Rusiya Böyük Teatrında azərbaycanlı musiqiçilərin iştirakı ilə “Karmen” operası oynanılacaq

İyunun 7-dən 10-dək Rusiya Dövlət Akademik Böyük Teatrında J.Bizenin “Karmen” operası nümayiş etdiriləcək.

Xudaferin.eu teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində iyunun 7-də və 9-da Mikaelanın partiyasını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva (soprano), Eskamilyonun partiyasını Əməkdar Artist Elçin Əzizov ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Rusiya Böyük Teatrının solistidir. O, dünyanın məşhur opera teatrı səhnələrində və konsert zallarında çıxış edib. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransanın Kolmar və Çexiyanın Praqa şəhərlərində “Qala Verdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015-ci və 2017-ci illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin “İolanta” və “Qaratoxmaq qadın”, S.Prokofyevin “Üç portağal sevgisi”, N.A.Rimski-Korsakovun “Çar gəlini”, M.Musorqskinin “Boris Qodunov”, C.Verdinin “Traviata”, “Don Karlos”, A.Borodinin “Knyaz İqor” operalarında yaddaqalan obrazlar yaradıb.

12:15