Ərəb mediası Prezident İlham Əliyevin Soçiyə işgüzar səfərini geniş işıqlandırıb

Ərəb ölkələrinin KİV-i Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə işgüzar səfəri zamanı Rusiyanın dövlət başçısı Vladimir Putinlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlərə geniş yer ayırıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, “Əl Əhram”, “Şuruq”, “Əl Əhəd”, “Şehab”, “Əl İttihad”, “Əl Bələd” və digər nüfuzlu qəzetlərdə dərc olunmuş məqalə və xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın nisbətən yaxın vaxtlarda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürdüyü, bunların beynəlxalq hüququn fundamental prinsipləri olması barədə fikirlərini vurğulayıblar. Materiallarda diqqətə çatdırılıb ki, Azərbaycanın dövlət başçısı bu əsasda normallaşmaya nail olmağın mümkünlüyünü bildirib.

Ərəb ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev iki il bundan əvvəl imzalanmış üçtərəfli Bəyannamənin çoxillik münaqişəyə son qoyduğunu, hazırda Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etmək vaxtının yetişdiyini də bəyan edib. O əlavə edib ki, Qarabağ münaqişəsi artıq tarixdə qalıb və bu baxımda müzakirə ediləsi məsələ yoxdur.

Materiallarda qeyd edilib ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın bəzi problemlərin həllində kifayət qədər fəal işlədiyini, iqtisadi tərkibli məsələlərlə bağlı üçtərəfli işçi qrupunun fəaliyyətində irəliləyiş olduğunu vurğulayıb.

Ərəb KİV-i diqqətə çatdırıblar ki, Şoçidə keçirilən görüşlərin yekununa dair Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Bəyanatı imzalanıb. Sənəddə qeyd olunub ki, bütün problemli məsələləri BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının qarşılıqlı tanınması əsasında müzakirə və həll etmək barədə razılığa gəlinib.

 

Oqtay Bayramov

Xudaferin.eu

17:12