QƏLƏBƏYƏ APARAN BACARIQLI SƏRKƏRDƏ...

Azərbaycan dövlətçiliyinin möhkəmləndiyi, ordumuzun gücləndiyi və milli birliyimizin daha da qüdrətləndiyi müasir dövrdə ölkəmizin hərbi-siyasi uğurlarında mühüm xidmətləri olan şəxsiyyətlərdən biri də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik  Zakir Həsənovdur.

  Zakir Əsgər oğlu Həsənov uzun illər ərzində keçdiyi şərəfli xidmət yolu, qazandığı zəngin təcrübə və dövlətə sədaqəti ilə Azərbaycan hərb tarixində özünəməxsus yer tutmuşdur. 

 6 iyun 1959-cu ildə Astara rayonunda dünyaya göz açan Zakir Həsənov hələ gənclik illərindən hərb sənətinə böyük maraq göstərmiş ; Cəmşid Naxçıvanski adına hərbi liseydə və Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində aldığı təhsil ilə peşəkar zabit kimi formalaşmışdır. 
 Sonrakı illərdə SSRİ Silahlı Qüvvələri sıralarında, eləcə də müxtəlif hərbi strukturlarda qazandığı təcrübə onun yüksək idarəçilik bacarıqlarını daha da möhkəmləndirmişdir.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən güclü ordu quruculuğu siyasətinin uğurla icra edilməsində Zakir Həsənovun xidmətləri xüsusi qeyd olunmalıdır.
 O, müdafiə naziri kimi fəaliyyətə başladığı gündən etibarən Azərbaycan Ordusunun modernləşdirilməsi, hərbi intizamın gücləndirilməsi, döyüş hazırlığının artırılması və ordunun ən müasir texnologiyalarla təmin olunması istiqamətində mühüm addımlar atmışdır.
Xüsusilə 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsində əldə edilən möhtəşəm Zəfər Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirdi. Bu tarixi Qələbənin qazanılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti ilə yanaşı, Müdafiə naziri Zakir Həsənovun peşəkar fəaliyyəti, düzgün hərbi idarəetməsi və ordunun əməliyyatlara yüksək səviyyədə hazırlanması mühüm rol oynadı. Azərbaycan Ordusu düşmənin uzun illər ərzində qurduğu istehkamları qısa müddətdə darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və xalqımıza böyük qürur yaşatdı.

Zakir Həsənovun rəhbərliyi altında orduda həyata keçirilən islahatlar, şəxsi heyətin sosial rifahına göstərilən diqqət və hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ölkəmizin müdafiə qüdrətini daha da artırmışdır. 
 Onun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş, müxtəlif orden və medallarla təltif edilmişdir. “Zəfər” ordeni, “Qarabağ” ordeni, “Azərbaycan Bayrağı” ordeni və digər ali mükafatlar onun Vətən qarşısındakı xidmətlərinin təsdiqidir.
   Bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından biri hesab olunursa, burada Zakir Həsənov kimi təcrübəli və qətiyyətli sərkərdələrin əməyi danılmazdır. O, daim dövlətə və xalqa sədaqətlə xidmət edən, Ali Baş Komandanın tapşırıqlarını uğurla yerinə yetirən nüfuzlu hərbi rəhbərlərdən biridir.

  General-polkovnik Zakir Həsənovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti və şərəfli fəaliyyətində yeni uğurlar arzulayırıq. Arzu edirik ki :  onun Vətənə xidmət yolu daim uğurlarla davam etsin, Azərbaycan Ordusu isə hər zaman qüdrətli və qalib olsun !

Müıllif : Qəvami Sadıqbəyli.
Telefon : + 994 51 980 23 66 ;
 E-poçt : hamzayevqavami@gmail.com
  6 iyun 2026-cı il.

Xudaferin.eu

18:11