Rövşən Ağayev: “Mərkəzi Bank illik məlumatı il bitəndən 3 ay sonra açıqlayır”

 

“Rusiya rublunun təxminən 3 illik kəskin qalxıb-enmələrdən sonra nəinki sabitləşdiyi, hətta aparıcı dünya valyutaları qarşısında dəyər qazanması göz önündədi”.

Bu barədə iqtisadçı Rövşən Ağayev Hurriyyet.org-a şərhində bildirib: “Üzən məzənnə rejimində niyə rublun özünü rahat hiss etməsinin səbəbini Rusiyanın tədiyyə balansının hazırkı durumu izah edir. Bizdən fərqli olaraq, Rusiyada illik tədiyə balansı il bitəndən maksimum 20 gün sonra, aylıq tədiyə balansını isə ay bitəndən 10-15 gün sonra açıqlanır. Bizim Mərkəzi Bank isə aylıq məlumatları, ümumiyyətlə, açıqlamır, illik məlumatı isə il bitəndən 3 ay sonra açıqlayır. 2016-cı ilin nəticələrinə görə, Rusiya tədiyə balansının ümumi müsbət saldosu 15 milyard dollar olub. 2017-ci ilin yanvarı nəticələrinə görə isə tədiyə balansının ümumi müsbət saldosu 6.5 milyard dollar təşkil edib. 2015-ci ildə Rusiyadan kapital axını 153 milyard dollar olmuşdu, 2016-cı ildə 15 milyard dollara düşüb. Göründüyü kimi, neftin 41-42 dollar qiyməti şəraitində Rusiya tədiyə balansında yüksək profisit yaranır və hətta 35 dollarlıq həddədək tədiyə balansı kəsirsiz ötüşə bilər. İki səbəb var: idxalı əvəzləyən istehsal artır və ən əsası, kapital axınını 10 dəfəyədək azaltmaq mümkün olub”.

İqtisadçı diqqətə çatdırdı ki, Azərbaycanda illik məlumat açıqlanmayıb: “Amma 9 ayın nəticəsinə görə, tədiyə balansınının mənfi saldosu 1.2 milyard dollara yaxın olub. Hesablamlara göstərir ki, indiki iqtisadi şərtlər daxilində (qeyri-neft əmtəə-xidmət ixracının sabit qaldığı şəraitdə) Azərbaycanın tədiyə balansının defisitsiz olması üçün neftin qiymətinin 60-65 dollardan aşağı olmaması lazımdır. Ya da Rusiyada olduğu kimi, Azərbaycanda neftin 35-40 dolar səviyyəsinədə tədiyə balansının kəsirsiz olması üçün qeyri-neft əmtəə-xidmət ixracından daxilolmaların səviyyəsini hazırkı 5 milyard dollardan 10 milyard dollara qədər genişləndirmək lazımdır”.

R. Ağayev nəzərə çatdırdı ki, neftin 52-53 dollarlıq səviyyəsində Rusiya hökuməti valyuta bazarına alış yönümlü müdaxilə hesabına hər ay valyuta ehtiyatlarını təxminən 1.8-2 milyard dollard artırmaq imkanı qazanıb: “Təhlillərə əsasən, deyə bilərəm ki, Azərbaycanda isə Mərkəzi Bankın alış yönümlü müdaxiləsi üçün neftin qiymətinin 70 dollara çatması lazımdır. Rusiya hökuməti rublun hazırkı səviyyədən (59 rubl=1 dollar) sonra bahalanmsında maraqlı deyil. Çünki rublun bundan sonrakı bahalanması əvvəla hökumətə valyuta ehtiyatlarını artırmağa imkan vermir, ikinicisi isə ucuz neft şəraitində büdcə öhdəliklərini icra etmək üçün daha çox valyuta xərcləməli olur. Nəzərə alaq ki, neftin ilk uzulaşma dövründə, yəni 2014-cü ilin yayında 1 barrel neftin qiyməti 103-104 dollar 36 rubl=1 dollar idi. Yəni 1 barrel neftin ekvivalenti 3700 rubl idi. Hazırda isə 1 barrel neftin ekvivalenti 3200 rubldur. Bu səbəbdən Rusiya hökuməti neftin qiymətinin hazırkı səviyyəsində rublun daha da bahalanmasında maraqlı deyil. Ümumiyyətlə, rublun bundan sonra möhkəmlənməsi Rusiyanın həm idxalı əvəzləyən, həm də ixraca yönəlik siyasətinə ağır zərbədir. Manat və rublun taleyini müzakirə və müqayisə edəndə bu faktlara diqqət yetirmək gərəklidir”.

 

Şamo
Hurriyyet.org

 

09:21