Qəddimizi dikəldən, aşağılıq kompleksindən qurtulduğumuz 2020-ci il
Sosioloq, psixoloq və siyasətçi canlı və maddi itkilərimizə rəğmən, bu ili birmənalı olaraq uğurlu sayırlar
2020-ci ili çox təzadlı hisslərlə başa vururuq. Bir tərəfdən torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpası, qələbə sevincini, digər tərəfdən koronavirusun il boyu bizi təqib etməsinin yaratdığı diskomfort, fəsadlar, iqtisadi itkiləri, şəhidlərimizin ağrısını yaşayırıq.
Bəs 2020-ci il tariximizə necə düşəcək? Bir neçə gündən sonra geridə qoyduğumuz ili Azərbaycan üçün uğurlu il hesab etmək olarmı?
Sosioloq Əhməd Qəşəmoğlu 2020-ci ili müsbət il kimi dəyərləndirdiyini qeyd etdi: “Çünki 200 ildən artıq idi ki, Azərbaycan yalnız torpaqlarını itirə-itirə gedirdi. Bu səbəbdən xalqımızda qorxunc bir kompleks yaranmışdı ki, sanki elə bir oyun qurulub, bütün torpaqlarımızı əlimizdən alacaqlar. Bununla bağlı hətta ideyalar da var idi. Belə ki, bu cür xəyallara düşən mənfur qonşumuzun müxtəlif planları var idi. Beləliklə, bütün bunlar xalqımızda gərgin psixoloji vəziyyət yaratmışdı. Böyük Azərbaycan torpaqlarından çıxarılaraq, kiçik bir küncə sıxışdırılmışdıq. Hətta o küncdə belə tez-tez eşidirdik ki, ”Rusiya istəsə o torpaqlarımızı da əlimizdən ala bilər" və ya mənfur düşmənlərimiz deyirdi ki, “bu dəfə müharibə olsa, tanklarımız Bakıya gəlib çıxacaq” və sairə. Bu, hədsiz dərəcədə qorxunc idi, yəni istənilən qorxunc xəstəlikdən belə qorxulu idi. Çünki əhali bu cür qorxu keçirəndə onun mentalitetində, insanlarında həm mənəvi, həm də psixoloji baxımından dəyişikliklər baş verir.
Digər tərəfdən, bizim adət-ənənələrimizdə min illər boyu mənəviyyat amili, o cümlədən namus, qeyrət, kişilik hər zaman öndə, aparıcı dəyərlər olub. 30 il idi ki, bir çox ziyalılar, natiqlər danışanda deyirdilər ki, “torpaqlarımız işğal olunmaqla namusumuzu, qeyrətimizi tapdalayıblar”. Bu, yeni böyüyən nəsildə aşağılıq kompleksi yaradırdı. Bütün bunları sosial-iqtisadi, mənəvi baxımından təhlil edəndə biz çox pis, təhlükəli vəziyyətdə idik. Şəxsən bir sosioloq kimi mən də bu vəziyyətdən özümü çox pis hiss edirdim. Lakin sentyabrın 27-dən Vətən müharibəsi başlayanda gördük ki, vəziyyət heç də bizim təsəvvür etdiyimiz qədər qorxulu deyil. Əvvəllər belə bir fikir də yaranmışdı ki, silahlarımız da bir işə yaramayacaq, çünki köhnə Rusiya silahlarıdır və sairə. Lakin müharibə başlayanda gördük ki, silahlarımız da, ordumuz da həqiqətən çox müasirdir.
Belə bir ordunun yaranmasında əlbəttə ki, dövlətin seçdiyi siyasət mühüm rol oynayır. Lakin bununla bərabər Türkiyənin də böyük dəstəyini, rolunu qeyd etmək lazımdır. Məlum olduğu kimi, son illərdə rəşadətli ordumuzda xidmət edən bir sıra hərbiçilərimiz Türkiyədə yetişib. Bu mənada təkcə Polad Həşimov faktorunu qeyd etmək yetərlidir. Yəni ordumuzun indi əsas aparıcı zabit və generalları Türkiyə hərbi təhsilini alıb. Daha bir məsələ: hesab edirəm ki, gənclərimizin daha da vətənpərvər ruhda yetişməsində Türkiyə seriallarının da rolu olub. Bildiyiniz kimi, Türkiyədə müharibə, hərb, vətənpərvərlik mövzusunda möhtəşəm seriallar çəkilir.
Beləliklə, bütün bunlar göstərir ki, bizim potensialımız var idi və bu 2020-ci ildə üzə çıxdı, torpaqlarımızı bərpa etdik, əhalidə böyük əhval-ruhiyyə yarandı, ən əsası isə beynəlxalq aləmdə bizə münasibət dəyişdi. Belə bir imic yaratmışdılar ki, guya azərbaycanlılar qorxaqdır və sairə. Bu fikirləri də dəf etdik.
Dövlətlərdə ölkə başçısının keyfiyyəti hədsiz mühüm rol oynayır. Həmişə əhali ölkə başçısından nigaran qalanda vəziyyət gərgin olur. 44 gündə Prezidentimiz hər gün müsahibələr verir, çıxışlar edirdi. Bu, həm beynəlxalq aləmdə bizə qarşı olan mənfi münasibəti aradan qaldırdı, həm də əhali arasında gözəl əhval-ruhiyyə, arxayınlıq yaratdı ki, Prezident vətənpərvər insandır, gedən proseslərin hamısını anlayır, bir şey lazım olanda ona tam arxayın olmaq olar. Sosial-psixoloji baxımdan bu çox mühüm amil idi. Bütün bunları nəzərə alaraq bir daha qeyd edirəm ki, 2020-ci il bizim üçün çox uğurlu oldu. Koronavirusla bağlı prosesə gəldikdə isə bu prosesdə əhalimizin zəif cəhəti üzə çıxdı. Biz artıq bilirik ki, əhalimiz pandemiya kimi vəziyyətlərə hazır deyil, bu istiqamətdə çox ciddi işlər aparılmasına böyük ehtiyac var. Düşünməliyik ki, hansı üsullardan, təbliğat metodlarından istifadə edək ki, əhali bu cür hadisələrə də hazır olsun".
Psixoloq Elnur Rüstəmov isə sualımıza bu cür cavab bildirdi: “Əlbəttə ki, 2020-ci ili bizim üçün uğurlu il hesab etmək olar. İlk növbədə Vətən müharibəsində qazandığımız qələbəmiz, işğalda olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpa olunması böyük bir qələbədir. Eyni zamanda psixoloji, milli şüurun inkişafı, milli təfəkkürün, ideologiyanın formalaşması baxımından insanlarımız üçün ən böyük motivasiyadır. Vətən müharibəsini bütövlükdə götürəndə onun özü böyük bir psixoloji terapiya idi. Məlum məsələdir ki, şəhidlərimiz də oldu. Şəhid ailələrinin davranışlarını, onların necə mərd, qorxmaz, Vətən uğrunda canlarını verməyə hazır olduqlarını gördük. Bu cəhətdən bu böyük bir qələbə, uğurdur.
Bunun fonunda pandemiya, onun törətdiyi fəsadlar da oldu. Məlum olduğu kimi, xeyli sayda insan bu virusdan dünyasını dəyişdi. Onların arasında yaşlı insanlar da, gənclər də var. Həmçinin pandemiyadan irəli gələn yeni davranış modeli yarandı. Lakin pandemiya təkcə bizim ölkədə deyil, bütün dünyada baş verdi. Vətən müharibəsi isə ancaq bizdə oldu və biz öz ərazi bütövlüyümüzü bərpa etdik. Şübhəsiz ki, Ali Baş Komandanımızın siyasəti və onun rəhbərliyi altında olan ordumuzun rəşadəti, xalqımızın birliyi sayəsində. Bu baxımdan 2020-ci ili uğurlu hesab etmək olar. Şəhidlərimiz var və onların ruhu hər zaman əziz tutulmalı, qazilərimizə diqqət göstərilməlidir. Doğrudur, bununla bağlı fondlar yaradılır, ayrı-ayrı qurumlarda işlər həyata keçirilir. Yaxşı olardı ki, bütün bunlar müəyyən mərkəzləşdirilmiş formada edilsin".
İqtisadçı-politoloq Natiq Cəfərli isə qeyd etdi ki, ili təhlil edərkən məsələyə müxtəlif istiqamətlərdən yanaşılmalıdır: “Yəni məsələn, iqtisadi-sosial bloka ayrı, Qarabağ blokuna ayrıca baxılmalıdır. Ümumilikdə götürəndə əlbəttə ki, istənilən halda pandemiyanın, sosial-iqtisadi çətinliklərin olmasına, iqtisadi dalamanın, işsizliyin artmasına baxmayaraq, işğal altında olan torpaqlarımızın işğaldan azad olunması çox böyük hadisədir. Hesab edirəm ki, bu hadisə nəinki 2020-ci ilin, ümumiyyətlə Azərbaycan tarixində çox vacib, əhəmiyyətli hadisə olaraq qalacaq və dövlətçiliyimizin möhkəmlənməsində, Azərbaycanın kimliyinin formalaşmasında mühüm amil olacaq. Hətta düşünürəm ki, Azərbaycan cəmiyyəti əldə etdiyimiz qələbəni, uğuru hələ tam dərk etmir. Doğrudur, müəyyən amillər də var ki, hələ ürəyimizi sıxır, Rusiya sülhməramlılarının ərazilərimizə gəlməsi müəyyən qıcıq və gələcəklə bağlı suallar yaradır. Lakin ümumilikdə götürəndə 2020-ci ildə qazandığımız qələbə alnımızın açıq olmasına, boynumuzun dikəlməsinə səbəb oldu və bu çox böyük qələbədir. Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan cəmiyyəti böyük bir kompleks, məğlubiyyət sindromu yaşayırdı. Biz bu kompleks və sindromdan da qurtulduq.
Təbii ki, dünyada gedən pandemiya ilə əlaqədar ciddi sosial-iqtisadi problemlər, çağırışlar var. Hətta təəssüf ki, bu problemlər 2021-ci ilə transfer olacaq. Yəni gələn il heç də asan olmayacaq. Çünki pandemiya ilə bağlı hansı proseslərin olacağını heç kəs bilmir. Bildiyiniz kimi, indi virusun mutasiyaya uğraması ilə bağlı da problem yaşanır. Bu problemin hansı səviyyədə həll olunacağı da bilinmir. Həmçinin dünyada iqtisadi prosesin hansı istiqamətdə gedəcəyi sual altındadır. Əlbəttə ki, bütün bunlar Azərbaycana təsirsiz ötüşməyəcək. Bu da hökumətin üzərinə çox böyük həm yük, həm də məsuliyyət qoyur".

Xudaferin.eu
11:17
Digər xəbərlər