QƏVAMİ SADIQBƏYLİ -- 70

Bu il – 20 iyun 2025-ci il tarixində Qəvami Sadıqbəyli ömrünün 70-ci zirvəsinə qədəm qoyur.
Bu zirvə, yalnız yaşın yox, həm də zəngin mənəvi və ictimai irsin, şəxsiyyətin formalaşmasının, əqidə və prinsipiallığın mərhələsi kimi dəyərləndirilməlidir.

Dostum, əqidədaşım, qurbətdə 50 il fasilədən sonra Azərbaycanı tərənnüm edən "Xudafərin" adlı qürbət mətbuatının ərsəyə gəlməsində Qəvami Sadıqbəylinin əməyi danılmazdır.

Qəvami Sadıqbəyli - (Həmzəyev Qəvami Sadıq oğlu) 1955-ci il iyunun 20-də qədim Gəncə şəhərində ziyalı ailəsində doğulmuşdur. 1963-cü ildən etibarən Bakı yaxınlığındakı Mehdiabad qəsəbəsində yaşamışdır. 1973-cü ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, elə həmin il M. Əzizbəyov adına Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) əyani şöbəsinə daxil olmuş, 1978-ci ildə “Dağ mühəndisi” ixtisası üzrə ali təhsil almışdır.

Əmək fəaliyyətinə Özbəkistanın yeraltı mədənlərində başlamış, daha sonra Bakı Metropolitenində, Azərbaycan Dəmir Yolu İdarəsində, “Azərkimya” İB-də, Əlvan Metallar Zavodunda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsul vəzifələrdə çalışmışdır.

Moskva, Sankt-Peterburq və Azərbaycan Nazirlər Soveti yanında İdarəetmə İnstitutlarında ixtisasartırma kursları keçmişdir.

Qəvami Sadıqbəyli 1988-ci ildən etibarən Milli Azadlıq Hərəkatının fəal iştirakçısı olmuş, sonrakı dövrlərdə jurnalist və politoloq kimi tanınmışdır.

Beynəlxalq və regional münasibətlərə dair analitik yazılar müəllifi kimi yüzlərlə məqalə qələmə almış, ictimai rəyə təsir edən çıxışlar etmişdir. O, dəfələrlə haqsızlıqlarla üzləşsə də, haqq və ədalət uğrunda mübarizədən bir an olsun geri çəkilməmiş, bu prinsipi həyatının əsas qayəsinə çevirmişdir.

Hal-hazırda Haqq Ədalət Partiyası sədrinin siyasi məsələlər üzrə müşaviri kimi fəaliyyət göstərir. Ailəlidir, Elnur adlı bir oğlu və Günay adlı bir qızı var.

Qəvami Sadıqbəyli 70 illik həyat yolu ilə təkcə bir fərd kimi yox, həm də ictimai düşüncə daşıyıcısı, vətəndaş mövqeyinin təbliğatçısı, haqq və ədalət uğrunda yorulmadan mübarizə aparan bir fikir adamı kimi çıxış edir.

Onun istər mühəndis fəaliyyəti dövrü, istər jurnalist və politoloq kimi çıxışları, istərsə də ictimai-siyasi sahədəki fəallığı, Azərbaycan cəmiyyətinə töhfə vermək istəyi ilə səciyyələnir.

70 yaş – müdrikliyin zirvəsidir. Qəvami Sadıqbəylinin bu zirvəyə çatması ; sabahkı nəsillər üçün bir örnəkdir :
– əqidəli olmaq, doğrunu müdafiə etmək, qorxmadan danışmaq və yazmaq örnəyi...

Əziz Qəvami bəy !
Hollandlar deyirlər ki, 70 yaş müriklik dövrünün başlanğıcıdır. İllərdi "Xudafərin" jurnalında birgə çalışırıq. Mən redaktor kimi, sən isə məsul katib. Ancaq mənim redaktor kimi yetişməyimdə sənin əməyini heç vaxt unutmaram. Sən bundan sonra da xalqımız üçün yaşayıb yaradacaqsan. Çünki Sən millətimizə mənəvi cəhətdən hava, su kimi ğərəksən.

70 yaşın mübarək olsun Azərbaycanımın fədakar oğlu !

Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (www.xudaferin.eu) jurnalının baş redaktoru.

Xudaferin.eu

09:16