RUSDİLLİ AZƏRBAYCANLILAR, YOXSA RUSLAŞMIŞ AZƏRBAYCANLILAR?

RUSDİLLİ AZƏRBAYCANLILAR, YOXSA RUSLAŞMIŞ AZƏRBAYCANLILAR?

Bu yazını yazmaq mənim üçün asan deyil..

Çünki söhbət yad millətlərdən yox, özümüzdən, öz millətimizdən gedir.

Söhbət Azərbaycandan kənarda doğulan soydaşlarımızdan da getmir. 

Rusiyada rus məktəbində oxumağa məcbur edilən azərbaycanlılardan da getmir. Avropada yaşayan yaşadığı ölkənin dövlət dilində təhsil alan qürbətçilərimizin övladlarından da getmir. 

Söhbət öz vətənində, öz torpağında, öz evində ana dilini könüllü şəkildə arxa plana keçirən, övladına doğma dilini öyrətməyi vacib saymayan, öz ana dilində danışmağı ar bilən, rus dilini və rus millətini öz milli kimliyindən üstün tutan azərbaycanlılardan gedir.

Əslinə qalsa mən nəyinki rus dilinin, heç bir millətin dilinin əleyhinə deyiləm.

Rus dili də digər dünya dilləridə öyrənilməli və istifadə edilməlidir. İnsan nə qədər çox dil bilirsə, bilik dünyası bir o qədər genişdir. Mənim etirazım dillərə yox, dilin arxasında gizlənən milli aşağılıq kompleksinədir.

Bir insan rusca, ingiliscə, almanca, fransızca, ispanca danışa bilər və bununla fəxr edə bilər.
Bizim evimizdə uşaqlar 6,7 dildə sərbəst danışırlar. Və onlar heç vaxt nə mənimlə, nədə anaları ilə yad dildə danışmazlar. Bu nornalldl. 

Əgər insan öz ana dilində danışmaqdan utanırsa, öz uşağına Azərbaycan türkcəsini öyrətməyi gerilik hesab edirsə, Azərbaycan türcəsində danışanı aşağı görürsə, burada artıq söhbət savaddan getmir. Burada söhbət özünə, öz millətinə münasibətdən gedir.

MƏN BU DƏRSLƏRİ UŞAQLIQDAN ALMIŞAM

Orta məktəbdə ata qədər sevdiyimiz bir müəllimimiz vardı. El arasında “Kəllə Sabir” kimi tanınan mərhum Sabir Zeynalov idi. Onu nəyinki Şuşa, Qarabağ, bütün Azərbaycan tanıyırdı. Bizim üçün isə o, sadəcə ədəbiyyat müəllimi deyildi. O, bizim müəllimimiz, böyüyümüz, mənəvi atamız idi.

Sabir müəllim bizə yalnız Nizamini, Füzulini, Sabiri, Üzeyir bəyi, Mirzə Cəlili öyrətmirdi. O, bizə Azərbaycanı öyrədirdi. Ana dilimizi sevməyi, tariximizi bilməyi, keçmişimizdən utanmamağı, gələcəyimizi düşünməyi öyrədirdi.

Yalançıdan, yaltaqdan, qorxaqdan, ikiüzlüdən zəhləsi gedirdi, rəhmətliyin. Sovet rejimi kimi insanları qorxuya, yaltaqlığa və itaətə alışdıran bir sistemdə şəxsiyyət olaraq qalmaq asan deyildi. Sabir müəllim isə özü şəxsiyyət idi.

İndi geriyə baxanda anlayıram ki, o, bizə dərs deməklə kifayətlənmirmiş, bizi şəxsiyyət kimi yetişdirirmiş...

Bu gün ana dilimizə, vətənimizə, xalqımıza sevgimiz varsa, bunda Sabir müəllimin böyük əməyi var. Şuşada demək olar müəllimlərimiz bizi Vətən üçün bir əsgər kimi tərbiyyə edərdilər. 

Allah hamısına rəhmət eləsin!

SONRA BÖYÜDÜKCƏ DAHA ÇOX ŞEY ANLADIQ

Ali məktəbdə də milli düşüncəli, vətənini, millətini və ana dilini sevən müəllimlərdən dərs aldım.

Onlardan Solmina Dadaşovanı, Cabir Səfərovu, Afaq Quliyevanı və digər dəyırli müəlimlərimizi unuda bilmirəm. 

Solmina Xanım və Cabir müəllim bizim üçün adi müəllim deyildilər. Onlarla münasibətimiz, demək olar, valideyn-övlad münasibəti idi.

Hər ikisidə kübar, dədə babaları Avropa təhsili almış, Köhnə Bakı ziyalı, zadəgan mühitindən çıxmışdılar. Onların ailələri Stalin repressiyalarının ağrılarını yaşamışdılar...

Onların bizə milli məsələlərlə bağlı söylədikləri bir çox sözlər illərdir yaddaşımdan silinməyib. 

Bizə inandıqları üçün bəzən sərt danışırdılar. Bəzən dedikləri sözlər bizə ağır gəlirdi.

Amma illər keçdikcə həmin sözlərin arxasındakı həqiqəti, sətiraltı mənaları daha yaxşı anlayırdım...

Onlar bizə bir şeyi öyrədirdilər:

Milli kimliyini itirmə. Öz xalqından utanma. Öz dilini yad dilə qurban vermə. Öz millətinizi yad millətlərin ayağına verməyin. 

Çünki milli yaddaşını itirmiş insanın sabah hansı tərəfdə dayanacağını əvvəlcədən bilmək çətindir. Onlar həmişə milli satqınlığa meyilli olarlar...

MƏSƏLƏ RUS DİLİ DEYİL, RUSLAŞMAQDIR.

Bunu xüsusilə bir daha vurğulamaq istəyirəm: Məsələ rus dili deyil. Məsələ ruslaşmaqdır. 
Rus dilini bil, rus mədəniyyətini oyrən, Dostoyevskini, Tolstoyu, Puşkini oxu, amma zəif xarakterli olub ruslaşma. Əqidəli, milli şüurlu, rus dilində mükəmməl danışan insanı avtomatik ruslaşmır. Əksinə nə qədər çox dil bilsən bu sənin aliliyindir. 

Amma öz ana dilinə xor baxmaq, öz millətindən utanmaq, öz uşağına Azərbaycan türkcəsini öyrətməyi lazımsız saymaq artıq başqa məsələdir.

Bu, sadəcə ana dilinə xəyanət deyil, bu  milli kimliyə xəyanətdir.

Öz evində uşağı ilə Azərbaycan dilində danışmayan, amma rus dildə danışmağı “mədəniyyət” hesab edən valideyn bir gün öz övladının nəyinki Azərbaycanla, hətta özləri ilə mənəvi bağları qırılacaq...

Çünki uşağa vətən sevgisini yalnız məktəb öyrətmir. Uşaq vətəni ilk növbədə evdə eşitdiyi dildə tanıyır.

Ana dilində ilk laylasını eşidir. Ana dilində ilk sözünü deyir. Ana dilində “ana”, “ata”, “baba”, “nənə” deyir. Sonra biz həmin uşağa deyirik: “Azərbaycanı sev!” Amma uşaq Azərbaycanı hansı dildə tanıyacaq?

MİLLƏTİN ƏN BÖYÜK İTKİSİ DİLİNİ İTİRMƏSİDİR

Tarixdə imperiyalar təkcə torpaqları işğal etməyiblər. Onlar insanların yaddaşına da sahib olmaq istəyiblər. Çünki imperialistlər üçün torpağı işğal etmək bir mərhələdir, insanın düşüncəsini işğal etmək isə daha böyük qələbədir. Dilini dəyişən insanın yaddaşını dəyişmək daha asandır.

Öz tarixindən, dilindən, milli mənsubiyyətindən utanmağa başlayan insanın gələcəyini də başqa millətlər müəyyənləşdirə bilər. Ona görə mən milli dil məsələsinə adi məsələ kimi baxmıram.

Bu, milli təhlükəsizlik məsələsidir.

Bu, gələcək nəsil məsələsidir.

Bu, müstəqillik məsələsidir.

Azərbaycanın dövlət sərhədlərini qorumaq necə vacibdirsə, milli sərhədlərini qorumaq da o qədər vacibdir. Milli sərhədlərimizin ən böyük dayaqlarından biri isə Azərbaycan dilidir.

HƏYAT MƏNƏ ÇOX ŞEY GÖSTƏRDİ 

Hərbi xidmət və təhsil illərində və qürbət həyatımda müxtəlif millətlərdən olan insanlarla bir yerdə yaşamışam. Milli zəmində qarşıdurmaların da şahidi olmuşam. Bəzi hallarda Azərbaycandan olan türklər, ləzgilər, yəhudilər və başqa millətlərdən olan insanlar bir-birinə dayaq olurdular, qahmar durublar. 

Amma bəzi rusdilli və ruslaşmış azərbaycanlıların belə məqamlarda öz millətindən uzaq dayandığını da çox görmüşəm.

Sonralar Avropada uzun illər qürbət həyatı yaşadım. Qürbətdə də müxtəlif insanlarla qarşılaşdım.Açığını deyim: bəzi hallarda rusdilli və öz milli kimliyindən uzaqlaşıb ruslaşmış azərbaycanlıların çox vaxt öz xalqına qarşı münasibətləri məni məyus edib..

Amma ədalət naminə bir şeyi də deməliyəm:

Mənim rusdilli azərbaycanlılar arasında vətənini, millətini və Azərbaycan dilini ürəkdən sevən, etibar etdiyim dostlarım da var.

Onların varlığı mənə bir həqiqəti göstərir:

İnsan rusca danışa bilər, amma ruhən azərbaycanlı qala bilər. Deməli məsələ dildən çox milli şüurda və milli ruhdadır. 

MİLLƏT ÖZÜNƏ SUAL VERMƏLİDİR

Niyə öz ölkəmizdə iki azərbaycanlı bir-biri ilə danışanda avtomatik rus dilinə keçir?

Niyə Azərbaycan dilində danışan insanı bəziləri “kəndçi”, "geridəqalmış" hesab edir?

Niyə rusca danışmaq bəziləri üçün status, Azərbaycan dilində danışmaq isə gerilik göstəricisidir?

Niyə bəzi valideynlər övladının rus dilində bir neçə söz deməsi ilə fəxr edir, amma Azərbaycan dilində düzgün danışmasını vacib hesab etmir?

Bu, nə vaxtdan üstünlük oldu?

Öz dilindən utanmaq nə vaxtdan mədəniyyət oldu?

Öz xalqının dilini bilməmək nə vaxtdan savad göstəricisinə çevrildi?

Antropoloq və etnoqraf alimlər sübut efirlərki əsli nəcabəti və şəcərəsi (7 nəslini tanımaq) bəlli insanları assimilyasiya etmək çox çətindir. 

DÖVLƏT DƏ, CƏMİYYƏT DƏ MÜNASİBƏTİNİ DƏYİŞMƏLİDİR

Mən Azərbaycanda xarici dillərin öyrənilməsinin tərəfdarıyam. Hətta daha çox xarici dil öyrənilməsini istəyirəm. Bağçalarda uşaqlara Azərbaycan dili ilə yanaşı xarici dillərdən seçim imkanı verilməlidir. Orta məktəbdə isə ən azı iki xarici dil yüksək səviyyədə öyrədilməlidir.

Amma bir şərtlə:

Ölkədə yalnız Azərbaycan məktəbləri fəaliyyət göstərməlidir!

Heç bir xarici dil Azərbaycan dilinin yerini tutmamalıdır!

Məktəblərimizin səviyyəsi elə yüksəldilməlidir ki, valideyn uşağını repetitordan-repetitora gəzdirməsin.

Müəllimə isə nəhayət layiq olduğu münasibət göstərilməlidir. Müəllim dövlətin adi işçisi deyil. Müəllim millətin gələcəyini yetişdirir.

Ona görə orta məktəb müəllimləri yüksək sosial təminatla, layiqli maaşla və dövlətin xüsusi statusuna malik ən yüksək və xüsusi liqota malik olunmalıdırlar. Onlara bütün olkə nəqliyatı, tətil vaxtı müəllimlərə istirahət guşələri, müalicə müəsdələri, sanatoriyalar pulsuz olmalıdır. Dövlət 5 il iş stajı olan və mənzil problemi olan müəllimlər pulsuz evlə təmin etməlidir.

Çünki bu ölkəni sabah nə məmur, nə oliqarx, nə də milyonçu idarə edəcək. Sabahın Azərbaycanını bu gün məktəb partasında oturan uşaqlar quracaq. Onları isə sabaha yetişdirən müəllimdir. 

ANA DİLİNƏ XƏYANƏT ÖZÜNƏ XƏYANƏTDİR

Mən heç kimin hansı dildə danışmasına qadağa qoyulmasını istəmirəm.

İnsan azaddır. Kim istəyir rusca danışsın, kim istəyir ingiliscə danışsın. Amma mən bir şeyi qəbul etmirəm:

Ölkədə yalnız Azərbaycan məktəbi olmalıdır!

Bütün dillər bir fənn kimi Azərbaycan məktəblərində tədris edilməlidir!

Azərbaycan dilində təhsil almış bütün vətəndaşlara ölkədə bütün vəzifə qapıları açıq olmalıdır!

Azərbaycan türkcəsində təhsil alan və danışan insanın öz ölkəsində özünü yad, qərib hiss etməsini! Bu, qəbulolunmazdır!

Azərbaycanlı öz ölkəsində Dövlət dilində danışanda utanmamalıdır!

Əksinə, öz dilində danışmaqdan hər bur Azərbaycan övladı qürur duymalıdır. Bizim uşaqlarımıza bunu öyrətməliyik.

Unutmayin ki, millət yaddaşla yaranır.

Tarixlə yaranır.

Mədəniyyətlə yaranır.

Ən əsası isə dillə yaşayır.  Anasının dili ilə. Hər bir ananın körpəsinə Azərbaycan dili öyrətməsi onun tək ana borcu deyil, şərəf borcudur. 

Dilini itirən millətin siyasi müstəqilliyi də bir gün mənəvi boşluğa çevrilə bilər...

Ona görə bu məsələ bizim üçün sadəcə dil məsələsi olmanalı. 

Bu, Azərbaycan məsələsidir!

Böyük fəlsəfi şairimiz Bəxtiyar Vahabzadənin sözləri isə bu gün də adamın üzünə sillə kimi dəyir:

“Öz doğma övladına doğma ana dilini
Öyrətməyən analar.
Bəs ana adlanmağa sizin haqqınızmı var?!
Dilinizi danırkən özünüzü dandınız,
Ancaq bu alçaqlığı siz ucalıq sandınız…”

Bəli, şair sərt danışır. Amma bəzən həqiqətin özü sərt olur.

Ana dilini övladına öyrətməyən valideyn öz övladından yalnız bir dili əsirgəmir. O, öz övladının milli yaddaşın qapıları bağlamış olur. 

Bunu romantik sözlərlə ört-basdır etmək olmaz.

Biz ya özümüz olaraq qalacağıq, ya da bir gün özümüzə aid olanı başqalarının dili ilə axtaracağıq...

Mən birincisini istəyirəm:
Biz özümüz olaraq qalacağıq!

Azərbaycanlı Azərbaycan dilində danışanda utanmamalıdır!

Azərbaycanlı öz millətinin adını fəxrlə çəkməlidir!

Azərbaycanlı öz övladına ilk növbədə öz dilini verməlidir!

Dünyanın bütün dillərini öyrənək. Amma bir şeyi unutmayaq:

Dünyaya açılan qapımız çox ola bilər, amma övladınıza öz evimizin qapısını bağlamayaq. 

Çünki o evin adı Azərbaycandır.

O evin dili Azərbaycan dilidir.

O ev bizim tariximizdir.

Və o ev bizim kimliyimizdir.

Dilini itirən millət əvvəlcə sözlərini, sonra yaddaşını sonda isə özünü, ən sonda isə dövlətini itirə bilər.

Buna görə susmaq olmaz!

Buna görə bu məsələni “kim hansı dildə danışır” səviyyəsinə endirmək olmaz.

Bu, gələcək nəsillərin taleyidir.

Ana dilini anan kimi qoru!

Ana dilini balan kimi qoru!

Çünki onu qorumaqla sadəcə bir dili yox, özünü, şərəfini, namusunu qoruyursan.

 Elman Mustafazadə

Xudaferin.eu

13:17