Qəhrəmanlar Ordusu - Vətənin dayağı

Artıq üçüncü ildir ki, 26 İyun – Silahlı Qüvvələr Gününü qalib millət, qalib dövlət, qalib xalq kimi qeyd edirik. Bu qürura, dünyada qalib ölkə, yenilməz Azərbaycan Ordusu olmağımıza görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində düşməni işğal atında olan torpaqlarımızdan qovub çıxarmış qəhrəman əsgərlərimizə, qazi və şəhidlərimizə borcluyuq. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu bu gün yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan Silahlı Qüvvələri dünyanın sayılıb-seçilən 50 ən güclü ordusundan biridir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində dünyanı heyrətləndirən şanlı Zəfər qazandı. Məhz bu tarixi Qələbə sayəsində Prezident İlham Əliyev tarixə Müzəffər Ali Baş Komandan kimi düşüb. Şanlı Qələbədən sonra Ordumuzun peşəkarlığının və döyüş qabiliyyətinin daha da yüksəldilməsi istiqamətində qətiyyətli addımlar atıldı, yeni hərbi hissələr yaradıldı, xüsusilə işğaldan azad edilmiş ərazilərdə hərbi quruculuq işləri geniş vüsət aldı. Azərbaycan tarixinə qəhrəmanlar ordusu kimi düşən Silahlı Qüvvələrimiz hər birimizin qürur mənbəyinə çevrildi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Müdrik şəxsiyyət hələ Azərbaycana birinci rəhbərliyi dövründə müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesini prioritet vəzifə kimi qarşıya qoymuşdu. Ümummilli Liderin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə nizami, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail olmaqla respublikamızda ordu quruculuğu istiqamətində qətiyyətli və cəsarətli addım atdı. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına əlverişli şərait yaratdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi. Ulu Öndər Heydər Əliyevin sayəsində azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində oxuması, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbulu mümkün oldu.

Müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlərin Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli işin öhdəsindən gələ bilməməsindən söhbət açan Ç.Qənizadə bildirib ki, həmin dövrdə nizami ordudan əsər-əlamət yox idi. Müxtəlif hərbi dəstələr ayrı-ayrı qüvvələr tərəfindən idarə olunurdu. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas alırdı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır vaxtda xalqın çağırışı ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev başıpozuq silahlı dəstələri ləğv edərək nizami ordu quruculuğu prosesinə start verdi. 1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycan Milli Ordusunun formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Komitə sədri qeyd edib ki, müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı prioritet vəzifə kimi qarşıya qoyuldu. Məhz Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı. Bu, Azərbaycan Ordusunun qüdrətini əks etdirən sübutdur. Xalqımız, eləcə də dünya ictimaiyyəti 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında və 2020–ci il Vətən müharibəsində bu gücün və qüdrətin canlı şahidi oldu. Yenilməz Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan ordusunun başladığı genişmiqyaslı təxribatlarının qarşısını alarkən bir daha dünyada ən güclü ordulardan biri olduğunu sübut etdi. Düşmən yenilməz ordumuz qarşısında cəmi 44 gün davam gətirə bildi. Otuz il ərzində dünyanın ən qüdrətli dövlətlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların edə bilmədiklərini Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuz 44 gün ərzində yerinə yetirdi. İşğalçı ölkənin ordusu darmadağın edildi və Ermənistanın siyasi, hərbi rəhbərliyi kapitulyasiya aktını imzalamağa məcbur oldu. Həmin gündən Azərbaycan dünyada qalib ölkə kimi tanındı.

Hüquq müdafiəçisi deyib ki, bu gün Azərbaycan Ordusu qəhrəmanlar ordusu kimi tanınır. Bu ordu Vətənin müdafiəsində ayıq-sayıq dayanıb. Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizin peşəkarlığını yüksək qiymətləndirərək deyib: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”.

Xudaferin.eu

16:31