Quzey Korenin hücumu barədə xəbərdarlıq edən smartfon əlavəsi yaradılıb

 

Yaponiya hökuməti Quzey Kore tərəfindən Yaponiya istiqamətində buraxılan ballistik raketlə əlaqədar təxliyə xəbərdarlığı edən xüsusi smartfon əlavəsi yaradıb. Bu barədə “Yomiuri” qəzeti məlumat yayıb.

 

Əlavə 2005-ci ildə buraxılmış internet saytının sadələşdirilmiş variantıdır. Burada ölkə vətəndaşlarına xəbərdarlıq funksiyasını yerinə yetirən J-Alert sisteminin funksiyaları əksini tapıb. Həmçinin cəmiyyətə müxtəlif aspektləri izah edən “sual-cavab” rubrikası da var. Öncələr bu səhifəni hər ay təqribən 100 min vətəndaş izləyib. Cari ildə Pxenyanın artan raket sınaqları ilə əlaqədar səhifəni izləyənlərin sayı kəskin artıb. Belə ki, cari ilin martında sayta 450 min, apreldə isə 9,3 milyon nəfər müraciət edib. Bununla bərabər, istifadəçilər ekrandakı şriftlərin pis oxunması, yükləmə üçün vaxtın həddindən artıq uzun olması və digər məsələlərlə bağlı şikayətlərini bildiriblər. Nəticədə, bütün bu problemləri həll edəcək yeni xüsusi əlavənin yaradılması qərara alınıb.

Beləliklə, yaponlar raket hücumu zamanı təxliyənin marşrutları və sığınacaqlar barədə daha geniş informasiya əldə etmək imkanı qazanıblar. Onların arasında möhkəm binalar, yeraltı keçidlər, metro stansiyaları və zirzəmi mərtəbələri barədə məlumatlar öz əksini tapıb. Hesablamalara görə, Quzey Koredən buraxılan raket 10 dəqiqə ərzində Yaponiya ərazisinə çata bilər. Həmin vaxt küçələrdə sirena səslənəcək, xəbərdarlıq isə elektron poçt vasitəsilə vətəndaşların mobil telefonlarına göndəriləcək.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”

17:40