Qazaxıstan gənclərinin Xocalı soyqırımına həsr etdikləri klip təqdim olunub

Qazaxıstanın Almatı şəhərində Xocalı faciəsinin 27-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Xudaferin.eu xəbər verir ki, Almatıda Azərbaycanlıların Dostluq Evində keçirilən tədbirdə qazaxıstanlı gənclərin Xocalı soyqırımına həsr etdikləri “Fevral ildırımı” adlı klipin təqdimatı keçirilib.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin Almatı şəhərindəki nümayəndəsi Ramil Rzayev, Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəz Xamedov, nümayəndəsi Allahverdi Məmmədov, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin vitse-prezidenti, ictimai xadim Nasiha Kenjina Xocalıda baş verən hadisələrdən danışıblar. Natiqlər Xocalı soyqırımının bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biri olduğunu vurğulayıblar. Beynəlxalq ictimaiyyəti Xocalı soyqırımına ədalətli hüquqi-siyasi qiymət verməyə çağırıblar. Bildirilib ki, artıq bir neçə ölkənin parlamenti bu soyqırımına hüquqi-siyasi qiymət verib.

Sonra “Fevral ildırımı” klipi nümayiş olunub. Klipin prodüseri Dana Rıskeldinova da layihə ilə bağlı təəssüratlarını bölüşüb.

Tədbirdə Xocalı faciəsinə həsr olunan “Xocalıya ədalət” sənədli film də nümayiş etdirilib.

Xudaferin.eu

23:14