Rusiya Prezidenti və Ermənistanın baş naziri danışıqların yekunlarına əsasən birgə bəyanatla çıxış ediblər

Rusiya və Ermənistan Azərbaycanın, Ermənistanın və Rusiyanın rəhbərlərinin müntəzəm görüşləri çərçivəsində konstruktiv işin davam etdirilməsinə və Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə üç liderin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının ardıcıl surətdə həyata keçirilməsinə tərəfdar olduqlarını bildiriblər.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada aparılmış danışıqlarının yekunlarına əsasən Kremlin saytında dərc olunmuş birgə bəyanatda əksini tapıb.

Bəyanatda deyilir ki, tərəflər Azərbaycanın, Ermənistanın və Rusiyanın baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə Üçtərəfli İşçi Qrupun fəallığını artırmağın vacib olduğunu qeyd ediblər.

Sənəddə göstərilir ki, Rusiya tərəfi Ermənistanda dəmir yolu infrastrukturunun, o cümlədən Ermənistan Respublikasının Sünik və digər vilayətlərində dəmir yolların bərpası layihələrində iştirak etməyə hazırdır.

Tərəflər 2021-ci il 26 noyabr tarixli Üçtərəfli razılaşmaya uyğun olaraq tərəflərin sorğularına əsasən Rusiyanın məsləhət köməyi ilə Ermənistan-Azərbaycan sərhədi rayonunda delimitasiya və təhlükəsizlik məsələləri üzrə ikitərəfli komissiyanın yaradılmasını sürətləndirmək barədə razılığa gəliblər.

Liderlər Rusiyanın dəstəyi ilə Azərbaycanın və Ermənistanın din xadimləri və ictimaiyyətin nümayəndələri arasında baş tutmuş əlaqələrin yüksək dərəcədə faydalı olması fikrində həmrəy olublar. İki ölkənin xalqları arasında “körpü salınmasına” kömək edən bu praktika davam etdiriləcək.

Tərəflər Azərbaycan ilə Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşdırılmasına kömək məqsədilə Ermənistan, Rusiya və Azərbaycanın üçtərəfli qarşılıqlı əlaqələrini fəallaşdırmaq barədə razılığa gəliblər.

Humanitar məsələlərin həllində və regionda ehtiyacı olanların hamısına kompleks şəkildə kömək göstərilməsinin təmin edilməsində bütün əlaqədar aktorların, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin və BMT-nin ixtisaslaşmış agentliklərinin, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və UNESCO-nun iştirakının vacibliyi qeyd edilib.

V.Putin və N.Paşinyan Rusiyanın dəstəyi ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin başlanmasını alqışlayıblar.

Tərəflər regiondakı bütün ölkələr arasında dialoqun və çoxplanlı əməkdaşlığın genişləndirilməsi üçün əlavə imkanlar verməli olan “3+3” regional konstruktiv platformanın uğurla işə başlamasını qeyd ediblər.

Rusiya Prezidenti və Ermənistanın baş naziri əmin olduqlarını bildiriblər ki, Moskvada aparılmış səmərəli danışıqlar Rusiya-Ermənistan çoxtərəfli müttəfiqliyinin daha da möhkəmlənməsinə kömək edəcək.

 

Fəridə Abdullayeva

Xudaferin.eu

13:47