Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib

İspaniyanın paytaxtı Madrid şəhərində davam edən Parlamentlərarası İttifaqın 143-cü Assambleyası çərçivəsində noyabrın 28-də Qoşulmama Hərəkatının (QH) sədri qismində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında Hərəkatın Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, iclasa Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova sədrlik edib.

Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin sədrləri, sədr müavinləri və deputatlarının iştirakı ilə keçirilmiş iclasda təşkilatın tarixində yeni səhifə açan və üzv dövlətlər arasında parlamentlərarası ölçünün inkişafına xidmət edəcək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev 2021-ci il iyulun 13-də QH-nin xarici işlər nazirlərinin konfransında çıxışı zamanı Azərbaycanın QH-yə üzv dövlətlərin əməkdaşlığının parlamentlərarası istiqamətini inkişaf etdirmək niyyətində olduğunu vurğulamışdı. Həmçinin dövlətimizin başçısı oktyabrın 11-də Hərəkatın yaradılmasının 60 illiyinə həsr olunmuş Belqrad yubiley konfransında bu mövzuya toxunaraq Azərbaycanın təşkilata üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atdığını bildirmişdi.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis olunması beynəlxalq ictimaiyyətin Prezident İlham Əliyevin təşəbbüslərinə verdiyi dəstəyin daha bir təzahürüdür.

Hərəkatın fundamental dəyər və prinsiplərinin təşviqinə, təşkilata üzv dövlətlər tərəfindən qəbul edilmiş qərarlara parlament dəstəyinin təmin olunmasına, habelə Qoşulmama Hərəkatına üzv dövlətlər üçün ümumi maraq kəsb edən məsələlərin həllinə parlamentlərin töhfə verməsinə imkan yaradacaq bu Şəbəkə yaranmaqda olan qlobal risk və təhdidlərə qarşı mübarizədə yeni çoxtərəfli əməkdaşlıq platforması rolunu oynayacaq.

Tədbirdə çıxış edən Qoşulmama Hərəkatına üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri təşkilatın sədri qismində Azərbaycan Respublikasının bu əhəmiyyətli təşəbbüsünü yüksək qiymətləndirib və Şəbəkənin fəaliyyətində aktiv iştirak edəcəklərini vurğulayıblar.

İclasın yekununda Madrid Bəyannaməsi yekdilliklə qəbul edilib. Bəyannamədə təsis edilmiş Parlament Şəbəkəsinin Hərəkatın fəaliyyətinə verəcəyi töhfə və həyata keçirəcəyi funksiyalar vurğulanır, Azərbaycanın təşkilata səmərəli sədrliyi alqışlanır, habelə Şəbəkənin növbəti iclasının 2022-ci ildə ölkəmizdə keçiriləcəyi bildirilir.

Xudaferin.eu

14:20