Qürbətdə soydaşımız Sadıq Bağırovun sərgisi

Mosalsk şəhərinin (Rusiya Federasiyasının Kaluqa vilayəti) rəsm qalereyasında “Sadıq Bağırov. Rəngkarlıq. Qrafika” adlı sərgi açılıb. “Kaluqa” Dövlət Televiziya və Radio Yayım Şirkətinin saytına istinadla xəbər verir ki, sərgi tamaşaçını həmvətənimiz, Rusiya Rəssamlar İttifaqının üzvü Sadıq Bağırovun yaradıcılığı ilə tanış edir. S.Bağırov Bakıda anadan olub, Boqolyubov adına Saratov Rəssamlıq Məktəbində oxuyub, sonra Repin adına Xarkov Rəssamlıq İnstitutunun sənaye qrafikası fakültəsinə daxil olub. Rəssam 1978-ci ildə Kaluqaya köçüb. Burada rəssamlıq məktəblərində dərs deyir, şəhər, vilayət və respublika səviyyəli sərgilərdə iştirak edir. Onun əsərlərinin çoxu Rusiya, Ukrayna, Azərbaycan, ABŞ, Fransa, İtaliya, Almaniya, Braziliya və başqa ölkələrdə şəxsi kolleksiyalarda saxlanılır.

Mosalsk şəhərində təşkil edilmiş sərgidə rəssamın ailə kolleksiyasındakı əsərlər təqdim edilib. Ekspozisiyada rəssamın rəngkarlıq və qrafika əsərlərində təcəssüm etdirdiyi Azərbaycan mənzərələri, o cümlədən “Şərq natürmortu”, “Dağ kəndi” əsərləri nümayiş etdirilir. Onun əsərlərində Rusiyanın təbiəti və Kaluqa mənzərələri canlandırılıb. Ekspozisiyada rəssamın sulu boya ilə çəkilmiş əsərləri də nümayiş etdirilir. Müəllif bu əsərlərdə Kaluqanın həm müasir, həm də qədim obrazlarını əks etdirib.

Xudaferin.eu

21:49