Rusiya azərbaycanlılarının ilk internet-telekanalı – AZRU yayıma başlayır

Rusiya azərbaycanlılarının ilk internet-telekanalı – AZRU vahid informasiya portalı yayıma başlayır. Bunu AZƏRTAC-a portalın baş redaktoru, jurnalist, ictimai xadim və politoloq Roman Ağayev bildirib.

Baş redaktor xatırladıb ki, portal ötən ilin avqustunda Rusiya Federasiyasının kütləvi informasiya vasitəsi kimi rəsmi qeydiyyatdan keçib. O əlavə edib: “Bu, Rusiya azərbaycanlıları üçün və ümumilikdə Rusiya-Azərbaycan münasibətləri baxımından əlamətdar hadisə sayılır. İnternet-kanalın yayıma başlaması bizim ortaq qələbəmizdir. Hazırda Rusiyada yaşayan azərbaycanlıların öz KİV-i var, indi isə məxsusi internet-telekanalı da mövcuddur”.

AZRU portalında Rusiyanın azərbaycanlı icması üçün maraq kəsb edən aktual xəbərlər, Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinin kontekstində son yeniliklər, Rusiyanın müxtəlif regionlarında azərbaycanlıların təşkilatlarının təşkil etdikləri və ya fəal iştirak etdikləri tədbirlərdən reportajlar, Azərbaycan və xalqımızın zəngin tarixi-mədəni irsi haqqında maraqlı faktlar, Azərbaycanın rus icmasının fəaliyyəti barədə məlumatlar, Rusiyanın azərbaycanlı icmasının və Azərbaycanın rus icmasının maraqlı personajları ilə bağlı məqalələr, müəllif materialları, analitik icmallar, anonslar və elanlar yerləşdirilir.

Bu portal tədbirlərin işıqlandırılması zamanı informasiyaların keyfiyyətli və düzgün çatdırılmasına şərait yaradır, həmin xəbərlərin Rusiya və Azərbaycan KİV-də, həmçinin daha geniş auditoriyada yayılmasına kömək edir, habelə təşkilatların, yaradıcı kollektivlərin və Rusiyanın azərbaycanlı icmasının ayrı-ayrı fəallarının fəaliyyətinin prodüser müşayiətini təmin etməklə, onların haqqında maraqlı proqramlar, süjetlər və sənədli xronika hazırlayır.

“İctimai maliyyələşmə əsasında işləyəcək portalımızın fəaliyyətini dəstəkləyən hər kəsə və ayrı-ayrı şəxslərə təşəkkür edirəm. Bizim hamımızın ortaq internet-telekanalının inkişafı və daha yaxşı olması üçün sizləri bundan sonra da dəstəyinizi əsirgəməməyə və onun fəaliyyətində fəal iştirak etməyə çağırıram”, -deyə R.Ağayev sözlərinə yekun vurub.

AZƏRTAC

16:56