Qiyas İbrahimov cəzaçəkmə müəssisəsinə köçürülüb

 

 

Həbsdə olan gənc fəal Qiyas İbrahimov 2 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb.

Bu barədə vəkil Elçin Sadıqov AzadliqRadiosu-na danışıb.

Vəkil bildirib ki, Qiyas İbrahimov Yasamal Rayon Məhkəməsində gedən prosesə görə müvəqqəti olaraq Bakı İstintaq Təcridxanasına aparılmışdı. Gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da saxlanıblar. Onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər. Onlar keçmiş prezident, hazırkı dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə "Qul bayramınız mübarək!" şüarı yazılmasına görə həbs ediliblər.
“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə narkotik ittihamı saxtalaşdırılıb.

Ancaq hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edirlər. Bu il iyulun 13-də Qiyas İbrahimovun atası Həsən İbrahimov İstintaq İdarəsinə çağrılıb və ona cinayət işi açıldığı deyilib.

Bildirilib ki, Qiyas İbrahimov və atası Həsən İbrahimov Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunurlar. Cinayət işi Bakı Apelyasiya Məhkəməsində Qiyas İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Qiyas İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək “balalarınızdan görəsiz...” deyib. Bu, hakimə hörmətsizlik kimi qəbul edilib.

Dekabrın 18-də Yasamal Rayon Məhkəməsində Qiyas İbrahimov və atası Həsən İbrahimova hökm oxunub. Hökmə əsasən, Həsən İbrahimov aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib. Qiyas İbrahimovun 10 illik cəzası daha 3 ay artırılıb.

 

Amerikaninsesi.org

 

09:38