Rəssamlar İttifaqında uşaqların rəsmləri sərgilənir

Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda paytaxtın 183 nömrəli körpələr evinin uşaqlarının rəsmlərindən ibarət sərgi açılıb.
 

Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərgidə 50-dək balaca fırça ustasının əsərləri sərgilənib. Sərginin açılışından əvvəl Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağali İbrahimov, 183 nömrəli körpələr evinin müdiri Sədaqət Qurbanova çıxış edərək sərgidə yer alan əsərlərin mükəmməlliyindən söz açıblar. Vurğulanıb ki, “Çiçəklən Azərbaycanım” adlı sərgidə vətənpərvərlik mövzulu sənət əsərləri yer alıb. Rəsmlərin məna və mövzu baxımından dolğunluğuna diqqət çəkən natiqlər ekspozisiyada əsərləri nümayiş edilən balaca fırça ustalarının incəsənəti sevdiklərini, bu sənətə böyük məhəbbətlərinin olduğunu qeyd ediblər. Bildirilib ki, belə sərgilərin təşkili uşaqların sənətə olan marağını artırır, onları daha böyük həvəslə əsərlər yaratmağa sövq edir. Çıxış edən valideynlər sərginin əhəmiyyətindən danışıb, tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Sonra qonaqlar sərgi ilə tanış olub.
 

Xudaferin.eu

"Bakı Bürosu"

 

17:14