Qazaxda general-mayor İbrahim ağa Vəkilovun 165 illiyi münasibətilə sərgi açılıb

Qazax rayon Mərkəzi Kitabxanasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində ilk azərbaycanlı hərbi topoqraf, general-mayor İbrahim ağa Vəkilovun anadan olmasının 165 illiyi münasibətilə sərgi açılıb.

Kitabxananın direktoru Solmaz Babanlı AZƏRTAC-a bildirib ki, sərgidə AXC-nin yaranmasında xüsusi rolu olan Milli Şura üzvlərinin hər biri haqqında, Azərbaycanının qədim və müasir tarixini əks etdirən kitab və materiallar nümayiş olunur.

İştirakçılara Cümhuriyyətin fəaliyyəti, gördüyü işlər barədə geniş məlumat verilib. Həmçinin İbrahim ağa Vəkilovun da ömür yoluna nəzər salınıb, bildirilib ki, o, Qafqazda hərbi topoqrafiya üzrə general-mayor rütbəsinə layiq görülmüş yeganə şəxsiyyətdir. Ötən əsrin əvvəllərində İbrahim ağa bir topoqraf kimi çox məşhur olub. O, 1934-cü il iyunun 2-də vəfat edib.

Sərgi ziyalılar, rayon ictimaiyyəti və məktəblilər tərəfindən maraqla qarşılanıb.

AZƏRTAC

13:04