Ərdəbildə azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asılıb

 

Güney Azərbaycan Milli Hərəkatının Ərdəbildəki fəalları şəhərin müxtəlif yerlərində azərbaycanlı siyasi məhbusların azadlığını tələb edən posterlər asıblar. Posterlər üzərində Siyamək Mirzayi, Lətif Həsəni və Nasir Xülusinin şəkilləri əks olunub.

Adı çəkilən fəallar Güney Azərbaycan Milli Hərəkatının demokratik hüquqları uğrunda apardıqları mədəni mübarizəyə görə İran mollakratiya rejimi tərəfindən qondarma ittihamlarla uzunmüddətli həbslərə məhkum edilib. Fəallar bu vasitə ilə azərbaycanlı siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb ediblər.

S.Mirzayi öncə Tehran məhkəməsi tərəfindən ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq və qanunsuz qurum yaratmaq ittihamı ilə 10 il həbs və 2 il Təbəs şəhərinə sürgünə məhkum edilib, lakin sonralar Apellyasiya məhkəməsi fəalın işinə yenidən baxaraq onu 3 il həbs və 1 il Təbəs şəhərinə sürgünə məhkum edib.

Lətif Həsəni isə azərbaycanlı fəallar Ayət (Yürüş) Mehrəlibəyli, Şəhram Radmehr, Mahmud Fəzli və Behbud Qulizadə ilə birlikdə 2013-cü il aprelin 29-da Təbriz İnqilab Məhkəməsinin 3-cü Şöbəsi tərəfindən qanunsuz qrup yaratmaq ittihamı ilə 8 il və sistemin əleyhinə təbliğ ittihamı ilə 1 il həbs cəzasına məhkum edilib. Toplam olaraq 9 il həbsə məhkum edilən fəallardan hazırda təkcə L.Həsəni həbsdədir, digərləri bir neçə il həbsdən sonra sərbəst buraxılıb. L.Həsəninin ailəsinin cəhdləri isə bu günə qədər nəticə verməyib, məhkəmə onun şərti azadlığa buraxılmasını təmin etmir. Azərbaycanlı fəal N.Xülusi isə 2017-ci il iyunun 28-də Urmu Məhkəməsinin 2-ci Şöbəsi tərəfindən 6 il azadlıqdan məhrum edilib. O oktyabrın 30-da İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə yaxalanaraq zindana aparılıb.

Xudaferin.eu

"Güney Azərbaycan, "Muğan Bürosu"

 

10:22