“Qardan azadlıq yapıram…” – Rəna Zare

İstedadlı şair dostumuz İlham Qəhrəman güneyli şair Rəna Zarenin şeirlərini təqdim edir.

 Güneyli şair Rəna Zare özü haqqında bioqrafiyada bunları qeyd edib: 1988 ilində, Tərizin bir qarlı payızında dünyaya göz açdım. Huquq bölümündə oxuyaraq lisenziya aldım. Təhsilatdan mənə qalan keçən ömür və yorğunluq oldu… Ata və anamın şeirə olan marağı məndə təsir buraxdı və 14 yaşımdan şeir yazmağa başladım. Şeirin yeri mənim dünyamda deyil, bəlkə mən şeir dünyasında yer açmağa çalışıram. Şeir olmasa mən özum olmaram yəqin… qaranlıqda itib bataram!  Sonralar ayağım şeir məclislərinə açıldı. Təbrizin “Aftab” (Günəş) Azərbaycan dərgisində ilk olaraq şeirlərim çap olmağa başladı və bir neçə sayda verildi. 2012 ilində ilk şeir toplusunu " Bir kamyon qorxu" adında çapa yetirdim. Milad olaraq oldu mənə (ad günüm oldu mənə). Tanınmağa başladım, şükur! Urmu, Təbriz və başqa şəhərlərin bir çox dərgisində şeirlərim çapa getdi. 2015 ilində “Bir kamyon qorxu” kitabım təkrar çapa gedib, eyni zamanda ikinci kitabım "Sarayın son etirafları" oxucunun əlinə çatdı. Çox qısa zamanda satılıb qurtardı. Sevgi və sayqımla:

Rəna Zare

Məni sevgin böyüdür
və deyirlər sevmək itirməkdən
qorxmaqdır bir az.

***

Küt bıçaqdır ovçu gözlərin
öldürməyir|
ölümcül edir məni.

 

Şahgölünmdə qar yağır

Şahgölüdə qar yağır
Sərçələr barmaqlarımın ucundadır
Ayaqyalın uçur düşüncəm
Həmən o evdəsən
Gölün ortasındakı restorana baxır pəncərən
Sən başqa gözəlsən
Qarğaların qocalmağını
Tərk edilmiş balaca qayıqları
Qar altında donan peşmək ağaclarını
Daha yaxşı gördüyün üçün
Şahgölüdə qar yağır
Güney soyuğundan donan ağacların biriyəm
Qollarımda özgürcəsinə həsrət var
Və beləcə mənəm, pəncərəndən asılan buz parçası.
Bahar nə böyük qorxudur!
Şahgölüdə qar yağır
Böyük dədəm kürsü qurub fəvvarələrin olduğu yerdə
Uşaqlığım buz üstündə sürüşür
Nənəm qaryemişanı dağıdır gəlib getməyənə
Atam Şəhriyar oxuyur
Mən qardan adam,
Qardan qadın,
Qardan azadlıq yapıram
Sənə bənzəyir
əslində bütün gözlüklər səni görsədir
Şahgölüdə qar yağır
Nöqtə nöqtə oynayır beynimdə anılar
dizayn edirəm səni evimdə
yoxluğunu kürüyürəm damdan    
pəncərənə baxır Təbriz
və mənim dustaq divarıma
corabsız üşüyür asılmış arzular
fırlanıram səssiz
dəmpayilərim…  ağ!
Düşünsənə!
Nə özgür həyacandır
Şahgölüdə qar yağır…
– evdə, həyətdə geyilən başmaq

***

Qırmızı dikdabanlarını geydi
Dodaqlarını parıldatdı
Sırtıq gələcəyin arabasına mindi, şəhər!
İndi mən danışanda ağzım qoxuyur
İçimdə bir şair cənazəsi var..!

 ***

əllərim cibimdə
üşüyüb gözlərimdə çərçivələr
yanğın çıxıb kitablarımın yaşıl ormanında
tüstü basıb beynimin dar borularını
boğulub iyirmi beş yaşımdakı bakirə arzular
toxunmayacağam!
gələcək zamanı
atam deyib saxla zamanı!

***

Beynimdə tumurdur sevgin
Böyüdükcə çürüyür içim!

**

Anam başım üstündə keşik versə də (keşik çəksə də)
Qanıma sevgilər serumlasa da
Xəzan saçlarıma bahar gəlsə də
Sənsizlik sərətandır
Sonunda  öldürəcək..!
 – yəni sevgini dərman kimi damarıma vursa da
– xərçəng xəstəliyi

 ***

Məni Təbrizdən uzağa
Tehrandan Evinə1 süründürməyin
Ac gecələrimdə alma bitəcək
Qabar əllərimdə durnalar uçacaq
Gözlərimdə isə Araz-Araz balıq doğulacaq
Dustaq deyil bu
Azadlığa gedən bir kəsə yoldur!
– həbsxana

***

Atamın əllərində titrədi ürəyin
Qan ağladı qaraca balıqlar
Televizyonda unuduldu ləhcəli göz yaşın…  
Səssizcə qarışdın köhnə ölülərə!
Qaradağ!
sən əsdin
yorğun
Amma başı uca bir bayraq kimi!

 ***

Bal kimi daddım ürək qırılmağı
Gözlərin aydın!
Sən gedərkən körpüdən atıldı
Ürəyimdəki saray..!

***

Türkcəyə çevirəcəyəm bütün dərdlərimi
Nisgillərimi anlamayacaq özgələr
Darıxma fəlsəfəsini bir mən biləcəyəm
Bir də telefon kabinindən asılı qalan bir qərib əsgər!
Ürəyim qar altında donan qartal olacaq
Mən ölümlə türkcə salamlaşacağam!

 ***

Gir qanadlarımın altına
Ürəyimlə seviş
Ömür boyu uçmaram inan..!

***

Şeytanın daşını tök ətəyindən
Qışda odunsuz qıza yazığım gəlir
Ac yatan qonşumun evi Məkkədir
Tullama daşları!
Şeytan bizlərik..!

***

Keçmişim yazılarında quyruqlu yalan
Tarixim uşaqca bir riyazi oyunu
Olsun!
Öc almaq yaşamın birinci maddəsi
Qorxma
Birinci təbsərə:
Borclu  borclunun sağlığın istər!
– bənd

***

Saçlarım payızda tökülür
Yaralarını öpdüyüm quşlar köçür ürəyimdən
Yağış islanır göz yaşlarımda
Üşüyür kapşənim
Başmağımın yuxularına girir Şahgölü
Acığımdan otururam qarğaların oturduğu
ağac altında
Qurğuşun tökülür qorxularıma…
Ömrüm “simişkalaşır”
Qəmlərini çırtlayan oğlan əlində!
Payız tökülür duruşumdan
Ayaqlayırlar məni –
Xırç… xırç
Süpürürlər məni Təbrizin həyatından!
 isti qış üst geyimi

 ***

Sevdiyim dildə danışmalıyam
Sevdiyim sularda üzüb
Sevdiyim balıqla sevişməliyəm
Axar çayların sonu dənizdir
Şənbəsi gələcək azadlığımın,
Ana!
Sevdiyim dənizdə ölməliyəm!

***

Aynalarda oynadığım filmdir
gələcək
Səninlə realdır
Sən olmayınca acı bir komedi!

***

Bahalı arabalarda gözüm qaldı
Üstümə daşlandı palçıqlı sular
böyük evlərin günəşli balkonu
nə ürəksıxıcıdır gözlüklə baxışın
özgür ölkələrin inqilab səsi
lay-lay oxuyur evdə yatanlara
xırıldayıb yıxılır gözümdə Göy məscid
yoxluğu normal gəlir Urmu gölü tək
ədalətli bir buluşum oldu!
şairlik vətəndən payıma düşdü
nə anam bildi!
nə qəbir daşım!
kimini ayrılıq
kimini həsrətlər qocaltdı, ana!

***

Təbrizi çiynimə atıram
dırmaşıram Vətən duruşlu ürəyindən
gözlərini cütləyibsən Xançobanın qapısına
alsana!
Çiynimdəki nübarımda
saraydolusu nisgil gətirmişəm..!

***

mehrin biri gələcək
ata su verəcək,
ata çörək verəcək
ləhcəsiz yazacağam qara taxtaya
evdə qalmadı dilim
yağış altında gətirdi ata..!
-İranda dərs ilinin başlandığı gün

***

nə gömrüklər,
nə qırmızı-mavi işıqlar,
nə vizasız gələcəklər,
nə dar ağacları qorxudur məni
azadlığı çuğullayacağam ölkədən ölkəyə
salam, quşlar!
insan olmaqdan cana gəlmişəm!

***

zəhərləməyin damarlarımı
yaşıla,
mora!
boyamayın məni
yuxlatmayın baxçamızda günəbaxan gülləri
acı çaysızlamışam qürbət axşamında
sarala-sarala qalmaqdansa
qızara-qızara ölmək yaxşıdır! 

13:55