Ərəb avtokratları “antimüsəlman Tramp”ı niyə tənqid etmirlər?

 

“The İndependent” qəzetində tanınmış Britaniya jurnalisti Robert Fisk yazır ki, ərəb krallarının və diktatorlarının “antimüsəlman Trump adminsitrasiyasını” tənqiddən çəkinməsinə təəccüblənməyə dəyməz. Əksinə, Körfəz ölkələri Ağ Evə zəng edib oranın təzə sahibi ilə danışmağa çalışırlar. Birləşmiş Ərəb Əmirlikləri isə hətta Trump-ın sərəncamlarını təqdir edib.

 

“Beləliklə, ABŞ-ın Avropa müttəfiqləri Trump adminsitrasiyasını açıq tənqiddən çəkinmədikləri halda, bu administrasiyanın “antimüsəlman” siyasətinin həqiqi qurbanları səslərini çıxarmırlar” – yazır jurnalist.

Məqalədə deyilir ki, İŞİD, onun ardınca da əl-Qaeda Trump-ı pisləyib. Müasir tarixdə ilk dəfədir ki, 11 sentyabr hücumlarını törədənlərlə ABŞ əhalisinin yarısının düşüncələri üst-üstə düşüb. Misir başçısı general Sisi, əlcəzairlilər Trump-ı prezident seçilməsi münasibətilə təbrik ediblər. Yeri gəlmişkən, Əlcəzair Bəşər əl-Əsədi də onun “böyük qələbəsi” münasibətilə təbrik edib.

Fisk yazır ki, İŞİD-in “antiislam Trump-ı” tənqid etməsi təbiidir, əslində bu təşkilat ərəb ölkələrinin rejimlərini də beləcə tənqid edir. Lakin ərəb rejimlərinin yeni Amerika rejiminə münasibəti maraq doğurur. Jurnalistin fikrincə, bu vəziyyət ərəb diktatorların Trump-la nə dərəcədə oxşar olduqlarını nümayiş etdirir. Əksər ərəb başçıları sözdə bir şeyi deyib, əməldə başqa şeyi törədirlər. Onların hamısı “sionizm” üzərində qələbə vəd edib, amma əvəzində səudlar İraq və Suriyaya dəfələrlə hücum ediblər, Misir və Birləşmiş Əmirlikləri Liviyanı bombalayıb, Səudiyyə və Birləşmiş Əmirliklər Yəmənə raket zərbələri endiriblər.

Trump da, ərəb diktatorları da İslam ekstremizminə qarşı mübarizə apardıqlarını bəyan edirlər.

Fisk yazır ki, Yaxın Şərqin hökumətləri bu təbliğat “zir-zibili” ilə illərlə öz xalqlarının beynini piyləyiblər. “Biz Sədatları, Mübarəkləri, Sissiləri, Əsədləri, Körfəz krallarını və onların öz xalqlarına sırıdıqları fantaziyaları az görməmişik” – yazır Fisk.

Məqalədə deyilir ki, Trump-ın ürəyindən Yaxın Şərqdəki sözəbaxan jurnalistika keçir.

Trump ərəb ölkələrində polislərin malik olduqları səlahiyyətlərə qibtə ilə baxır.

Fisk yazır ki, Misirin qocaman prezidenti Mübarəkin öz xalqına daim saxta seçkilər bəxş etməsi hamının yadındadır. Jurnalistin qənaətinə görə, ərəb rejimlərinin hamısının “həqiqət məbədi” olan öz Spicer-ləri var.

Məqalədə deyilir ki, bütün yaxınlıqlarına baxmayaraq, ərəb rejimləri ilə Trump bir məsələdə fərqlənirlər. Ərəbləri çox vaxt antisemitizmdə ittiham edirlər, çünki onlar həm də anti-İsraildirlər. “Lakin axı ərəblərin özləri də semitdirlər. Əgər Trump-ın Holokostun Yadetmə günündə yəhidilərin adını çəkməməsi, üstəlik də 7 ərəb ölkəsinə pis münasibəti nəzərə alınarsa, bu onu deməyə əsas verir ki, o həm ərəblərə, həm də yəhudilərə münasibətdə antisemitdir” – deyilir yazıda.

Məqalədə deyilir ki, əgər Trump bu gün müharibədə olmayan ərəb rejimlərinə səfər etmiş olsaydı, özünü evindəki kimi hiss edə bilərdi. Ciddi təhlükəsizlik, “fantastik müti” xalq, bol işgəncə, son dərəcə saxta seçkilər və ətraf mühitə ziyan verən nəhəng layihələr… Fisk kinayə ilə təklif edir ki, ərəb avtokratları və kralları özlərinin növbəti sammitləri üçün Washington-a da yığıla bilərdilər. Elə onlar da özlərini evlərindəki kimi hiss edərdilər, Fisk yazır.

BBC

 

09:48