Rüfət Səfərovun anası aclıq aksiyasına başladı və xalqa müraciət etdi

 

Siyasi məhbus Rüfət Səfərovun anası Tahirə Səfərova aclıq aksiyasına başlayıb. Bu barədə Səfərovun ailəsi adından məlumat yayılıb. Məlumatda deyilir ki, Rüfət Səfərov martın 10-da 9 saylı cəzaçəkmə müəssisəsində ailəsi ilə görüşüb: “Rüfətin durumu çox ağır idi. Bu da görünür karsa salınan zaman ona göstərilən işgəncə faktları ilə bağlıdır. Rüfətin anası Tahirə xanım oğlu Rüfətə qarşı aşkar təqib və təzyiqlərə etiraz edərək artıq aclıq aksiyasına başlamışdır. Ananın Azərbaycan xalqına, insan hüquq və azadlıqları ilə məşğul olan beynəlxalq təşkilatlara və ölkənin hüquq müdafiəçilərinə müraciəti yayılıb.

Müraciətdə deyilir: Əziz bacı və qardaşlarım! Bu gün mən böyük əziyyətlə böyüdüb boya-başa çatdırdığım oğlum Rüfətlə cəzaçəkmə müəssisəsində görüşdüm. Rüfətin hansı vəziyyətdə olduğunu sözlə ifadə edə bilmirəm. Ürəyimin başına köz düşdü. İçəridən qovruldum. Onun üzünə baxa bilmirdim,rəngi qapqara qaralmışdı. Qaranlıq kars onu elə üzmüşdü ki, danışmağa sanki heyi yox idi. Dedim oğlum nədən belə narahatsan? Anam dedi mənə bu 3 gündə çox işgəncələr verdilər. Rüfətə 3 gün ərzində sudan başqa heç nə verməyiblər. Səhər,günorta,axşam bir stəkan suyun ümidinə qalıb. Döşəmə beton, karsın içərisi soyuq. Gəl indi buna döz. Yanır ana ürəyim. Bunların bir vicdanı, ürəklərində azca da olsa bir rəhmi varmı ? Səhər saat 09-00 da yatacağını götürüb, bir də 18-00 da verirmişlər. Bu müddət ərzində Rüfət beton döşəmədə ayaq üstə titrəyə-titrəyə qalırmış. Elə yemək gətirib veriblər ki, onu iraq olsun heyvana da verməzlər. Oğlum bu nimdaş yeməkdən imtina edib 4 gün ac yalavac qalıb. Karsa salınmamışdan əvvəl həbsxanada yazdığı gündəliyi də əlindən alınıb. Mən insana belə amansız münasibətin olduğunu təsəvvürümə gətirə bilmirəm. Qisasçılıq və intiqam bunların gözünü elə pərdələyib ki, ən iyrənc qeyri-insani niyyətlərindən əl çəkməyi yaxına belə buraxmırlar. Amma yuxarıda Allah var,bunların hamsını görür. Allahın cəzasından bu zülmkarlar qurtula bilməyəcəklər. Bunu unutmasınlar. Rüfəti elə görcək əzablarımın üstünə daha ağır əzablar yükləndi. Axı onun günahı nədir? Azad sözünü deyib, haqsızlığa ədalətsizliyə qarşı öz üsyan səsini qaldırıb. Başqa heç nə etməyib. Zalimlər buna da dözə bilmirlər.Oğlumu işgəncə altında saxlayıb onu sarsıtmaq istəyirlər. Onlar bunu görə bilməyəcəklər. Gözlərimin yaşını zorla saxlaya bilirdim, göz yaşlarım axar çaylar kimi içimə axırdı. Oğul dərdi çəkən bir ana kimi ürəyim alovlanır, damarlarımda qanım donur. Lakin ağır səhnəni müşahidə etdikcə,Rüfətin solmuş çöhrəsinə baxdıqca ruhumda bir heyranlıq da baş qaldırırdı. Rüfət məni iki əlləri ilə qucaqlayıb qəm-qüssə yemə ana deyə gözlərimin içinə baxdı və bu sözləri söylədi: “Möhkəm olun. Allahın köməkliyi ilə iradəm var və seçdiyim haqq yolundan bir addım belə geri durmayacağam. Bunlar məni düşüncələrimdən döndərə bilməzlər. Əqidəm uğrunda sonuna qədər yürüməyə qərarlıyam!!! ”

Əhsən sənə övladım. Südümü halal edirəm. Oğluma qarşı aparılan bu işgəncələrdən geri durmaqlarını tələb edirəm. Allahsızlıq etməyin, sizlərin də övladları var. Azərbaycan analarına, bacı və qardaşlarıma səslənirəm. Səsimə səs verin. Məni tənha qoymayın. Böyük ümidlərim var ki, sizlər bu dəstəyi əsirgəyən deyilsiniz. Ölkənin fədakar qələm sahiblərinə, tanınmış hüquq müdaiəçilərinə səslənirəm. Köməyinizə indiki dəqiqələridə ehtiyac duyuram. Nəhayət,bütün Azərbaycan xalqına müraciət edirəm. Güvəncəm bir ana olaraq göydə Böyük Tanrıya, yerdə uca xalqım sizədir. Dərin hörmətlə dərd içərisində fəryad çəkən Tahirə ana.

Azadliq.info

 

09:04