməsini Rusiyanın təhlükəsizliyi baxımından Moskvaya əlavə problemlər yaradacağını söyləyib. Sitat: “Ermənistan Avropa Birliyi ilə assosiasiya sazişi imzalayanda Rusiya siyasi elitası real olaraq şok keçirdi. Britaniyadakı sabiq səfirin Ermənistan prezidenti seçilməsi isə Rusiya üçün ”ikinci şillə" oldu".

 

Politoloq yaranmış vəziyyətin üç mümkün inkişaf ssenarisindən də danışıb. Həmin variantlardan birinə görə, Rusiya Ermənistana cəza olaraq, Azərbaycanın işğal altındakı ərazilərlə bağlı atacağı istənilən addımı təqdir eləməlidir. Yəni Bakının antiterror əməliyyatına mane olmamalıdır. Hərçənd ötən il açıqlamalarının birində Rusiyanın erməni kökənli xarici işlər naziri Sergey Lavrov Azərbaycanın daxili işlərinə müdaxilə edərək, belə bir avantürist açıqlama vermişdi ki, “Qarabağda hərbi əməliyyatlar Azərbaycanın daxili məsələsi deyil”. Halbuki Rusiyanın özü çeçen xalqının haqq etdiyi mili-azadlıq hərəkatını “antiterror əməliyyatı” bəhanəsi ilə qan içində boğarkən heç bir ölkədən, o cümlədən Azərbaycandan icazə almamışdı. Belə çıxır ki, “Güclü həmişə haqlıdır”?..    

*****

 

Bütün hallarda Azərbaycan öz ərazilərini işğaldan hərb yolu ilə azad edərkən iki dəfə düşünməli, ilk növbədə də Rusiyanın mümkün davranışını hesablamağı bacarmalıdır. Bu yöndə şərh və proqnozlar davam edir. 

“Dağlıq Qarabağdakı separatçı qurum ”DQR" Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü deyil. O üzdən Dağlıq Qarabağda hər hansı savaş başlayarsa, separatçılara KTMT tərəfindən heç bir hərbi dəstək verilməyəcək". Bunu Ermənistanın da üzv olduğu, “Rus NATO-si” kimi tanınan KTMT Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov “KTMT-yə üzv ölkələr üçün başlıca hərbi təhdidlər” mövzusunda keçirilən telekörpü zamanı söyləyib.
 

 

“KTMT bütün razılaşmaları konkret olaraq Ermənistanla imzalayıb və deməli, yalnız İrəvan qarşısında öhdəliyimiz var. Ermənistan vətəndaşları əmin ola bilərlər ki, KTMT ehtiyac yaranacağı təqdirdə onları darda qoymayacaq”, - deyə o bildirib. Generalın sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı vəziyyət olduqca gərgindir, hətta o dərəcədə ki, hər iki ölkə dəfələrlə bir-birilərinin paytaxtlarını almağa çalışıblar.

Sidorov həmçinin bu iki ölkənin “böyük sovet ailəsində” sülh və qarşılıqlı hörmət şəraitində yaşadığını xatırladıb. General onu da əlavə edib ki, KTMT blokuna üzv olan bu və ya digər ölkənin cəlb olunduğu hərbi münaqişəyə qarışmaq səlahiyyətində deyil. “Bunun üçün kömək barədə müraciət olmalıdır. NATO isə üzv ölkələrdən müraciət gözləmədən onlara hərbi dəstək verir. Bu isə heç də korrekt deyil və NATO üzvü olan ölkələrin suverenliyini pozur” - qərargah rəisi fikrini tamamlayıb.

*****

“Azərbaycan müharibəyə başlayarsa, bu prosesə nə KTMT, nə də Rusiya qoşula bilər. Çünki bu, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən prosesdir”. Bu sözləri axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli rus generalın fikrini şərh edərkən deyib. Politoloq hesab edir ki, Azərbaycan öz daxilində separatizmə qarşı mübarizə adı altında hərbi əməliyyatlara başlamaq haqqına sahibdir.

“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və dünyanın heç bir ölkəsi onun müstəqilliyini tanımayıb. O üzdən Azərbaycan müharibəyə başlayarsa, bu prosesə nə KTMT, nə də Rusiya qoşula bilər. Çünki bu, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən prosesdir. Düşünürəm ki, Moskva bu prosesə zərrə qədər də müdaxilə etməməlidir. Son zamanlar rusiyalı siyasətçilərin bu barədə tez-tez danışması təsadüfi deyil. Görünür, danışıqlar gedir. Hazırda Azərbaycanın əlində çox ciddi faktlar var. Təkcə ermənilərin Dağlıq Qarabağdan kənarda məskunlaşma siyasəti aparması yetərlidir ki, torpaqlarımızın azadlığı üçün müharibəyə başlayaq”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, əgər Rusiyanın Ermənistandakı qoşunları müharibəyə müdaxilə edərsə, bu, artıq başqa dövlətin ərazisinə hərbi müdaxilə kimi qəbul ediləcək və məsələ BMT səviyyəsinə qaldırılacaq: “Hazırda Dağlıq Qarabağda Ermənistan qoşunlarıdır və təlimatçılar işğalçı ölkədəki hərbi bazaların hərbçiləridir. Yəni müharibə prosesində Dağlıq Qarabağı Ermənistan və oradakı rus hərbi bazaları da təchiz edə bilər. Düzdür, bunu sübut etmək o qədər asan olmayacaq. Bakı hər ehtimala qarşı, Moskva ilə danışıqları davam etdirməklə bərabər, seçkilərdən sonra sülh danışıqları prosesini də nəzərdən qaçırmayacaq. Ermənistan onsuz da yenə qeyri-konstruktiv mövqe tutacaq. Azərbaycan bütün bu məsələləri dəqiqləşdirdikdən sonra dünyaya bəyan edə bilər ki, Ermənistan təkcə Dağlıq Qarabağda deyil, onun hüdudlarından kənarda da məskunlaşma və özününküləşdirmə siyasəti apararaq beynəlxalq hüquq normalarını kobud surətdə tapdalayır. Azərbaycan bu fonda öz ərazi bütövlüyünü təmin etmək və məskunlaşma prosesini dayandırmaq üçün əlində olan vasitələrdən istifadə edəcək. Çünki İrəvan Bakıya başqa yol qoymur”.

*****

Bu arada Qərb analitikləri də işğalçı Ermənistanın Rusiya ilə münasibətlərində müşahidə edilən son gəlişmələrə diqqət ayırmağa başlayıb. Məsələn, İsveçrənin “Neue Zürcher Zeitunq” nəşri bu xüsusda yazıb: “Ötən il Avropa Birliyi ilə tərəfdaşlıq sazişi imzalayanadək Ermənistanın xarici siyasəti həmişə Moskvaya oriyentasiyalı idi. Moskva Ermənistanda iqtisadi və siyasi təhlükəsizlik planında həlledici qüvvədədir. Ancaq Avrasiya İqtisadi Birliyinə qoşulmaq ona xeyirdən çox zərər gətirib. Xarici siyasətdə İrəvan yenidən maraqları balanslaşdırmağa çalışır. Öncə Sərkisyanın Türkiyə ilə yaxınlaşmaq cəhdləri uğursuzluğa uğradı. Rusiyaya gəlincə, burda da İrəvan Rusiya silahlarının Azərbaycana verilməsindən yana məyusdur - hansı Azərbaycana ki, münasibət daha davakar xarakter alıb. Belə xarici siyasət özəllikləri ağır inkişaf edən iqtisadiyyatla birgə yekun etibarilə Ermənistanda keçmişdə olduğu kimi təzədən daxili siyasi qarşıdurmalara gətirəcək”.

Bu qəbildən proqnozların həqiqət yükünə isə yəqin ki, tezliklə əminlik hasil edəcəyik.

 

12:09