Ərəb mətbuatı: Prezident İlham Əliyev siyasi, hərbi və iqtisadi sahələrdə qələbənin müəllifidir

Ərəb ölkələrinin “Kitabat”, “Algeria59”, “Afkarhura”, “Əl Hərir” portallarında “Prezident İlham Əliyev siyasi, hərbi və iqtisadi qələbənin müəllifidir” sərlövhəli məqalə yayımlanıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məqalənin müəllifi olan Kərkük türkmən ziyalısı Cəssim Məhəmməd Məhərrəmoğlu Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanda siyasi və iqtisadi sahələrdə əldə olunmuş uğurlardan bəhs edib. O vurğulayıb ki, məhz müdrik diplomatik kurs və iqtisadi uğurlar sayəsində 44 günlük müharibədə möhtəşəm Qələbə qazanılıb, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə torpaqları erməni işğalından azad edib.

Məqalədə Prezident İlham Əliyevin türk dünyasında həmrəyliyə və birliyə nail olunması istiqamətində apardığı siyasətdən də bəhs olunub. Müəllif diqqətə çatdırıb ki, İkinci Qarabağ müharibəsində qardaş Türkiyənin Azərbaycanla birlikdə olması, digər türkdilli ölkələrin rəsmi Bakının ədalətli mövqeyini birmənalı dəstəkləməsi bu diplomatik kursun nəticəsidir. Eyni zamanda, Prezident İlham Əliyevin siyasi məharəti sayəsində müharibə zamanı dünyanın aparıcı dövlətləri, həmçinin Yaxın Şərqin ərəb ölkələri də rəsmi Bakının öz torpaqlarını azad etmək uğrunda mübarizəsini anlayışla qarşıladılar.

Sonda qeyd olunub ki, müharibədə böyük Zəfər qazanmış Azərbaycan xalqı öz müdrik Prezidentinin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə quruculuq, bərpa və tikinti işləri aparır. Eyni zamanda, regionun dayanıqlı sülh və əməkdaşlıq məkanına çevrilməsi istiqamətində konstruktiv siyasət davam etdirilir.

Oqtay Bayramov

Xudaferin.eu

14:37