Ərəb və İsrail mediası Azərbaycanın regionda yeni diplomatik nümayəndəliklərinin açılmasından yazıb

Ərəb ölkələri və İsrail KİV-də Azərbaycanın Tel-Əvivdə səfirliyi, həmçinin Ramallahda təmsilçilik ofisinin açılması qərarından bəhs edən xəbər və məqalələr dərc olunub.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, ərəb ölkələrinin “İlaf”, “Dovliyə”, “Ahval”, “Dar əl Hilal”, Fələstinin “Sada”, “Dunya əl Vatan” portallarında və İsrailin ərəb dilində yayımlanan “i24” telekanalında, habelə “The Jerusalem Post” və “Haaretz” qəzetlərində Azərbaycanın Tel-Əvivdə səfirlik və Ramallahda təmsilçilik ofisi açması əlamətdar hadisə kimi qiymətləndirilir. Materiallarda bununla bağlı İsrailin Baş naziri Yair Lapidin fikirləri və İsrailin Xarici İşlər Nazirliyinin bəyanatı da təqdim edilib.
“Haaretz” qəzetinin siyasi şərhçisi Conatan Lis rəsmi Bakının sözügedən qərarının iki ölkə arasında, eyni zamanda, regional səviyyədə daha fəal əməkdaşlığa xidmət edəcəyini yazıb. Onun sözlərinə görə, İsrailin İslam dünyası ilə yaxınlaşması prosesi artıq öz bəhrəsini verir və ərəb ölkələri ilə irimiqyaslı layihələr həyata keçirilir. Politoloq əlavə edib ki, Azərbaycanla mövcud olan sıx əməkdaşlıq bundan sonra yeni vüsət alacaq. Bununla yanaşı, Türkiyə ilə İsrailin münasibətlərində də yeni mərhələ başlanır.
Fələstin mediasında ölkəmizin Ramallahda təmsilçilik ofisinin açılması tarixi hadisə kimi qiymətləndirilib, Fələstin dövlətinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyi qeyd olunub.
Oqtay Bayramov
Xudaferin.eu

23:21