Qürbətdə milli kimliyini dərk edən insan

Əslən Qırğızstandan olan Narsulu Aksu İsveçrənin Cenevrə şəhərindəki klinikaların birində çalışır. 1997-ci ildə Qırğızstan Dövlət Tibbi Akademiyasını bitirdikdən sonra, ixtisasını artırmaq üçün İsveçrəyə gedib. Burada yüksək səviyyədə magistr təhsilini bitirdiyi üçün müqavilə ilə məşhur klinikaların birində işləməyə dəvət edilib. O həkim kimi çalışmaqla yanaşı, türk xalqlarının milli diaspor təşkilatlarının ictimai fəaliyyətində aktiv insan kimi tanınır. Narsulu xanımla öncələr Bişkekdə “Gök Börü” xalq oyunları törənində tanış olmuşduq. Onunla bir daha görüşdük və qürbətdə milli diaspor fəaliyyətləri ilə bağlı  söhbət etdik.

–Narsulu xanım, qürbətdə yaşamaq sizə görə əzablı deyilmi?

–Əlbəttdə, qürbətin acıları çoxdur. Bəzən insan bir udumluq doğma havanın belə həsrətini çəkir. Onun üçün darıxır. Həyatın axarını dəyişmək istəyir. Ən adi saydığın və dəyər vermədiyin şeylər ağlından keçdikcə burnunun ucunda dolaşır. Özəlliklə də biz qırğızların ənənəsinə görə yaz gələndə Akşiyrak, Kakşal, Terskey, Küngöy, Çatkal, Talas və Tanrı dağlarını dolaşmağa, orada bitən çiçəklərə, özəlliklə Daş Laləni görmək, təbiəti qoxulamaq keçir ürəyimdən.

–İsveçrədə qazandığınız təcrübəni nədən doğma vətəndə tətbiq etmək istəmirsiniz?

–Ona görə ki, bir qədər də elmi biliklərimi artırmaq gərəkdir. Bütün bunlarla yanaşı, o qədər görüləcək işlərimiz var ki. Özünüz yaxşı bilirsiniz, Qırğızstan çox kasıb bir ölkədir. Bunun tək səbəbi son illərdə tez-tez dəyişən hakimiyyət çevrilişləridir. Kim hakimiyyətə gəlirdisə, ölkəni çapıb talamaq siyasətini aprıb. İqtidarların seçim yolu ilə dəyişməsinin ən qatı tərəfdarlarındanam. Ancaq, bir də var ki, pulun və zorun gücü ilə hakimiyyətə gələndən sonra, məmləkətin sərvətlərini talayasan, rüşvətlə cəmiyyəti bulaşdırıb sonra da heç nə olmamış kimi qaçıb gedəsən.

–Bəs indi durum necədir?

–Etiraf edim ki, Almazbek Atambayev prezident seçildikdən sonra, öncələr mövcud olan əyintilər xeyli dərəcədə dəyişib. Artıq bizlərdə kriminal qruplaşmalar yoxa çıxıb. Orta Asiyanın qardaş ölkələri ilə münasibətlərimiz ən yüksək səviyyədə inkişaf edir. Xarici ölkələrin daim süni şəkildə körürkləmək istədiyi “qırğız-özbək”, “qırğız-tacik” və başqa etnik savaşların ehtimalına son qoyulub. Atambaev və onun topmenecer qrupu cəhd edərək ölkəyə investisiya axınlarının artırılmasına çalışırlar. Qərb ölkələrində buna çox böyük maraq vardır.

–İndiki iqtidarın apardığı prioritet siyasətlərdən biri də Türk Dünyası ilə inteqrasiya yoludur. Sizin fikrinizcə bu sahədə hansısa uğurlara imza atılıbmı?

–Bunu inkar etmək tamamilə nankorluqdur. İlk prezidentimiz Əsgər Akaev ixtisasca fizik idi. Bu sahədə böyük alim sayılırdı. Bayman Erkinbaev, Rıspek Akmatbaev, Kurmanbek Bakiev, Azimbek Beknazarov, Ravşan Cenbekov, Feliks Kulov, Jusupbek Şaripov kimi liderlər ölkəni müxtəlif qruplaşmaların idarəciliyinə sürükləmək siyasətini aparırdılar. İndi hər şey arxada qalıb. Keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış yerlibazlıq kimi xəstəliyə də son qoyulub. İndi kimsəni Oş, Cəlilabad, Talas, Narın, Alay, Bazar Korqon, Koçkor, Taş Kumır, Suzak, Tokmok və başqa bölgəçilik siyasətində suçlamaq anlamı qalmayıb. Açıq demək gərəkdir ki, bizim ölkədə bütün bunların arxasında uzun müddət Rusiya, Çin və Tacikstan faktoru olmuşdur.

–Tacikstan nədən?

–Güney Qafqaz siyasətində üstün mövqelərə kim sahib çıxmaq istəyirsə Ermənistan bir bölgə kimi həmin güclərin “forpostu” rolunda necə çıxış edirsə, Orta Asiyada da durum belədir. Tacikstan dərhal həmin qüvvələrin yanında yer alır. Mənşəcə fars kökənli olan taciklərin heç bir zaman dövlətləri olmayıb. Elə indinin özündə belə, orada əhalinin çoxu özbək, uyğur, türkmən və qırğız türkləridirlər. Sovetlər Birliyi dönəmində biz türklərə məxsus ərazilər sayəsində onlara ayrıca respublika status verilib. Bütün bunlar azmış kimi, taciklərin dışında olan xalqları süni şəkildə “rusdilli əhali” adlandırmaqla hədəflərdə yer alan strateji uzantı siyasəti indi də davam etdirilir.

–Həkim ola-ola bütün bunları haradan bilirsiniz?

–Qürbətdə yaşamağım mənə çox şeyləri öyrətdi. İsveçrədə yaşayan azərbaycanlılarla, uyğurlarla, türkmanlarla, tatarlarla birlikdə “Avropa Türkləri Federasiyası” təşkilatının ilk təsis qurultayından üzü bu yana zamanla bütün bunları öyrəndim. Baxıb gördüm ki, hər birimizin taleyinin ssenarisini bir zamanlar Moskvadakı “Qızıl Kreml”də yazıblar. Burada fəaliyyət göstərən “Azərbaycan Mədəniyyət Mərkəzi”, “Azərbaycanın Dostları Cəmiyyəti” və Azərbaycanla bağlı digər diaspor fəaliyyətləri bizim üçün örnəkdir. Bu məsələdə təbii olaraq ölkənizin səfirliyinin də xidməti böyükdür. İsveçrədə Anadolu Türklərinin diaspor məsələsində təcrübələri böyükdür. Onların irəli sürdükləri təkliflərə bizlər dəstək veririk.
–Çox maraqlı bir məqama toxunmaq istərdik. Son illər Avropada “Türk-İslam Birliyi Hərəkatı” adı altında fəaliyyət göstərən qruplara maraq xeyli dərəcədə azalıb. Bunun qarşılığında “Türk İşçi Birliyi” adlı yeni təsisatlar yaranır. Bu nə ilə əlaqədardır?
–İlk öncə onu bilmək gərəkdir ki, bizlərdən qabaq Avropaya ucuz işçi qüvvəsi status ilə  gələnlərin əksəriyyətinin savadı olmayıb. Onlar hər çeşiddə qara işlərə razı olmaqla ailələrinə aylıq göndərənlər zümrəsini təmsil edirdilər. Onlara aşağılayıcı gözlə baxmaq yalnış olardı. Son 25 ildə Avropada yaşayan türk insanının xarakteri tamamilə dəyişib. İndi intellektual insanların meydanıdır. Hollandiya, İsveçrə, Finlandiya, İngiltərə, Fransa, Danimarka, Belçika, Avstriya, Almaniya parlamentlərində və yerli bələdiyyələrdə xeyli sayda türk diasporunu təmsil edən istedadlı insanlar çalışırlar. Avropa tədricən bizlərə olan münasibətini dəyişmək zorunda qalıb. Müasir elmin, texnologiyanın, hətta idman sektorunun aparıcı simaları arasında türk xalqlarını təmsil edən istedadlı insanlara olan münasibətdə elə həmin dövlətlər daha çox qazanc əldə edirlər. Yəni dünya insanı olmaq kimi düstura daha çox önəm verilməkdədir.

–Belə bir yanaşma tədricən intellektual baxımdan təfəkkür tərzimizi, psixologiyamızı, dəyərlərimizi dəyişdirmirmi?

–Qətiyyən. Mən qırğız türkü olduğum üçün bundan qürur duyuram. Xeyli azərbaycanlı dostlarım var. Onlar da öz milli kimliklərini qoruyub saxlayırlar. Özüm dəfələrlə onların İsveçrənin Bazel, Bern, Lozan, Sürix, Qruyer, Vintertur, Sankt Qalen, Luqano, Lyusern, Bil, Tun, Konic, Şafxauzen, Noşatel və Eribur şəhərlərində “Xocalı” soyqırımının anım törənlərində və başqa tədbirlərində iştirak etmişəm. Qürbətdə vətən üçün əlindən gələni etmək nə qədər çətin olsa da, bir o qədər də qürurvericidir. Çünki, başqa bir xalqı və dövləti öz problemlərinlə tanış etdikdə, yaşanılan ədalətsizlikləri irəli sürdükdə kimin haqlı olduğunu dünyanın bilməsi çox vacibdir. Ermənilərin Azərbaycan dövlətinə qarşı alət olduqlarını anlatmaq İsveçrə kimi bir ölkədə çox çətindir. Axı burada dünya xristian təşkilatlarının çoxsaylı ofisləri yerləşib. Ermənilər yüz ildir burada öz hədəflərini din pərdəsi altında gerçəkləşdiriiblər. Hətta bir sıra strateji hədəflərini dərslik proqramlarına belə salmışlar. Bu sədləri aşmaq üçün ilk öncə intellekt və yurdsevərlik tələb olunur. Biz belə bir çətin şəraitdə bütün türk xalqları ilə birlikdə irəliləyirik. Mədəniyyətimizi dünyaya tanıtdırdıqca, bizlərə olan münasibətlər, soyuq buzlar da əriməyə başlayır. Bu il martın 22-də Novruz Bayramını ötənlərdə olduğu kimi birgə keçirdik. İsveçrəli həkim dostlarımı, bütün rəfiqələrimi bu bayrama dəvət etmişdim. Təbiətin və dünyanın oyanışını, yaşıla boyanmasını, çiçəklərin açmasını bunca təntənə ilə qarşılayan ikinci bir irqin olmadığını öz gözləri gördülər. Etiraf edim ki, isveçrəli rəfiqələrim bayramın tən ortasında məndən daha çox  türk olmağa başlamışdılar. Bildirdilər ki, öncələr tarix kitablarında oxuduqları “barbar türklər” haqqında yalnışlıqlara aldanmışlar. Novruz Bayramının daha möhtəşəm şəkildə keçməsinin əsil səbəbkarları isə Azərbaycanın diaspor təşkilatları idilər.

–İsveçrədə erməni, kürd, ərəb və digər xalqların diasporu Türkiyənin simasında bizlərə qarşı daim təbliğat aparırlar. Sizin fikrinizcə bütün bunlara necə son qoymaq olar?

–Onlar Orta Şərqdə süni şəkildə alovlandırılan, idarə olunan və etnik münaqişələrə yol açan utopik ideyaların buxovlarının əsirləridirlər. Uydurma “Xilafət”, “Böyük Kürdüstan”, “Böyük Ermənistan” tipli xəyali ideyaların xəstələrinə çevrilmiş insanlardırlar. Bu azmış kimi, paniranistlər “farsdilli coğrafiya” ideyasını ortaya ataraq, tacik, urdu, lor, gilək, kürd, erməni və başqa xalqların birliyini yaratmağa, onun klassifikasiyasını siyasiləşdirməyə çalışırlar. Hətta iddia edirlər ki, “hindfars-ari” dilində dünyada bir milyarddan çox əhali danışır və BMT səviyyəsində vahid etnos kimi tanınmalıdırlar. Biz türk kökənli toplumlar bu utopik ideyaların əsiri deyilik. Kiminsə tarixi ərazisinə, başqa xalqları assimliasiya etmək kimi iddialardan uzağıq. Tək hədəfimiz hamılıqla milli kimliyimizi yaşatmaq, dəyər verdiklərimizi qorumaqdır. Avropanın iddia etdiyi tolerantlıq sistemindən fərqli olaraq biz etnokimlik anlamının fundamental şəkildə yaşadılması ideyasını müdafiə edirik.

–Heç Azərbaycanda oldunuzmu?

– Özüm şəxsən hər il Türksoyun elan etdiyi “Türk Dünyası mədəniyyət paytaxtı” törənlərinə qatılmaqla daha geniş mənada böyük bir etnosun bir yerə toplanmasını, o əzəmətin tablosunu seyr etməkdən qürur duyuram. Bütün törənlərə öz şəxsi vəsaitimlə qatılıram. Həm də yeni dostlar qazanıram. Mənşəcə Krım Türkü olan həyat yoldaşım Erkin mənə bu məsələdə dəstək olur. O, Bakı Dövlət Universitetinin tarix fakültəsində Azərbaycan türkcəsində təhsil alıb. Azərbaycanı və azərbaycanlıları mənə sevdirən də o olub. Şəkidəki törənlərə biz ailəlikcə qatılacağıq. Mən Azərbaycanı sadəcə internetlə və televiziya ilə seyr etdim. Bu dəfə canlı olaraq öz gözlərimlə görəcəyəm.

–Krımı ruslar bu gün işğal ediblər. Buna necə baxırsınız?

–Mən rus xalqına hər zaman sayğı ilə yanaşmışam. Özüm orta təhsilimi rusca almışam. Rus xalqına qarşı deyil, onu idarə edənlərin halına çox acıyıram. XXI yüzillikdə cəngəllik qanunları ilə ölkəni idarə etmək olmaz. Qarabağı ermənilər necə işğal etmişlər, ruslar da beləcə Krımı işğal altında saxlamaq istəyirlər. Bütün bunların sonunda kim daha çox zərər görüb? Bu sualın cavabını elə həmin işğalçı dövlətlərin özündə axtarmaq gərəkdir. Rusiya və Ermənistanda sadə insanlar dözülməz həyat tərzinə görə bəşəriyyətə qarşı belə nifrət edirlər. Buna Qərb mətbuatında biz tez-tez rast gəlirik. Rusiya və Ermənistan hakimiyyətləri bu həqiqətləri xalqdan gizlətməyə çalışırlar. Dünyanın harasında işğalçı siyasət hökm sürürsə, orada dərin səfalət var. İşğalçılıq bumeranqdır. Bax bunu görmək gərəkdir. Krım və Azərbaycan Türkləri işğalçı siyasətdən nə qədər acı əzablar çəksələr də, bunun daha ağır olacaq aqibətini elə ermənilər və ruslar yaşayacaqlar.

Söhbətləşdi: Ə. Yusifoğlu 

16:25