Rəsmi İslamabad: Pakistan-Azərbaycan əlaqələri qarşılıqlı etimad şəraitində möhkəmlənir

Pakistanın Baş naziri Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ərəfəsində bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilir ki, iki dost ölkə arasında əlaqələr qarşılıqlı etimad şəraitində möhkəmlənir.

Xudaferin.eu AZƏRTAC -a istinadən “Pakistan Press International” rəsmi informasiya agentliyinə istinadla xəbər verir ki, Pakistan XİN-in bəyanatında deyilir: “Baş nazir Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevin dəvəti ilə iyulun 14-də Azərbaycana ikigünlük rəsmi səfər edəcək. Pakistan nümayəndə heyətinə Azərbaycanla əməkdaşlığın prioritet sahələrini təmsil edən nazirlər daxildir.

Səfər zamanı Baş nazir Prezident İlham Əliyevlə əməkdaşlığın əsas istiqamətləri, o cümlədən ticarət, investisiya və enerji sahələrində yeni layihələrə dair geniş müzakirələr aparacaq. Çoxtərəfli forumlarda qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq. Pakistan-Azərbaycan əlaqələri ortaq inanc, mədəniyyət və tarixə əsaslanır, eyni zamanda, regional və qlobal məsələlərdə qarşılıqlı etimad və mövqelərin yaxınlaşması ilə möhkəmlənir”.

Bəyanatın sonunda qeyd edilib ki, ən yüksək səviyyədə həyata keçirilən səfərlər iki ölkə arasında dostluq bağlarını möhkəmlədir, Pakistan və Azərbaycan xalqlarının qarşılıqlı rifahı naminə daha sıx çoxşaxəli əməkdaşlığa töhfə verir.

Xudaferin.eu

16:57