“Quriya gündəlikləri” Azərbaycan Türkcəsində çap edilib

 

Milli Kitabxanada gənc gürcü şairi Giorgi Kekelidzenin Azərbaycan Türkcəsinə tərcümə edilmiş “Quriya gündəlikləri” kitabının təqdimat mərasimi keçirilib. “Gürcü ədəbiyyatı silsiləsi” seriyasına aid olan bu kitabın təqdimatı Milli Kitabxana və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən birgə təşkil edilib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov tədbiri açaraq Giorgi Kekelidzenin yaradıcılığı barədə qısa məlumat verib. K. Tahirov qeyd edib ki, G.Kekelidze Gürcüstan Parlamentinin Milli Elektron Kitabxanasının baş direktoru və təsisçisidir. O, 2008-ci ildə Gürcüstanın “Saba” ədəbiyyat mükafatı laureatı, 2013-cü ildə “Beynəlxalq Müşfiq Mükafatı” laureatı olub. Şairin bu kitabında Gürcüstanın Quriya bölgəsinin adət və ənənələri təsvir edilir. Bolqarıstanın Qabrovo və Azərbaycanın Şəki bölgəsi kimi, Gürcüstanın Quriya bölgəsinin sakinləri də qeyri-adi hazırcavablığı və yumor hissi ilə fərqlənir. AYB-nin tərcümə bölməsinin müdiri Pərvin Nurəliyeva, Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin kitabşünaslıq və nəşriyyat işləri kafedrasının dosenti Rasim Süleymanov şairin yaradıcılığı və Azərbaycan-gürcü ədəbi əlaqələri barədə çıxış ediblər.

Kitabı Azərbaycan dilinə Gürcüstan Yazıçılar İttifaqının mükafatı laureatı, yazıçı-dramaturq İmir Məmmədli tərcümə edib. Sonda Giorgi Kekelidze təqdimat mərasiminin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib, yaradıcılıq planları barədə danışıb.

Xudaferin.eu

10:21