Qürbətdə Güney Azərbaycan nəfəsli şair Hadi Qaraçay

Yaşam onun üçün elə gətirdi, Güney Azərbaycandan Quzey Azərbaycana köçmək zorunda qaldı. Bakıda bir neçə il yaşasa da, yenidən başqa bir yönə, Avropaya üz  tutmalı oldu. Bütün bunlar ötən yüzilin 90-cı illərində baş verdi. Çoxları onu şən, gülərüz bir insan kimi tanıyır. Ancaq, bütün bunlar heç də dışında onun görüdüyü kimi deyil. Bütün acıları, içini, duyğularını bütün yaşamı boyunca gəmirən dərdi ürəyinin dərinliklərində, bir şeirlərində yaşanılır.

Özü ilə ilgili açıqlamalarında bunları dedi: “1966-cı ildə Güney Azərbaycanda fars rejiminin "Siyəhrud"laşdırdığı "Suyarı" kəndində doğulmuşam. Dilimizn gözəlliklərinin vurğunuyam. Öz dilimdə oxul görmədim, kino görmədim, kitab görmədim. Öz dilimdə yalnız anamın nağıllarını dinlədim bütün uşaqlığım boyunca. Gəncliyimdə qoşuğun axıcılığı, səslərin uyuşumu məni özünə çəkdi. Əlim yazmağa gəldi. Öz dilimdə yazmağın dadına vardım. Sevdim... sevdim ... sevdim... bu dili, bu yazını, bu ədəbiyatı... İlk bitiyimin adı "Beçələr banlayanda" oldu. Haradasa 1990-cı ildə Tərbizdə özümün əlyazmamla, kopi olaraq bir neçə yoldaşımla yaydıq. Sonralar 1995-ci ildə Almaniyada bir neçə daha yeni qoşuqla birlikdə elə ilk adıyla basdırdım. İkinci bitiyim "Badamlıqlar" oldu. 2005-ci ilin mayındə basıldı. Üncüsü isə yenə Tərbizdə yenə İSBN-siz olaraq gizli olaraq Ulusal savaşımızın sevimli adı olan Səid Mətinpura sunulmuş qoşuqlarımla birlikdə basılıb yayıldı. "Tamudan Gələn Səslər" adlandırdığım bitiyin bütün işləri sevgili yazar, gözəl gündəc (qəzet) yazarı Ramin Cabbarlının üzərində olub. Hələlik diriyəm, Norveçdə yaşayıram. Yaşamı, bütün çatışmazlıqlarıyla sevir, onu bütün insanlarla,  özəlliklə Güney Azərbaycan insanıyla ədalətli paylaşmaq üçün savaşıram. Qoşuğumun da, özümün də qayğım insanın özgür, dinc, barışcıl bir ortamda yaşamasıdır.

Unutmayın

Unutmayın,
öldüyünüz gün
hardasa hansıysa bir at
yer titrəyibmiş kimi kişnəməyəcək...

Unutmayın,
öldüyünüz gün
ağaclar anımsamayacaq,
buludlar qara geyməyəcək,
haçansa, hardasa suyundan içdiyiniz bulaq
gözlərinizin aynasını anmayacaqdır…

Unutmayın,
ən sevimli varlıq insandır.
Unutmayın,
ən dəyərli əllər insan əlləridir,
özəlliklə də yoldaş əlləri…

 

 

Qonaq

Göydənmi gəldi,
yerdənmi çıxdı,
bilmədik.
Qalın qırışılı alnında Tanrı damğası,
əlində
min dörd yüz ildən qalma
müqəddəs bir bıçaq.
Boylu qadınların ciyərlərini xımırtlayaraq
gəzir sol döşü sağ çiynində.
Alarvadını deyir,
sol döşü sağ çiynində.
Bir qaravaş
elə nə sorarsan, arkadaş.
Ayaqlarda barmaq,
barmaqlarda dırnaq qoymadı,
Tanrının min dörd yüz illik mərhəmət əli...
Güllə sözdən,
bıçaq dildən kəsərli.
Və edam dirəkləri
ormandan sıx
daş bağlı
İt açıq
İştə biz böylə yaşadıq.

 
Düş

Səni sevmək,
səni itirmək
sevdanın sonu deyilmiş anam.
Torpaq
yaşıllığı sevir ,
çiçək günəşə vurğundur.
Və göyərçinin yaşıl gözündə
eşq
buğdanın qızartısıdır.
Başın ananın dizində,
yuxuların ən ağırı gözlərində
dərinlərə götürdün sonuncu köçü...
Dincəl...
Dincəl...
Dincəl...  
Səni incitməyəcək dizlərindəki sancı,  
Biri varmış biri yoxmuş kimi,
Uşaqlıq illərin başlayır indi.
Götürdüyün ən qısa mürgünün üzü sonsuzluğa
qar yağar üşüməzsən,
gün vurar yanmazsan...
Və bu gündən başladığın düş sona erməz.
Gözlərini yum,
adımızı unut,
evimizi, köyümüzü unut...  
Və buradan apardığın ürəyimizin yaşıllığını torpağa ver...  
Baxıram
yaşıllığı sevir səni qucaqlayan torpaq,
Çiçək günəşə vurğundur
və hanalı dırnaqlarına bənzər kəhlik dimdiyində
mürgüsü sonsuzluğa gedən insan səsi var...

 

Tanıdığım qadın

Bir qadın tanıyıram
buralardan uzaqda...
Bir qadın tanıyıram buz bağlamış əllərində
buz parçası...
Baxammaz kül olmuş Günəşə,
kömür buludların pozuq köynəyindən.

Bir ev tanıyıram,
buralardan uzaqda bir ev tanıyıram.
Astanasında əkdik ürəklərimizi
və günəşə uzanan yollarında qollarımızı.
Astanasında əkdik ürəklərimizi
və günəşə uzanan yollarında qollarımızı.
Nə astanasında günəş bitdi,
nə yollarında işıq bitmədi.

Bir orman tanıyıram,
buralardan uzaqda bir orman tanıyıram.
Vıyıl-vıyıl əsər qaranlıq döşlərində duz küləkləri,
harayları sinəsində dustaq,
Mavi baxışları göz çanağında.
Bir qadın tanıyıram,
buralardan uzaqda bir qadın,
qara gözlərində həsrət günəşi. 

Bizdə hər ev qoruqçusu bilinməyən zindandır
və hər qapı
ölümə açılan bir cığırbaşı!

Gecələr
yel qonaq gəlir qamışlığa
və gündüzlər

Günəş altında
ölüm mahnısı oxuyur mızraqlar.
Ah ey eşidən qulaqlar!
 

 

14:12