Rəsmi Bakı Kremlin “ikibaşlı oyunlar”ından çəkinmir: Azərbaycan-Rusiya münasibətləri pozula bilər

Rusiya üçtərəfli anlaşmaları kobud şəkildə pozmaqla, həmin sənədlərin hüquqi statusunu ciddi risk altında buraxır; Belə davam edərsə, Rusiya sülhməramlı qüvvələri tezliklə Azərbaycanda işğalçı hərbi kontingent durumuna düşə bilər...

Rusiyanın Cənubi Qafqaz siyasətində müəyyən dəyişikliklər müşahidə olunmağa başlayıb. Belə ki, Kremlin öz əvvəlki mövqeyindən tədricən geri çəkilməyə üstünlük verdiyi nəzərə çarpır. Və bu, istər-istəməz regionda gərginliyə, qarşılıqlı münasibətlərdə ziddiyyətlərə yol açır.

Məsələ ondadır ki, son vaxtlara qədər Rusiya üçtərəfli anlaşmaların icrasında israrlı mövqe tuturdu. Paşinyan hakimiyyətinin Azərbaycan-Ermənistan sərhəd bölgəsində Rusiya sərhədçilərinin yerləşdirilməsi istəyinə cavab olaraq isə rəsmi Bakını işarə edirdi. Yəni, bunun üçün Azərbaycanın rəsmi razılığının vacibliyini vurğulayırdı.

Ancaq indi məlum olur ki, Kremlin icra olunmasında israrlı mövqe tutduğu üçtərəfli anlaşmalar əslində, Rusiya tərəfindən kobud şəkildə pozulur. Belə ki, 10 noyabr anlaşmasının 4-cü bəndinə görə, darmadağın edilmiş Ermənistan ordusunun tör-töküntüləri Xankəndi və ətraf bölgədən Rusiya sülhməramlı qüvvələrinin həmin əraziyə yerləşdirilməsinə paralel olaraq, çıxarılmalıydı. Halbuki Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduqları Xankəndi və ətraf bölgəyə yerləşdirilməsindən az qala bir ilə yaxın vaxt keçsə də, bu, hələ də baş verməyib.

1610398168468_bhq3385E.jpeg (85 KB)

Bu isə o deməkdir ki, Rusiya üçtərəfli anlaşmaları kobud şəkildə pozub. Kreml 10 noyabr bəyannaməsi ilə bağlı öz hərbi-siyasi öhdəliklərini yerinə tam yetirməyib. Və bütün bunlar yaxın vaxtlarda üçtərəfli anlaşmaların öz hüquqi qüvvəsini itirməsi ilə nəticələnə bilər.

Hər halda, əgər, hər hansı dövlətlərarası hüquqi sənəd icra edilmirsə, onun hüquqi qüvvəsindən danışmaq tamamilə yersizdir. Bu isə ilk növbədə Rusiyanın özü üçün ciddi problemlər yarada biləcək yeni situasiya yarada bilər. Və bu dəfə Kremlin həmin problemləri böyük dövlət refleksi ilə həll edə biləcəyi qətiyyən inandırıcı görünmür.

Rusiya sülhməramlı qüvvələri məhz Kremlin müddəalarını kobud şəkildə pozduğu 10 noyabr anlaşması sayəsində Azərbaycanın Xankəndi və ətraf bölgəsində müvəqqəti olaraq, yerləşdirilib. Əgər, üçtərəfli anlaşmalar öz hüquqi qüvvəsini itirərsə, onda Rusiya sülhməramlı qüvvələri müvəqqəti dislokasiya ərazisini dərhal tərk etməlidir. Çünki onların Azərbaycan ərazisində qalmaqda davam etməsi üçün hüquqi istinad qalmamış olacaq.

Əgər, Kreml bu önəmli məqama əhəmiyyət vermək istəməzsə, bu, Azərbaycanın suveren hüquqlarının pozulması anlamına gələcək. Üstəlik, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın ərazi bütövlüyünü pozmuş işğalçı hərbi kontingent durumuna düşmüş olacaq. Belə bir situasiya Rusiya üçün kifayət qədər ciddi hərbi-siyasi və geopolitik risklər də vəd edir.

1605336071_897049.jpg (166 KB)

Hər halda, rəsmi Bakı Azərbaycan ərazisində heç bir hüquqi statusu olmayan və işğalçı hərbi kontingent durumuna düşəcək Rusiya sülhməramlı qüvvələrinin qalması ilə barışmayacaq. Rusiya sülhməramlı qüvvələrinin dərhal Azərbaycan ərazilərini tərk etməsi tələbini gündəmə gətirəcək. Yəni Rusiyanın Azərbaycanla son vaxtlara qədər yüksək səviyyədə olan münasibətləri tədricən soyuqlaşacaq və gərginləşmə mərhələsinə keçəcək.

Hadisələrin belə inkişafının Rusiyanın maraqları ilə uzlaşacağına inanmaq olduqca çətindir. Çünki bu halda Kreml bir tərəfdən, Cənubi Qafqazda regionun ən güclü dövləti olan Azərbaycanın timsalında önəmli tərəfdaşını itirə bilər. Digər tərəfdən isə Rusiyanın regionda daha güclü təzyiq dalğası ilə üzləşmək ehtimalı da olmamış deyil.

Unutmaq olmaz ki, NATO-nun ABŞ-dan sonra ən güclü orduya malik üzvü olan Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bu strateji müttəfiqlik Şuşa Bəyannaməsi ilə bütün dünyaya elan edilib. Yəni, Şuşa Bəyannaməsi ilə Azərbaycan və Türkiyə bir-birinin qarşısında hərbi-siyasi öhdəliklər götürüblər.

Buradansa, belə nəticə çıxır ki, Rusiya sülhməramlı qüvvələri üçtərəfli anlaşamaları pozub, hüquqi qüvvədən salmaqla, işğalçı hərbi kontingent durumuna düşərsə, bu halda, NATO dövləti Türkiyə Şuşa Bəyannaməsinə istinadən situsiyaya müdaxilə etməli olacaq. Rusiyanın Türkiyə ilə qarşıdurma durumuna düşməsi sonrakı mərhələdə Kremlin ABŞ və NATO ilə də ciddi problemlər yaşamasına yol aça bilər. Və bu halda, hərbi-siyasi ziddiyyət kombinasiyalarının sayı artmaqla yanaşı, həm də daha təhlükəli istiqamətlər alması istisna trəşkil etməyəcək.

muqavile.jpg (57 KB)

Məsələ ondadır ki, həm ABŞ, həm də NATO istənilən səbəbdən Rusiyanın Türkiyə ilə indiki normal münasibətlərinin pozulmasında və qarşıdurma durumunun yaranmasında birbaşa maraqlıdır. Ona görə də, Rusiya ilə hərbi-siyasi problemlər yaşayan Türkiyənin ABŞ və NATO tərəfindən dərhal dəstəklənəcəyi qətiyyən şübhə doğurmur. Bu isə ABŞ və NATO-nun dünyanın bir çox bölgələrində olduğu kimi, Cənubi Qafqazda da Rusiyaya qarşı növbəti hərbi-siyasi cəbhə açmağa bəhanə qazana biləcəkləri anlamına gəlir.

Göründüyü kimi, Rusiyanın üçtərəfli anlaşmaları pozaraq, Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində öz mövqelərini qoruya bilməsi o qədər də asan məsələyə oxşamır. Ona görə də, Rusiya nə qədər güclü dövlət olsa da, Kremlin atdığı addımların gələcək nəticələrini daha yaxşı hesablaması qətiyyən faydasız olmazdı. Kreml rəsmi Bakının Rusiyanın güclü dövlət olması qarşısında tərəddüd edib, Azərbaycanın suveren hüquqlarını güzəştə gedəcəyinə ümid bəsləməsi kifayət qədər riskli və yanlış hesablama olardı.

Ona görə də, Kremlin nə qədər gec deyil, Azərbaycanın milli maraqlarını təhdid edən mövqedən imtina etməsi vacibdir. Əks halda, Kreml Cənubi Qafqazda Gürcüstandan sonra Azərbaycanı da tamamilə itirə bilər. Ermənistan ucbatından Azərbaycan və Türkiyə ilə yüksək səviyyəli münasibətlərin pozulması özünü doğrultmayacaq riskdən başqa bir şey deyil.

97a87411-f48d-46dd-b03f-ad66b9a03be1-450x250.jpeg (22 KB)

Rusiyanın bütün bu risklərdən yayına bilməsi üçün isə Kremlin Azərbaycanın haqlı və hüquqi məzmun daşıyan gözləntilərini qarşılamaq tamamilə yetərli ola bilər. Yəni, Kremlin üçtərəfli analaşmaları tam şəkildə icra etməsi vacibdir.

Bu sıraya erməni ordusunun qalıqlarının Xankəndi və ətraf bölgədən çıxarılması, Laçın dəhlizinə nəzarətin gücləndirilməsi, Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya ərazisinə rəsmi İrəvanın yeni hərbi qruplaşmalar keçirtməsinin qarşısının alınması, Azərbaycanda axtarışda olan Araik Arutyunyan və onun silahlı separatçı-terrorçu dəstələrinin fəaliyyətinin qarşısının alınması, Ermənistanın silahlandırılmasından imtina və s. bu kimi önəmli məsələlər daxildir.

Bütün bunlar o deməkdir ki, Kreml Rusiyanın maraqları çərçivəsində prinsipial seçim etməlidir. Həmin seçim son vaxtlara qədər Rusiyanı Azərbaycanın strateji tərəfdaşı hesab edən rəsmi Bakının mövqeyinə birbaşa təsir göstərə bilər. Çünki Kreml nəzərə almalıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev son açıqlamasında artıq Rusiya ilə bağlı strateji tərəfdaş statusunu arxa plana keçirməklə, bu dövləti sadəcə, qonşu ölkə adlandırıb.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Mənbə:musavat.com

Xudaferin.eu

 

08:22