Qatı patriotların duru yağ qovğası– Hər xalq "qonşuda qalan əzəli torpaq” davası etsə....

Rusların böyük əksəriyyətinin RF ordusunun Ukraynaya hücumunu dəstləkməsi fakti bariz və danılmazdır.

Kim inanmırsa, çoxdan tanıdığı (tələbə yoldaşı, hərbi xidmət dostu və s.), inandığı, “yaxşı adam” kimi təqdim etdiyi bir rusla əlaqə saxlasın, Krıma, Donbasa, bütövlükdə Ukraynaya dair rəyini soruşsun, mütləq belə bir cavab alacaq ki, bu məsələdə Rusiya haqlıdır. İstisnalar ola bilər, amma bu müstəsna hallar ümumi mənzərəni dəyişməyəcək.

Hazırda xarici şirkət və firmaların Rusiyanı tərk etməsilə, eləcə də müharibəylə bağlı başqa səbəblərdən kütləvi şəkildə işsiz qalan, madar balaları Ukrayna çöllərində həlak olan, iqtisadi çətinliklərlə üzləşən, marketlərdə qənd, sabun, duru yağ, tualet kağızı, qarabaşaq yarması üstündə bir-birini yumruqlayan insanların nədən bu günə düşdüklərini sorğulamasındansa, ultra-patriotizm sərgiləmələri, günahı öz rəhbərlərindən başqa hər kəsdə, “məkrli Qərb”də, “etibarsız qonşular”da, “daxili düşmənlər”də görmələri olduqca absurd və haqsız mövqedir, amma bu, gerçəkdir.

Bu ovqat böyük ölçüdə illərlə aparılan rəsmi təbliğatın məhsuludur. Kreml propoqondistləri, solovyovlar, jirinovskilər, züqanovlar illərlə bu xalqa onun böyüklüyündən, yaxın ətrafdakı xalqlara mədəniyyət və xaşbəxtlik gətirmələrindən, buna görə də onların üzərində özəl və əbədi haqları olmasından, “rus dünyası”nın mənəvi zənginliyindən, 400 ilə yaxın ömrü olan rus imperiyasının (sovet dövrü də daxil) nəhəngliyindən, rus diyarının intəhasızlığından, “rus ürəyi”nin genişliyindən, “rus silahı”nın qüdrətindən o qədər danışıblar ki, özləri də, xalq da bütün bunların gerçək olduğuna inanıb və xalqda özünəvurğunluq yaranıb.

Buna “reallıq hissinin itirilməsi” də demək olar, “qazanılmış, bəslənmiş şovinizm sindromu” da.

Bu mərəzdən belə asanlıqla qurtulmaq mümkün deyil. Bundan ötrü, görünür, xalq böyük, ardıcıl sarsıntılar yaşamalıdır ki, öz məcrasına qayıtsın. 1918-ci ildə Almaniya və müttəfiqlərinin məğlubiyyəti ilə başa çatan I dünya müharibəsindən sonra almanlar hansı psixoloji sarsıntı içindəydilərsə, necə keçmiş xiffət və amansız revanş ovqatına köklənmişdilərsə, 1991-ci ildə SSRİ-nin dağılması ilə başa çatan “soyuq müharibə”dən sonra ruslar da eyni durumda idilər. Prinsipcə, Hitler II dünya müharibəsini məhz alman xalqının həmin psixoloji durumunun sifarişi ilə, Avropadan qisas almaq, “böyük alman xalqı”nın dünya ağalağını bərqərar etmək üçün başlatmışdı. Başqa sözlə, II dünya müharibəsi 1-cinin davamıydı.

Eynilə hazırda gedən Rusiya-Ukrayna müharibəsinin başlanması da rus xalqının psixoloji durumunun sifarişidir. Ali rəhbərindən tutmuş adi çilingərinə qədər rusların tam əksəriyyəti “soyuq müharibə”dəki məğlubiyyəti, “böyük rus imperiyası”nın kiçilməsini həzm edə bilmirdi, onu bu və ya digər şəkildə bərpa etmək istəyirdi. Budur, həmin proses başlanıb.

Bir baxın, Kremlin sözəbaxan, itaət göstərən, yenidən “rus çətiri”nin altına yığışmağa hazır olan digər müttəfiq respublikalarla işi yoxdur, ancaq Gürcüstan və Ukrayna kimi “öz yolunu getmək”, “öz tərəfdaşlarını seçmək” əzmində olanlarla savaşır, onları nə vaxtsa yenidən toparlayacağı imperiyadan uzaqlaşmasına imkan vermək istəmir. Ermənistanın başına gələnlər də gözardı edilməməlidir. Ermənilər də Moskvadan uzaqlaşmaq yolu seçmişdilər, Kreml onlara dünyanın neçə bucaq olduğunu asanca başa saldı, 43 gün müdafiəsiz qoydu, biz 28 il gözlədiyimiz tarixi fürsətdən yararlandıq, 44-cü gün ermənilərin dizləri yerə gəldi və rusun dizinə qapandılar.

Almanlar II dünya müharibəsində məğlub olduqdan sonra tamamən sarsıldılarsa, “soyuq müharibə”nin davamı olan ikinci hibrid səciyyəli savaşda Rusiyanın məğlub olması da rus xalqını ayıldacaq, özünə gətirəcək. Əksinə olsa, dünya daha böyük fəlakətlə üzləşəcək.

Bununla belə, demək olmaz ki, bu sayaq təfəkkür tərzi, öz dövlətini uca tutmaq, fanatikcəsinə sevmək təkcə ruslara xasdır. Elə deyil. Bir çox dövlətlərin əhalisi də ərazi qoparmaq üçün qonşu ölkəyə hücum edən ordusunu və onun komandanını mütləq dəstəkləyər.

Məsələn, Yaponiya hökuməti böyük itki vermədən, uğurlu bir şəkildə hücum edib Kuril adalarını Rusiyadan qoparsa və Şikotan adasına yapon bayrağı sancsa, xalq qətiyyən buna qarşı çıxmaz, kütləvi şəkildə dəstəkləyər, “əzəli yapon torpağını azad edən xilaskarlar”ı qəhrəman elan edər.

İran qoşun yeridib Azərbaycanı Dərbəndə qədər işğal etsə, İran xalqı bundan yalnız məmnunluq duyar, “tarixi ədalət bərpa olundu” deyər.

Biz Borçalını Gürcüstandan, İrəvanı Ermənistandan almaq üçün uğurlu nəticələnəcəyi şübhə doğurmayan müharibəyə başlasaq, xalqımızın əksəriyyəti elliklə bunu alqışlayar.

Almaniya hərbi yolla Köniqsberqi (Kalininqradı) Rusiyadan, Strasburqu Fransadan geri ala bilsə, alman xalqı ehtizaza gələr.

Yunanıstan Bizans imperiyasının varisi olaraq müharibə yoluyla İstanbulu almağı bacarsa, dünya yunanları 40 gün, 40 gecə toy-bayram edər, 40 il bundan danışar.

Türkiyə lap böyük qurbanlar bahasına olsa da, Krımı Rusiya və Ukraynanın əlindən çıxarıb yenidən özününkü edə bilsə, türk xalqı yeni qəhrəmanlıq dastanları bağlayar.

Yüzlərlə belə misal gətirmək olar. Ona görə də rusların hazırkı dövlətçilik sevdaların anlamaq mümkündür. Onlar elə bilirlər ki, rus əsgərinin ayağı hara dəyibsə, harada rus bayrağı dalğalanıbsa, oralar artıq rus torpağı olub və onları geri qaytarmaq rus ordusunun borcudur.

Hazırda ruslardan başqa heç kəs bu kimi iddialarda deyil, "əzəli torpaqlar"ı geri almaq üçün müharibəyə başlamağı düşünmür. Rusiya isə hələ 8 il əvvəl Krım və Donbası ilhaq etməklə yeni müharibələrin fitilini odlayıb. 

Ancaq bir kənddə və ya şəhərdə təhlükəsiz, firavan, sakit yaşamağın qızıl qaydası mehriban qonşuluq büsatına malik olmaqdır və eyni meyar dövlətlərarası münasibətlər üçün də keçərlidir. Heç bir dövlət həmişə öz qonşuları ilə “çəpər”-sipər davası apara-apara tərəqqi edə bilməz. Qazancının çoxunu hərbi sferaya, silah-sursata xərcləyən dövlət həmin vəsaiti təhsildən, səhiyyədən, təqaüdçünün pensiyasından və digər sosial layihələrdən kəsməlidir.

Avropanın cırtdan dövlətləri (Lüksemburq, Lixtenşteyn, Monako, Andorra, San-Marino və s.) öz kiçik torpaqları, məhdud insan resursları və kasad təbii sərvətləri ilə ona görə firavan, varlı yaşayırlar ki, heç bir qonşularıyla konfliktləri yoxdur, raketlərə, qoşun birləşmələrinin saxlanmasına milyardlar xərcləmirlər, qazandıqlarını insan həyatının təminatına yönəldirlər və bütün dünya onlara həsəd aparır.

Ruslar və digər aqressiv ölkələr bu sadə həqiqəti nə qədər tez başa düşsələr, özləri də, qonşuları da bir o qədər rahat və yaxşı yaşayarlar.

Xalid KAZIMLI

Xudaferin.eu

15:29