Rəşid Behbudovun 100 illiyi qeyd olunub

Respublika Sarayında Rəşid Behbudovun anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunub. Tədbir ölkə prezidentinin sənətkarın 100 illiyinin keçirilməsi haqqında imzaladığı müvafiq sərəncama əsasən təşkil edilib. Yubiley gecəsində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sənətkarın ömür yolundan və Azərbaycan musiqisinin təbliğindəki xidmətlərindən danışıb. Nazir bildirib ki, əsl müğənni və sənətkar ömrü yaşamış, yaradıcılığı ilə mədəniyyət tariximizdə parlaq şəxsiyyətlərdən biri olan görkəmli sənətkar və ictimai xadim Rəşid Behbudov öz həyatı və yaradıcılığı ilə adını Azərbaycan musiqi mədəniyyəti tarixinə əbədi həkk edib.

Tədbirin bədii hissəsi Rəşid Behbudovun öz ifasında “Azərbaycan” mahnısının videolentinin nümayişi ilə başlayıb. Gecədə tanınmış musiqiçilər Rəşid Behbudovun repertuarından “Tələsin insanlar”, “Sevgilim”, “Alagöz”, “Bahar sənsiz”, “Əziz dost”, “Sənə də qalmaz”, “Gözəlim sənsən”, “Qızıl üzük” və digər mahnıları ifa ediblər.
Qeyd edək ki, Azərbaycan vokal janrının dahi ifaçılarından biri olan Rəşid Behbudov əslən Qarabağın paytaxtı Şuşadandır. Atası Məcid Behbudov ötən yüzilin başlanğıcında Tiflisə köçüb və dahi sənətkar burada dünyaya gəlib. 1948-ci ildə “Arşın Mal Alan” filmi çəkilərkən Üzeyir Bəy Hacıbəylinin tövsiyəsi ilə Rəşid Behbudov Bakıya dəvət olunmuş və ömrünün sonuna kimi burada yaşamışdır. Rəşid Behbudov Azərbaycan musiqisi və ifaçılıq tarixində yeganə sənətkardır ki, dünyanın 70-dən çox ölkəsində konsert verib. Beləliklə də dünyanın harasında konsert verməsindən asılı olmayaraq, hər zaman ilk ifası “Azərbaycan” mahnısı ilə başlanılıb.

Xudaferin.eu 

08:28